Şamaxıda yol polisi sürücünü döyüb xəstəxanalıq etdi - İDDİA (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Şamaxıda yol polisi sürücünü döyüb xəstəxanalıq etdi - İDDİA (YENİLƏNDİ)

“Fərdi avtomobil idarə edən sürücü siqaret çəkdiyinə görə cərimələnə bilməz”.

Bu sözləri Publika.az-a açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Şamaxı rayon Dağ Bağırlı kənd sakini Ruslan Feyzullayev sükan arxasında siqaret çəkdiyinə görə yol polisi tərəfindən saxlanılması xəbərinə münasibət bildirərkən deyib.

K.Əliyev faktla bağlı tam məlumatının olmadığını, lakin müraciət edilibsə, mütləq araşdırma aparılacağını bildirib. Şöbə rəisi onu da vurğulayıb ki, qanunda fərdi avtomobil sürücüsünün siqaret çəkdiyinə görə cərimələnməsi nəzərdə tutulmayıb:

“İnzibati Xətalar Məcəlləsində ictimai nəqliyyat vasitəsini idarə edən sürücünün sükan arxasında siqaret çəkməsi ilə bağlı məsuliyyət var. Bu hallara qarşı da müvafiq icra hakimiyyəti orqanı olan ya Bakı Nəqliyyat Agentliyi, ya da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gəncə və Sumqayıt şəhərində də uyğun agentliklər tərəfindən məsuliyyətə cəlb edilə bilər. Fərdi avtomobillərdə siqaret çəkməyə görə heç bir qadağa və ona görə məsuliyyət nəzərdə tutulmayıb. Hər hansı sürücüyə siqaret çəkdiyinə görə protokol yazılması inandırıcı deyil. Ola bilər ki, həmin sürücünün başqa qayda pozuntusu var. Həmin şəxs müraciət edibsə, məsələ hərtərəfli araşdırılacaq və müvafiq tədbir görüləcək. Vətəndaşın saxlanılma və inzibati məsuliyyətə cəlb edilmə səbəbi araşdırılacaq. İnzibati Xətalar Məcəlləsində fərdi avtomobil sürücüsünün siqaret çəkməyə görə cərimələnməsi maddəsi nəzərdə tutulmayıbsa, yol polisi ona hansı əsasla məsuliyyətə cəlb edə bilər?”

Gülxar

***

Şamaxı rayonunda sürücü yol polisi əməkdaşı tərəfindən döyüldüyünü iddia edib.

İnsident ötən gün Şamaxı şəhərində qeydə alınıb. Rayonun Dağ Bağırlı kənd sakini, 1984-cü il təvəllüdlü Feyzullayev Ruslan Dizcan oğlu idarə etdiyi 15-BO-626 dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı yük avtomobili ilə hərəkətdə olarkən Şamaxı rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı, baş leytenant Fərid Məlikov tərəfindən saxlanılıb.

Ruslan Feyzullayev APA-ya bildirib ki, polis əməkdaşı onu avtomobil idarə edərkən siqaret çəkdiyinə görə saxlayıb və sənədləri yoxlayan zaman aralarında mübahisə yaranıb: “Sənədlərim qaydasında oldu və siqaret çəkdiyimə görə saxlanılmağımın qanunsuz olduğunu izah edərkən polis əməkdaşı Fərid Məlikov tərəfindən təhqir olundum. O, mənim sinəmə, ayağıma yumruq və ayaq zərbəsi vurdu. Avtomobilimdə olan qardaşım və əmim oğlu da hadisənin şahidləridir. Məni təcili yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparıblar. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 məlumat xidmətinə zəng edərək məlumat vermişik. Həkim müayinəsindən keçmişəm, şahidlərim var, məsələ araşdırılır”.

Yol polisi əməkdaşı, baş leytenant Fərid Məlikov sürücü yolda digər avtomobili ötmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün saxlanılıb və barəsində protokol tərtib olunub. “Sürücü siqaret çəkirdi, mən onu saxlayıb sənədlərini yoxladıqda o ağzı ilə siqaretin tüstüsünü üzümə vurdu. Ona dedim ki, mən özümü mədəni şəkildə polis zabiti kimi təqdim elədim, amma sən siqaretin tüstüsünü üzümə vurursan, etikan, mədəniyyətin olsun dedim. Mən onu siqaret çəkdiyinə görə saxlamamışam. Yalan deyir, mənə böhtan atır. Yol polisi avtomobilinin kamerasının qarşısında mən onu döyə bilmərəm. O əsəbi şəkildə mənimlə mübahisə yaratdı, onu sakitləşdirib yola saldıq, sonra gedib məndən şikayət edib. Mən cəriməni yazdım, o indi məni qəsdən şərləyir”.

Faktla bağlı araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm