5 yaşlı qızını öldürən ananın məhkəməsi : “Uşağı öldürmüsən, etiraf elə”
Bizi izləyin

Hadisə

5 yaşlı qızını öldürən ananın məhkəməsi : “Uşağı öldürmüsən, etiraf elə”

Qusar rayonunda 5 yaşlı qızını öldürməkdə ittiham olunan Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə şahid qismində Qusar rayon sakini Vahid Babayev ifadə verib.

Şahidin sözlərinə görə, təqsirləndirilən şəxsin həyat yoldaşı Bəxtiyar Ömərovla eyni kənddə yaşayıblar, qohumdurlar

Vahid Babayev deyib ki, mərhumun atası ona zəng edib, qızı Luizanın zəhərlənib öldüyü xəbərini çatdırıb. Şahid qeyd edib ki, Bəxtiyar ona Gülnarənin qızı döyməsi barədə də danışıb.

Suallara cavabda şahid deyib ki, Gülnarə Saypullayevanın qızını internata vermək fikrinə düşüdüyünü də eşidibmiş.

Təqdirləndirilən şəxs isə buna etiraz edib. Deyib ki, şahidin dedikləri yalandır. O, qızını heç vaxt döymədiyini, internata vermək niyyəti olmadığını söyləyib. Bu zaman şahid qismində dindirilən Vahid Babayev Gülnarə Seypullayevanı ittiham edib. Ona qızını öldürməsini səmimi etiraf eləməyi təklif edib.

Gülnarə Seypullayeva isə şahidlə mübahisə edib və bir daha doğma qızını öldürmədiyini bəyan edib. Hakim onları sakitləşdirib.

Növbəti proses noyabrın 1-də davam edəcək.

İttihama görə, 2017-ci il iyunun 14-də Qusar rayonunun Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva 5 yaşlı qızı Luizanın qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının zəhərlənərək öldürüldüyü müəyyənləşib. Şübhəli şəxs qismində dindirilən Gülnarə Saypullayeva ilkin ifadəsində qızını ilan sancdığını deyib.

Amma ekspertizanın rəyindən sonra məlum olub ki, uşaq zəhərlənib. Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşağa içirtdiyini bildirib.

Gülnarə Seypullayeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm