Fədayə Laçın "Qoca" ilə qaçmaq istəyib - TƏFƏRRÜAT - (YENİLƏNİR)
Bizi izləyin

Hadisə

Fədayə Laçın "Qoca" ilə qaçmaq istəyib - TƏFƏRRÜAT - (YENİLƏNİR)

İfaçının bacısı İlahə Fəda Baş Prokrorluğun açıqlamasından sonra Xəbərçi.az-a xəbəri təsdiq edib.

"İnanın Allaha nə mənim, nə bacımın heç vaxt cinayətkarlarla salam-kəlamımız olmayıb. Biz elə insanlar deyilik. Bacım ordan çıxacaq, mən buna inanıram. Haqq - ədalət yerini tutacaq. Səhərdən anamın, mənim halımı bir bilsəz. Mənim bacım müğənnidir, bəlkə cinayətkarlar toyda onunla şəkil çəkdirib, sonra hansısa məqsədlə bu fotolar üzə çıxıb. Və ya onun tanışlarıdır. Hər birimizin başına gələ bilər belə hadisə ... Ona görə də kimisə qınamayın".

***

Müğənni Fədayə Laçının həbsinin təfərrüatları məlum olub.

Musavat.com xəbər verir ki, müğənni qaçan məhbuslardan "Qoca" ləqəbli Etibar Məmmədovun yanında olub. Belə ki, "Qoca" ləqəbli kriminal avtoritet oktyabrın 23-də qatardan qaçdıqdan sonra Ağstafaya gedib.

O, Ağstafa ərazisindən keçərək qeyri-qanuni yolla ölkədən qaçmaq istəyib. Bu məqsədlə "Qoca" Ağstafa rayonunun Poylu qəsəbəsinə gəlib. O, "Opel" markalı taksi ilə qəsəbəyə gələn zaman maşında bir nəfər qadın da olub.

Gecə saatlarında Qəsəbədə Kür çayının üzərində yerləşən körpüdən keçən zaman polis əməkdaşları tərəfindən maşın saxlanılıb. Bildirək ki, məhbuslar qaçdıqdan sonra Bakıda və bölgələrdə polis gücləndirilmiş iş rejiminə keçib və postlar qurulub.

Polis əməkdaşları taksi sürücüsünün sənədlərini yoxladıqdan sonra sərnişinlərdən birinin özünü şübhəli apardığını görüblər. Bu zaman polis əməkdaşları "Qoca"dan sənədlərini istəyiblər.

Bu vaxt taksi sürücüsü maşını sürətlə əks istiqamətə sürərək hadisə yerindən qaçıb. Polis əməkdaşları qaçan maşını təqib ediblər. Sürücü maşını rayonun mərkəzi hissəsinə, oradan da Poylu kəndinə doğru sürüb. Ara yollardan birində dalana girdiyindən yolu davam etdirə bilməyib və maşını saxlayıb.

Bu zaman "Qoca" maşından düşərək qaçmağa başlayıb. Polis əməkdaşları sürücü və qadını saxlasalar da, "Qoca" meşəlik əraziyə qaçaraq izini itirib.

Hazırda həmin ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılır. Rayon mərkəzində və kəndlərdə axtarışda olan "Qoca"nın fotoları vurulub.

Sürücü və qadın həmin gün Bakıya gətiriliblər. Sürücünün kimliyi barədə məlumat yoxdur. Amma onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Məlumata görə, həmin qadın müğənni Fədayə Laçındır. Onun barəsində də həbs-qətimkan tədbiri seçilib.

***

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Fədayə Laçının həbs olunması xəbərini Axar.az-a təsdiqləyib.

"Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib", - E.Sultanov bildirib.

Eldar Sultanov bununla bağlı ictimaiyyətə rəsmi açıqlamanın veriləcəyini deyib.

Qeyd edək ki, Fədayə Laçının bacısı İlahə Fəda bəzi saytlara açıqlamasında məlumatın yalan olduğunu və bu xəbəri yayan saytları məhkəməyə verəcəklərini deyib.

***

Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçının (Məmmədova Fədayə Baris qızı) həbsi ilə bağlı bəzi detallar üzə çıxıb.

Fədayə Laçın 304. 2.1 maddəsi (Qabaqcadan əlbir olaraq həbs yerindən və ya mühafizə altında olanlara qaçmağa kömək etmə) ilə həbs olunub. O, mütəşəkkil dəstənin üzvü olub. Mütəşəkkil dəstə üzvləri arasında müğənnidən başqa Günay Atakişiyeva adlı qadın da olub.

Müğənni hazırda axtarışda olan Etibar Məmmədovun tapşırığı ilə dəstə üzvlərinə açar və qaçış üçün alətlər verib və dustaqların qaçmasına yardım edib. Bu qaçış uzun müddət əvvəl planlaşdırılıb. (musavat.com)

***

Azərbaycanda tanınmış xanım müğənni həbs edilib.

Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

F. Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm