Sabiq nazir müavininin qohumu MƏHKƏMƏ QARŞISINDA - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Sabiq nazir müavininin qohumu MƏHKƏMƏ QARŞISINDA - YENİLƏNDİ

Prosesdə zərərçəkmiş Namiq Mehdiyev ifadə verib.

Publika.az-ın xəbərinə görə, o bildirib ki, Rahib Hüseynov onun 30 min 500 dollar pulunu dələduzluq yolu ilə ələ keçirib.

Hakim deyib ki, ittiham aktında Rahib Hüseynov zərərçəkmiş N.Mehdiyevə qarşı 52 min manatlıq dələduzluq edib.

Namiq Mehdiyev də qeyd edib ki, təqsirləndirilən şəxs ona həmin pullardan az miqdarda pul qaytarıb: “Rahib mənə demişdi ki, guya iş qurub, pul qazanacağıq. Qazancın da 50 faizini böləcəyik. Sonra Rahib sözünə əməl etmədi. Uşağım xəstədir. Onun qapısına gəldim ki, pul versin. Vəkil Sevil xanım sadəcə bildirdi ki, “Allah şəfa versin”. Hazırda mənə dostlarım yardım edir. Uşağım şikəst oldu. Bu adam mənim pulumla xarici maşında gəzir. Mən isə küçələrdə qalmışam”.

Zərərçəkmiş söyləyib ki, onun şikayəti əsasında Rahib Hüseynov Binəqədi rayon Polis İdarəsində saxlanılıb, sonra isə azadlığa buraxılıb: “Onun ölkədən çıxışına qadağa qoyulub”.

Rahib Hüseynov bildirib ki, 2016-cı ilin oktyabrında barəsində cinayət işi başlanılıb, bir ay sonra isə həbs edilib. Daha sonra azadlığa buraxılıb.

Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin edilib.

***

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Publika.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub.

Daha sonra dövlət ittihamçısı ittiham aktını ekan edib.

İttihama görə, Rahib Hüseynov külli miqdarda əmlakı ələ keçirib. O, zərərçəkmiş Qoşqar Zeynalovun 4 milyon 300 min manat pulunu alıb və Azərbaycan Dəmiryolları QSC-yə yataq dəstləri gətirmək adı ilə aldadıb.

Bundan başqa, Rahib Hüseynov vətəndaş Namiq Mehdiyevə də qarşı dələduzluq edib.

Elan olunmuş ittiham üzrə Rahib Hüseynov özünü təqsirli bilmədiyini deyib.

Rahib Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Rahib Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilir. Onun barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmədə araşdırılır.

Emil Hüseynov Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb.

Cinayət materiallarına əsasən, Emil Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Barəsində həbs qətimkan tədbiri seçilən Emil Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib, Emil Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, Emil Hüseynov və Rahib Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm