İmdad Əlizadənin atasını öldürən şəxsə 5 illik həbs tələbi
Bizi izləyin

Hadisə

İmdad Əlizadənin atasını öldürən şəxsə 5 illik həbs tələbi

Bakıda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Azərbaycan Hava Yolları QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Publika.az-ın xəbərinə görə, bu gün Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyilə baş tutan prosesdə hadisədən 1 il 4 ay 18 gün sonra dünyasını dəyişmiş Qarabağ müharibəsi veteranı Əli Əliyevin oğlu, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadə təqsirləndirilən şəxsə 50-yə yaxın sual verib.

Seymur Qarayev sualların bir çoxuna cavab verməyərək imtina edib.

Sonra İmdad Əlizadə vəsatət verib. O, Daxili İşlər Nazirliyinin “Təhlükəsizlik Şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzindən hadisənin videogörüntülərinin əldə olunması üçün məhkəmə tərəfindən sorğu verilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub və dövlət ittihamçısı çıxış edib.

O, Seymur Qarayevin 3 il müddətinə sürücülük hüququndan məhrum edilmsini və onun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs qətimkan tədbirinin seçilməsini, zərərçəkmiş şəxslərin mülki iddialarının təmin olunması istəyib.

Prokuror həmçinin Seymur Qarayevin cəzasının ümümi rejimli cəza çəkmə müəssiəsində çəkməsini tələb edib.

Sonra çıxış edən İmdad Əlizadə bildirib ki, təqsirləndirilən şəxs tərəfindən barışıq əldə olunmayıb. O, Seymur Qarayevin sanksiyada göstərilən cəzanın ən yüksək həddinin verilmsini istəyib.

Seymur Qarayevin vəkili müdafiə çıxışına hazır olmadığını deyib və məhkəmdən vaxt istəyib.

Növbəti proses dekabrın 25-də davam edəcək.

İttihama görə, Seymur Qarayev 2016-cı ilin fevral ayının 14-də saat 06:50 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “GAC MİNİK” markalı avtomobil ilə Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olarkən yolun Z.Bünyadov prospekti 70A saylı ünvanın qarşısına düşən hissəsində yol hərəkəti qaydasını pozub.

Nəticədə piyadalar Əli Əliyev və Əliəskər Talıbovu vurub.

Baş verən qəza nəticəsində Əliəskər Talıbov tibbi yardım alıb, Əli Əliyevə isə uzun müddət tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzadan sonra Əli Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə “Avrasiya Hospital”da müalicə alıb.

Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Əli Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.

Əli Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardandır. 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.

Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Əli Əliyev və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film çəkilib. O, həmçinin “54 gün erməni mühasirəsində” kitabının müəllifidir.

Əli Əliyev altı övlad böyüdüb, o, tanınmış jurnalist İmdad Əlizadənin atasıdır.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm