Ağac binanı iki hissəyə böldü - Göyçayda külək ciddi FƏSADLAR YARATDI (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Ağac binanı iki hissəyə böldü - Göyçayda külək ciddi FƏSADLAR YARATDI (YENİLƏNDİ)

“Bu gün səhər saatlarından başlayan güclü külək nəticəsində şəhərin elektrin enerjisi ilə təchizatında yaranan problem 80 faiz aradan qaldırılıb”.

Bu barədə Publika.az-a Göyçay şəhər icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov deyib.

Onun sözlərinə görə, küləyin fəsadlarını aradan qaldırmaq üçün icra hakimiyəti başçısının tapşırığına əsasən Fövqəladə Hallar Komissiyası və şəhər nümayəndəliyi ilə birlikdə əraziyə baxış keçirilib:

“Yaranmış fəsadlar barədə aidiyyəti dövlət qurumlarına məlumatlar verilib. Güclü külək səbəbindən qırılan elektrik naqilləri rayonda enerji təchizatında problem yaratmışdı. Problemin böyük bir hissəsi aradan qaldırılıb”.

R.Şükürovun sözlərinə görə, güclü külək 6-7 binanın dam örtüyünü tamamilə sıradan çıxarıb:

“Bir binanın üzərinə çınar ağacı aşması nəticəsində iki hissəyə bölünmüşdü. Xoşbəxtlikdən həmin vaxt, orada heç kim olmayıb. Hazırda bina sakinlərinin kimliyini müəyyən etmək üçün iş aparılır. Bundan başqa, bir ağac fərdi avtomobil üzərinə aşıb. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin dam örtüyünü qoparıb. Bəzi binaların dam örtüyü ilə yanaşı fasadlarına da ziyan dəyib. Rabitə xətləri bəzi ərazilərdə sıradan çıxıb. Hazırda şəhər mərkəzində küləkli hava müşahidə edilib”.

***

Güclü külək Göyçay rayon mərkəzi və ətraf kəndlərdə ciddi dağıntılara səbəb olub.

Rayon İcra Hakimiyyəti Başçısının müavini İkram Vəliyevin Publika.az-a verdiyi məlumata görə, güclü külək binaların dam örtüyünü sıradan çıxarıb:

“Rayon mərkəzində qədim çinar ağacı bir yaşayış məntəqəsinin üzərinə aşıb, binanı iki yerə bölüb. Həmin bina yaşayış üçün tam yararsız haldadır. Külək səbəbindən ağaclar bir sıra ərazilərdə elektrik naqillərinin üzərinə aşıb. Rayon mərkəzində 2 ədəd 10 Kv.lıq xətt qırılıb, nəticədə həmin ərazilərdə yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatında çətinlik yaranıb”.

Onun sözlərinə görə, bir sıra ərazilərdə elektrik enerjisinin verilişi bərpa edilsə də, rayon mərkəzi və ətraf kəndlərin bəzilərində hələ də problem qalmaqdadır.

İ.Vəliyev bildirib ki, hazırda rayon icra hakimiyyətinin nümayəndələri ərazidədir:

“Onlar güclü külək səbəbindən dağıntı baş verən ərazilərə baş çəkir, dəyən ziyanın məbləğini müəyyən edirlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm