“2 milyon söhbətini elə-belə demişəm...” – Professorun evinə basqın
Bizi izləyin

Hadisə

“2 milyon söhbətini elə-belə demişəm...” – Professorun evinə basqın

Bakıda quldurluqda təqsirli bilinən Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin cinayət işi üzrə məhkəmə keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Firdovsi Əliyev 2 ay müddətinə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində o, 5 dəfə məhkum olunan Anar Əmirovla görüşüb, professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib.

Həmçinin deyib ki, Kamal Abdullayev bu yaxınlarda klinikasını böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb.

Anar Əmirov isə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi bu işə cəlb edib. Bir müddət Kamal Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər.

Hadisədən bir neçə gün öncə Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib.

Görüşdə verilən qərara əsasən, anten məlumatlarından yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında Elməddinə veriblər. O, telefonlarla birgə orada dəstənin digər üzvlərini gözləyib. Həmçinin, onlar Bərdə rayonuna getmək üçün taksi da danışıblar.

Anar Əmirov, Natiq Musayev və Bəhruz Hacızadə isə oradan çıxaraq, Rəsulzadə qəsəbəsində yaşayan Kamal Abdullayevin evinə yollanıb.

Anar hasardan keçərək içəridən darvazanı açıb. Oğruları qarşılayan alman “ovçarka”sını bibər qazı ilə uyudublar. Daha sonra maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb, çöldən pəncərəni açıb içəri giriblər.

Yatmış vəziyyətdə olan Kamal Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamutla bağlayıb, onları dəmir tapança və bıçaqla hədələyiblər.

Dəstə üzvləri ev sahibindən 2 milyon pulun yerini soruşublar, lakin Kamal Abdullayev o qədər pulu olmadığını deyib. Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, 1 ədəd “iPhone”, 2 ədəd “Samsung”, 20 min manatlıq “Franck Muller” qızıl saatı, Kamal Abdullayevə məxsus qaz tpançası və suvenir bıçağı götürüblər. Oğruluğa gələnlər ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.

İttihama münasibət bildirən Anar Əmirov, Natiq Musayev və Bəhruz Hacızadə özlərini qismən təqsirli biliblər, digərləri isə təqsirlərini boynuna alıblar.

Məhkəmədə sərbəst ifadə verən Anar Əmirov bildirib ki, Elməddin Musayevlə Firdovsi Əliyevin evə basqından xəbərləri olmayıb: “Hadisədən 2-3 ay əvvəl Kamal Abdullayevin xəstəxanasının qarşısında Firdovsi ilə qarşılaşdım. Maaşını almaq üçün gəlmişdi, daha 2 ay onu görmədim.

Mən Kamalın evinə girməyi Natiqlə müzakirə eləmişəm. İkimiz evə baxdıq, amma qərara gəldik ki, 2 nəfər evə girə bilmərik. Sonra Bəhruz da bizə qoşuldu. Mən 2 milyon söhbətini elə-belə demişəm, evdə nə qədər pul olduğunu bilmirdim. Sonra üçümüz evə girdik, Bəhruz pəncərəni açdı. Mən qadına, Natiq isə kişiyə yaxınlaşdı. Qadın qışqıraraq səs-küy-salmaq istədi. Ona dedim ki, səninlə işimiz yoxdu. İki-üç dəqiqə sonra nəsə partlayış oldu, silah açıldı. Kişi qaz tapançası ilə Natiqi sinəsindən vurdu. Qadının ürəyi sıxıldı, mən onu otaqdan çıxardım. Sonradan Kamaldan tapançanı da, xəncəri də aldıq.

Maskanı təkcə mən geyinmişdim. Özümüzlə qaz balonu götürmüşdük, amma istifadə etmədik. Həyətdəki itə də heç nə etmədik, çünki bizi görüb gedib pilləkəndə uzandı. Hələ biz buna güldük də..."

Anar Əmirov qeyd edib ki, onlar professor və onun həyat yoldaşının əl-ayağını bağlamayıblar: "Kamaldan pulun yerini soruşdum, dedi, aşağıdadır. İki konvert var idi, biri dollar, biri manat. Saymadan götürdüm. Sonra baxdıq ki, 5 min dollar, 2200 manat idi. Ondan 3300 dollar və 1200 manat Natiqə verdim, qalanını özümə götürdüm. Ətiri, kəməri, saatı mən yox, Natiq götürüb. Heç onlardan xəbərim olmayıb.

Biz evdə təxminən 15 dəqiqə qaldıq, çıxanda təkcə kişinin ayaqlarını bağladıq ki, arxamızca gəlməsin. Onları döyməmişik. Sonra da avtovağzala gedib taksi ilə rayona yollandıq. Mənim telefonum avtovağzalda yox, Biləcəridə qaldığım evdə olub”.

Digər təqsirləndirilən Firdovsi Əliyev həbs olunmamışdan öncə yalnız Anar Əmirovu tanıdığını deyib. Kamal Abdullayevin yanında 2 ay sürücü işlədiyini qeyd edən təqsirləndirilən şəxs bildirib ki, bu müddət ərzində işlədiyi üçün Kamal Abdullayev ona pulunu verməyib: “Həmin gün maaşımı almaq üçün gəlmişdim. Oradan əsəbi çıxdım, Anarla qarşılaşdım. Hirsimdən Anara dedim ki, filan qədər pulu, maşınları var, amma mənim pulumu vermir. Bundan sonra heç nədən xəbərim olmayıb. Bir dəfə polisə çağırdılar, mən də getdim. Kamal Abdullayev 350 manat maaş verəcəkdi, onu da radarlara görə çıxmışdı”.

Növbəti proses aprelin 9-da davam edəcək.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm