DİN bu dələduzu tapa bilmir, “uçaskovı” susur - ŞİKAYƏT
Bizi izləyin

Hadisə

DİN bu dələduzu tapa bilmir, “uçaskovı” susur - ŞİKAYƏT

Xocavənd rayon sakini Elvin Quliyev avtomobilini satarkən dələduzluqla üzləşib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, o, avtomobilini 2012-ci ildə tanışı Elşən Nəbiyevə satsa da, pulunu hələ də ala bilməyib.

Dələduzluqla üzləşən Elvin Quliyev məhkəməyə müraciət edib. Məhkəmə onun xeyrinə qətnamə çıxarıb, amma qətnamə müvafiq dövlət qurumları tərəfindən icra olunmayıb.

Redaksiyamıza müraciət edən şikayətçi bildirib ki, “Mercedes-180” markalı avtomobili Bakı şəhərindəki 22 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş etibarnamə əsasında Bakı şəhər sakini Murad Həsənovdan satın alıb.

Şikayətçinin sözlərinə görə, sonradan pula ehtiyacı olduğu üçün həmin avtomobili satmaq qərarına gəlib: “Avtomobilimi satmağım barədə fikrimi uzun müddət tanıdığım Elşən Nəbiyevə bildirdim. Onunla avtomobilin qiymətini 6500 dollara razılaşdıq. İlkin olaraq Elşən mənə 1000 dollar verdi. Qalan 5500 dolları tezlikcə verəcəyini vəd etdi. Mən də avtomobili baş etibarnamə əsasında Elşənin sahibliyinə verdim”.

Şikayətçi qeyd edib ki, Elşən Nəbiyev ona 5500 manat borcu olması barədə öz xətti ilə iltizam yazıb verib: “Həmin vaxtdan indiyə kimi Elşən Nəbiyev mənə olan 5500 dolları qaytarmayıb. O, müxtəlif bəhanələrlə borcu qaytarmaqdan imtina edir”.

Şikayətçi bildirib ki, Elşən Nəbiyevin qanunsuz əməllərindən mülki qaydada Şəki rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Hakim Mehman Nuriyevin sədrliyi ilə baş tutan iclasda onun iddia ərizəsi araşdırılıb:

“Hakim sonda Elşən Nəbiyevdən 5500 ABŞ dollarının mənə verilməsi barədə qətnamə çıxardı. Qətnamə 2013-cü ilin oktyabrında icra olunması üçün Ədliyyə Nazirliyinin Şəki rayonu üzrə İcra şöbəsinə göndərilib. Qətnamə icra məmuru Elşən Ziyəddinovun icraatına verilib.

Elşən Ziyəddinov qətnamənin icra edilməsi üçün Şəki rayon Məhkəməsinə müraciət edib. Məhkəmə qətnamənin icrası üçün qərardad qəbul edib. İcra sənədlərinə görə, qətnamənin 10 gün müddətinə icra etməsi barədə borcluya vaxt verilməsinə baxmayaraq, bu günə kimi heç bir tədbir görülməyib.

Sonradan sənədlər Cəlal adlı başqa bir icra məmuruna həvalə edilsə də, yenə heç bir tədbir görülmür. Dəfələrlə Şəki rayon icra şöbəsinin rəisi Məzahir müəllimə müraciət etmişəm. Həmişə eyni cavab verilib ki, borclunu tapa bilmirik. Hətta deyirlər, borclunun tapılması üçün polis orqanlarına müraciət etmişik. Amma nəticə yoxdur”.

Şikayətçi qeyd edib ki, işinin həll edilməsini öyrənmək üçün dəfələrlə Məzahir müəllimə, həmçinin işi araşdıran icra məmuru Cəlal müəllimə müraciət edib:

“Bildirirlər ki, Elşən Nəbiyevi axtarışa veriblər. Onun tapılması üçün müvafiq sənəd Şəki şəhər polis şöbəsində inzibati polis bölmələrindən birinin sahə müvəkkili olan Hacı müəllimin icraatındadır. Sahə müvəkkili ilə telefon əlaqəsi saxlamağa dəfələrlə cəhd etsəm də, o, zənglərimə cavab vermir. Məmurlar işi süni olaraq uzadırlar. Bu səbəbdən qətnamənin icra olunması illərdir gecikir”.

Elvin Quliyev qeyd edib ki, Elşən Nəbiyev ölkə ərazisindədir: "Mobil telefonunda Azərbaycan nömrəsidir, Vatsapda qeydiyyatdadır, özünə də zəng çatır. Hər gün "onlayn" olur. Onu tapmaq əlaqədar orqanların əlindən çox asan işdir".

Şikayətçinin sözlərinə görə, Elşən Nəbiyevin üzərində başqa bir cinayət işi də var: "Barəsində olan həmin cinayət işində də o, dələduzluqda təqsirləndirilir".

Şəki rayonu üzrə icra şöbəsinin icra məmuru Cəlal Səfərli bildirib ki, Elvin Quliyevin işi ilə bağlı məhkəmə qətnaməsinin icra olunması istiqamətində tədbir görülür:

“Bu barədə Elvin Quliyevin özünə məlumat verilib. Hazırda borclu şəxs axtarışdadır. Onu taparaq qətnamədə qoyulan məsələni icra etmək mümkün deyil.

Elşən Nəbiyevin axtarışa verilməsi barədə qərarı Daxili işlər orqanlarına göndərmişik. Daxili işlər orqanları borclunu taparaq bizə təhvil verəndən sonra ondan pulu tələb edəcəyik”.

Hüquqşünas Toğrul Məmmədzadə bildirib ki, Konstitusiyanın 129-cu maddəsinin I və II hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir:

“Məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydalarını və şərtlərini isə “İcra haqqında” Qanun müəyyən edir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” qanuna əsasən, borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya əmlakının olduğu yerdə həyata keçirilir”.

Hüquqşünas bildirib ki, icra məmuru müvafiq sənədi aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və sənəddə göstərilən tələblərin icra olunmasını təmin etməlidir:

“Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında, icra xidmətinin rəhbəri tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Lakin icra sənədinin icrası daha uzun müddət çəkə bilər. İcra məmuru icraata başlama haqqında qərar qəbul ediləndən sonra onu tərəflərə göndərir və borcluya könüllü icra üçün 10 gün vaxt verir. Verilən müddətdə borclu sənədi icra etmədikdə məcburi tədbirlərə başlanılır”.

Toğrul Məmmədzadənin sözlərinə görə, məcburi icra tədbirlərinə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka, borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə, eləcə də borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülərək tələbkara verilməsi aiddir: “Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası qanunun 45-ci maddəsi ilə tənzimlənir. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir.

İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Onun banklarda və digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərinin və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur”.

Hüquqşünas qeyd edib ki, borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsü və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir: “Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Borclunun axtarışda olması icraatın dayandırılmasının mümkün olduğu haldır.

İcraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra tələbkarın ərizəsinə və ya icra məmurunun təşəbbüsünə əsasən müvafiq məhkəmə icra sənədi üzrə icraatı təzələyir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.

Hüquqşünas bildirib ki, borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilmədiyi halda icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun inzibati xəta haqqında protokol tərtib edir: “İcra məmuru həmin protokolu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən borcluya bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati məsuliyyətə cəlb olunandan sonra da icra sənədini qərəzli olaraq icra etməyəndə onun cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılır.

Bu zaman borclu barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə istintaq aparılır, ittihamedici hökm çıxarılır. Onu da qeyd edim ki, inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi borclunu icra sənədinin icrasından azad etmir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm