Məhkəmə “Piter Elçin”in qardaşını öldürən şəxs barəsində QƏRAR VERDİ
Bizi izləyin

Hadisə

Məhkəmə “Piter Elçin”in qardaşını öldürən şəxs barəsində QƏRAR VERDİ

Kriminal aləmdə “Piter Elçin” ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu qətlə yetirməkdə günahlandırılan Lənkəran şəhər sakini, 1993-cü il təvəllüdlü Murad Quluzadənin barəsində olan məhkəmə qərarından verilən protestə baxılıb.

Publika.az xəbər verir ki, Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan prosesdə prokurorun verdiyi protest əsasında qərar elan edilib.

Qərara görə, prokurorun protesti təmin edilib. Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

İttihama görə, 26 sentyabr 2012-ci il tarixdə Rusiya paytaxtı Moskva şəhərində Murad Quluzadənin əmisi oğlu Amil Quliyev öldürülüb.

Murad Quluzadə əmisi oğlunun ölümündə Lənkəran rayonunun Boladi kənd sakini, 1979-cu il təvəllüdlü Fariz İsmayilovun iştirakı olduğunu güman edib və qisas məqsədilə onu öldürmək qərarına gəlib. Həmin cinayəti törətməyə hazırlıq tədbirləri çərçivəsində 1 dekabr 2016-cı il tarixdə VAZ-2106 markalı avtomaşını etibarnamə əsasında 1300 manata alıb.

İstintaqa məlum olmayan mənbədən qanunsuz əldə etdiyi, atəş üçün yararlı, yivli odlu silah olan 9 mm kalibrli, İsraildə istehsal olunmuş “Mini Uzi” markalı səsboğucuya malik tapança-pulemyotu və istifadəyə yararlı eyni kalibrli 32 patrondan ibarət döyüş sursatını maşında saxlayıb.

Daha sonra Murad Quluzadə Masallı şəhəri, Qarabağ küçəsi, 2/4 ünvanında yerləşən fərdi yaşayış evini bir aylıq 200 manata kirayə götürüb. Həmin evdə müvəqqəti yaşamaqla Masallı rayonu ərazisində müşahidə aparıb, Fariz İsmayılovu izləyərək, onun hərəkət marşrutunu müəyyən edib.

Fariz İsmayilov mağazadan çıxaraq maşınına əyləşəndə ona silahla basqın edib. Tapança-pulemyotdan Fariz İsmayilova fasiləsiz olaraq 24 atəş açıb.

Fariz İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Murad Quluzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Quluzadənin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi həmin məcəllənin 120.1-ci maddəsinə tövsif edilib.

Məhkəmənin hökmü ilə Murad Quluzadə 14 il azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verərək cəzanın ağırlaşdırılmasını istəyib. Həmçinin Murad Quluzadə də cəzasının yüngülləşdirilməsi barədə apelyasiya şikayəti verib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə həm prokurorun protesti, həm də təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan prokuror Ali Məhkəməyə kasasiya protesti ilə müraciət edib.

Qeyd edək ki, Fariz İsmayılovun 4 qardaşı olub. Onların böyük qardaşı kriminal aləmdə nüfuza malik olan “Piter Elçin” ləqəbi ilə tanınan Elçin İsmayılovdur. İki qardaş isə kriminal davada öldürülüblər.

İlk olaraq qardaşlardan Maarif 2015-ci ilin iyununda Sankt-Peterburqun əsasən azərbaycanlıların nəzarətində olan Sofiysk meyvə-tərəvəz bazarında güllələnərək qətlə yetirilib. Bu hadisədən bir il keçməmiş isə Fariz İsmayılov güllələnib.

Piter Elçindən başqa sağ qalan digər qardaş isə xəstəlikdən əziyyət çəkir və hazırda doğulduğu Lənkəran rayon Boladi kəndində yaşayır.

Onu da qeyd edək ki, Piter Elçin Rövşən Lənkəranski ilə düşmən münasibətdə olub. Rövşən Lənkəranskiyə yaxın olan avtoritetlərdən biri Piter Elçinin qardaşını Rusiyada döyməkdə suçlanıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm