Taekvondoçu Fəridə Əzizovanın mənzilindən oğurluq edənlər MƏHKƏMƏDƏ: "Tək boynuna alma"
Bizi izləyin

Hadisə

Taekvondoçu Fəridə Əzizovanın mənzilindən oğurluq edənlər MƏHKƏMƏDƏ: "Tək boynuna alma"

Məşhur xanım idmançı Fəridə Əzizovanın evindən oğurluq etməkdə təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcova növbəti dəfə hakim qarşısına çıxarılıb.

Onların cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsinə davam etdirilib.

Hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rəna Fərəcova ifadə verib.

O, təqsirləndirilən Nərgiz Fərəcovanın anası olduğunu bildirib. R.Fərəcova deyib ki, zərərçəkmiş Fəridə Əzizova ilə ailəvi dost olublar.

Hadisə barədə bildiklərini danışan şahid bunları deyib: "Fəridə xaricə gedəndə açarı qızım Nərgizə vermişdi. Nərgiz onun pişiyinə baxırdı. Nicatla qızımın çoxdan tanış olduğunu bilirdim. Sevgili olmalarından isə bu hadisə baş verəndən sonra xəbərdar oldum. Nicat bizim evdə bir dəfə olub. Hadisədən sonra qızım dedi ki, Nicat Fəridənin evinin açarını cibindən götürüb. Nicatın oğurluq hadisəsindən sonra pulu gətirib, qaytarmasını istədik"

Şahid deyib ki, Nicatın Türkiyəyə getdiyini biləndən sonra onun arxasınca gedib: "Mən eşidəndə ki, Nicat Türkiyədə tutulub, özüm ora getdim. Türkiyədə Nicatdan hadisə barədə soruşdum. Nərgizin hadisədən xəbərsiz olduğunu, qızımı da aparıb, evlənmək istədiyini bildirmişdi. Ölkəyə qayıdanda bu barədə polisə məlumat verdim".

Hakim elan edib ki, Nərgizlə Nicatın mesajlaşmasında başqa təfərrüatlar var. Nərgiz indi hadisədən xəbərsiz olduğunu desə də mesajlarda Nicata seyfin şifrəsini, pulun məbləğini deyibmiş. Hətta ölkədən qaçmaq barədə də danışıblar. Deyiblər ki, məbləğ azdır, əgər qaçsalar bu pulla Türkiyədə yaxşı yaşaya bilməyəcəklər.

Daha sonra şahid qismində Yaqut Fərəcova dindirilib. Təqsirləndirilən Nərgiz Fərəcovanın bacısı olan Yaqut zərərçəkmiş Fəridə Əzizova ilə rəfiqə olduğunu, birlikdə təhsil aldıqlarını deyib.

Söyləyib ki, hadisə zamanı Fəridə ilə birgə xaricdə təlim məşq toplanışında olublar. Yaqut deyib ki, Fəridənin seyfinin kodunu bilib, amma bacısına deməyib: "Fəridə hadisə barədə biləndə onun yanında idim. Sonra bacımın da adı bu işdə keçəndən sonra Fəridəyə söz verdim ki, Nənəmin evini satıb pulunu qaytaracam. Elə də etdik".

Həbs edilən Nicatın anası Nurlana İsrafilova da şahid qismində ifadə verib.

O, oğlunun günahkar olduğunu deyib. Söyləyib ki, oğlu onun sözünə qulaq asmayıb və doğru yol tutmayıb:"Vəziyyətimizi yaxşı bilirdi. Mən onu zülmlə böyütmüşəm. İstəyirəm azadlığa çıxsın, Fəridə xanımın pulunu qaytarsın. Onu bu işə kim təhrik edirsə, o eləsin. Hadisədən sonra Nicat evə 2000 manat pul göndərib, borclarının qaytarılması istədi. Onun çoxlu borcu var idi. Həmin pulun hardan gəldiyini bilmirdim. Mən Nicatın Nərgizlə evlənməsini istəmirdim, buna görə narazı idim. Amma sonra gördüm əl çəkmir. Dedim get, onunla yaşa".

Ana oğlu N.İsrafilovun bu cinayəti törətməsində Nərgiz Fərəcovanı ittiham edib: "Oğlumu Nərgiz yoldan çıxardıb. İndi pulu qaytarsınlar, oğlum da azadlığa çıxsın. Qapının açarını da oğluma Nərgiz verib. Əlimdə sübutlar da var. Oğlum evdən apardığı pulları nə etdiyini də bilmirəm. Bu barədə mənə heç nə deməyib. Nicat daha əvvəl həbs olunanda onu da Nərgiz elətdirmişdi".

Nurlana İsrafilova oğlundan cinayəti tək boynuna almamasını istəyib. Oğluna deyib ki, hər şeyi doğru danışsın.

Nicat isə anasına "yaxşı, bəsdir" deyərək cavab verib.

Məhkəmənin növbəti iclası avqustun 20-də davam etdiriləcək.

Xatırladaq ki, ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonundakı mənzilindən seyf oğurlanıb.

Bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib. Daha sonra Nərgiz Fərəcova ev dustaqlığına buraxılıb.

Məlum olub ki, Nərgiz Fərəcova idmançı Fəridə Əzizovanın rəfiqəsinin bacısıdır.

Xatırladaq ki, F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Baкı şəhərində Avropa Çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb. (musavat)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm