Gəncədə arvadını və qayınatasını öldürən şəxs tutuldu - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Gəncədə arvadını və qayınatasını öldürən şəxs tutuldu - (YENİLƏNDİ)

Gəncədə arvadı və qayınatasını öldürən şəxs tutulub.

Gəncə şəhər prokurorluğundan Publika.az-a verilən məlumata görə, avqustun 18-i saat 01 radələrində Daşkəsən rayonu, Xoşbulaq kənd sakini, 1990-cı il təvəllüdlü Məsim Məmmədovun ailə-məişət münasibətləri zəminində qayınatası Namiq Əkbərovu və arvadı İlahə Əkbərovanı qəsdən öldürmək məqsədilə sonuncuların Gəncə şəhərində yaşadıqları ünvana gələrək odlu silahdan atəş açmaqla öldürərək hadisə yerindən özünə məxsus avtomobillə qaçması faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən M.Məmmədov Daşkəsən rayonu ərazisində valideynlərinə məxsus gizləndiyi evdə tutularaq istintaqa təhvil verilmişdir. Tutulan zaman cinayətin aləti olan ov tüfəngi M.Məmmədovun üzərində aşkar edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Gəncə şəhərində ata və qızı odlu silahla qətlə yetirilib.

Hadisə şəhərin Bağmanlar küçəsi, birinci döngə, ev 1-də baş verib.

1990-cı il təvəllüdlü Məsim Məmmədov 62 yaşlı qayınatası Əkbərov Namiq Rəcəb oğlunun evinə gələrək onu, həmçinin ata evində olan 1991-ci il təvəllüdlü həyat yoldaşı Əkbərova İlahə Namiq qızını odlu silahdan atəş açaraq qətlə yetirib. Atəş zamanı pəncərə şüşəsinin qırılaraq yerə tökülməsi nəticəsində onun 1969-cu il təvəllüdlü qayınanası Əkbərova Arzu Zəfər qızı xəsarət alıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, cinayəti törədən M.Məmmədov hadisə yerindən qaçıb. Hazırda onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

İlkin məlumata görə, ötən gün M.Məmmədovla İ.Əkbərova boşanma ərəfəsində olublar. Lakin təyin edilən məhkəmə prosesi təxirə salınıb. Qətlə yetirilən Namiq Əkbərov həkim olub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm