“ASAN xidmət”də işə qəbul etdirmək adı ilə vətəndaşlardan pul alanlar həbs olundu
Bizi izləyin

Hadisə

“ASAN xidmət”də işə qəbul etdirmək adı ilə vətəndaşlardan pul alanlar həbs olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar çərçivəsində uğurla icra edilən işlərdən biri kimi son illər ölkədə sabitliyi təmin edən və baş verən dəyişikliklərə uyğunlaşan çevik və səmərəli dövlət mexanizminin qurulması, dövlət idarəçiliyində ədalətli və aşkarlıqla həyata keçirilən kadr siyasəti, təcrübəyə və intellektə malik dövlət qulluqçularının müsabiqə əsasında seçilib yerləşdirilməsi, vətəndaşların məşğulluğu məsələlərində dövlət strukturları və peşəkar qurumlar arasında münasibətlərin inkişaf etdirilməsi, bütün sahələrdə peşəkar və səriştəli kadrların hazırlanması, qulluqda irəli çəkilmə üzrə şəffaflıq və rəqabətliliyin təmin olunmasında əhəmiyyətli irəliləyişlərə nail olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərindən Publika.az-a daxil olan birgə məlumatə görə, şəffaf prosedurlar əsasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasına göstərilən dövlət dəstəyindən sui-istifadə halları müşahidə olunur ki, onlara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı “ASAN xidmət” Mərkəzində işə qəbulla bağlı vətəndaşlardan qanunsuz pul tələb edilməsi barədə Baş Prokurorluğa daxil olmuş vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Dövlət Agentliyi ilə birgə aparılmış araşdırmalarla Nurəddin Quliyevin Zakir Məmmədov və Yasin Məmmədovla bir qrup şəxs halında ayrı-ayrı tanışlarını vəzifəli şəxsə rüşvət verilməklə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqə və müsahibədən kənar “ASAN xidmət” mərkəzində işə qəbul etdirəcəyinə inandırıb ümumilikdə 20 min manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə, başqasını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı N.Quliyevin qulluq mövqeyindən istifadə edərək “Ayla LTD”, “Elvin İnşaat Servis” MMC-lərinin təsisçisi Ədalət Zaidov və Rauf Əzizovla əlbir olaraq Məhərrəm Əliyevin evini banka girov qoyub 100 min manat pul alacağını vəd edərək buna görə banka ilkin olaraq 15 min manat pul ödənilməli olduğunu bildirib onların vasitəsilə sonuncudan həmin məbləğdə pulu ələ keçirib dələduzluq etməsinə də əsaslı şübhələr müəyyən edilib.

İstintaqla həmçinin, N.Quliyevin Ə.Zaidov və R.Əzizovla birlikdə tikinti layihəsinin həyata keçirilməsi üçün pula ehtiyac olduğunu yalandan İlqar Qədimova bildirirək 18 min manat pulu alıb təkrarən dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə N.Quliyev, Z.Məmmədov və Y.Məmmədova Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.3 (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Y.Məmmədovun Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınıb, Ə.Zaidova isə həmin Məcəllənin 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İstintaqdan yayındığına görə R.Əzizov barəsində axtarış elan edilərək sonuncu barəsində cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrılıb, digərləri barəsində isə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin əməllərinin dairəsinin müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ölkə vətəndaşlarına müraciət edərək bildirir ki, Dövlət Agentliyi və tabeliyində “ASAN xidmət” mərkəzlərində işə qəbul şəffaf və qanunvericiliyə uyğun şəkildə həyata keçirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkə vətəndaşlarına müraciət edərək yuxarıda qeyd edilən şəxslər tərəfindən rüşvət tələb edilməsi və digər qanunazidd hallarla qarşılaşdıqları halda, bu barədə təxirəsalınmadan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və ya 361-11-76, 361-11-48 nömrəli telefonlara məlumat verilməsini xahiş edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm