Amaliya Pənahova dəfn olundu - FOTO/VIDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Amaliya Pənahova dəfn olundu - FOTO/VIDEO - (YENİLƏNDİ)

Azərbaycanın xalq artisti Amaliya Pənahova“Qurd qapısı” qəbiristanlığında torpağa tapşırıldı.

***

Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi başa çatıb.

Amaliya Pənahova alqış sədaları altında son mənzilə yola salınıb. A.Pənahovanın cənazəsi teatrdan “Qurd qapısı” qəbiristanlığına aparılıb.

Aktrisanın vəsiyyətinə əsasən həyat yoldaşı, Xalq artisti Yusif Muxtarovun yanında dəfn olunacaq.

***

Mərasimdə baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib. Nazir aktrisanın ölümünün Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük itki olduğunu deyib. "Belə sənətkarların əvəzləyicisi olmur” deyən Nazir Əbülfəs Qarayev aktrisanın yaradıcılıq yolundan bəhs edib:

“Cəmiyyətdə böyük nüfuzu olan Amaliya Pənahova öz istedadını bölüşmək qabiliyyətinə malik insan idi. O, ictimai sahədə də öz əziyyətini əsirgəmədi, Milli Məclisin üzvü oldu, komissiyanın işində çox fəal iştirak edirdi. Azərbaycan sənəti, təhsili barədə çox böyük qanunvericilik bazası yaradılmasında öz dəyərli töhfəsini verdi. O, nəinki Azərbaycanda, müxtəlif ölkələrdə də sosial və yaradıcı layihələr gerçəkləşdirirdi. Heç də təsadüfi deyil ki, onun aldığı mükafatların arasında həm ABŞ-ın nişanları, həm Türkiyə, həm Rusiyan, həm də İsveçrənin teatr xadimlərinə təqdim olunan yüksək mükafatlar daxil idi.

"Nargilə” obrazı onun ilk rolu olub. 28 il bu səhnədə müxtəlif obrazlar ifa edib. Müstəqilliyin ilk illərində Bakı Bələdiyyə Teatrını yaradıb. İki həftə öncə Bələdiyyə Teatrının tamaşasını izləmək üçün gəlib. Bu teatrda məşqlərə gəlir, daha sonra xəstəxanaya gedirmiş. Bu da bir daha gösətirir ki, Amaliya xanım həqiqətən də sənət fədaisi idi.

Azərbaycan ona xüsusi dəyər verirdi. Bu xəbəri eşitdikdən sonra cənab İlham Əliyev dərin hüznlə onun ailəsinə başsağlığı verdi və yas mərasiminin yüksək səviyyədə təşkil edilməsi üçün müvafiq tapşırıqlar verdi. Onun yaradıcılığı Azərbaycan tarixində və incəsənət salnaməsində həmişə özünəməxsus və böyük yer tutacaq. Amaliya xanım bu gün haqq dünyasındadır. Lakin yaratdığı obrazlar daim ürəyimizdə yaşayacaq”.

Xalq artisti Amaliya Pənahova ilə bir çox filmlərdə və tamaşalarda tərəf müqabili olan Rafel Dadaşov xatirələrini bölüşüb. O, bildirib ki, Amaliya xanım kimi nəhəng bir aktrisa ilə eyni səhnədə olmaq onun üçün böyük xoşbəxtlik idi:

“Bu gün kimi dindirsən, kədərlənəcək... Amaliya xanımı xatırladıqca onun haqqında daha çox danışmağa ehtiyac duyuram. Çünki bu kədəri və qüssəni ürəkdən silib atmaq olmur. Hər halda onun yoxluğu ilə artıq barışmalıyıq. Onun sənətdə tutduğu yer həmişə görünəcək. O, sənətdə əvəzsiz aktrisa idi. Çünki o, peşəkar sənətçi kimi öz sözünü dedi getdi. Artıq o rolları təkrar etmək mümkün deyil. Onunla səhnədə olmaq xoşbəxtlik idi. Təəssüf ki, ən gözəl tərəf müqabillərimdən birini itirdim. Çalışırdım ki, onun layiqli tərəf müqabili olum. Onunla oynamaq böyük zövq idi, sevinirdim ki, eyni səhnədə çıxış edəcəyik. Bizim tandemimiz çox gözəl alınlırdı, bu gün də tamaşalarımız qızıl fonddadır. Ruhu şad olsun”.

Göz yaşlarını saxlaya bilməyən Xalq artisti Flora Kərimova duyğularını belə ifadə edib:

“Ürəyim ağzımdan çıxır, heç cür qəbul edə bilmirəm. Yavaş-yavaş hamımız gedirik. Sonuncu mogikanların yerini isə yalnız ortabablar tutur”.

Akademik Milli Dram Teatrının rəhbəri Azərpaşa Nemətov Xalq artisti Amaliya Pənahovanın vida mərasimdə aktrisa haqqında xatirələrini bölüşüb:

“Dövrümüzün ən gözəl və ən mükəmməl aktrisası ilə vidalaşırıq. Bizim üçün çox ağırdır. Amaliya xanımı institut illərindən tanıyırdım. O zaman ən məşhur tələbə Amaliya xanım idi. Onu rejissor Tofiq Kazımov kəşf etmişdi. O, İlyas Əfəndiyevin baş rolda oyandığı "Sən həmişə mənimləsən" tamaşası ilə bütün sənətsevərləri sözün əsl mənasında sarsıtmışdı. Universitetdə dərsləri ilə bərabər rolları üzərində çalışırdı. Amaliya Pənahova AZDRAMA-nın səhnəsində çox böyük rollara imza atdı.

Biz onunla tez-tez zəngləşirdik, görüşürdük. Son 10 gün bundan əvvəl teatra gəldi, teatrı gəzdi. Sakit dayanmırdı, hər zaman yenilik etmək istəyirdi. Sənətə böyük izlər buraxıb. Bu gün Amaliya Pənahova əbədiyyətə qovuşur. O, böyük bir epoxanın sənətkarı olub. Mən ailə üzvlərinə, əzizlərimə başsağlığı verirəm. Biz çox məyusuq. Ruhu şad olsun”.

Sonda mərhum sənətkarın oğlu İlqar Muxtarov səhnəyə çıxaraq Xalq artisti ilə vidalaşmağa gələn hər kəsə, həmçinin ailəsinin adından prezident İlham Əliyevə və birinci-viste prezident Mehriban Əliyevaya təşəkkür edib:

"Əminəm ki, Bələdiyyə Teatrı gələcəkdə də öz tamaşaları ilə teatrsevərləri sevindirəcək və anamın adını yaşadacaq".

Qeyd edək ki, AZDRAMA-da keçirilən tədbirdə Amaliya Pənahovanın ailə üzvləri ilə yanaşı sənət yoldaşları - Xalq artistləri Hacı İsmayılov, Sənubər İsgəndərli, Oqtay Mirqasımov, Rafael Dadaşov, Şəfiqə, Məmmədova, Flora Kərimova, Nurəddin Mehdixanlı, Hüsniyə Mürvətova, Dilarə Əliyeva və başqaları iştirak edib.

***

"Amaliya Pənahova həmişə yaşayacaq və yeri görünəcək sənətçidir. Əslində, böyük sənətçilərin ömrü bizdən fiziki olaraq ayrıldıqdan sonra başlayır. Hesab edirəm ki, onun böyük və əbədiyyətə qədər davam edəcək ömür yolu bundan sonra başlayır. Nə qədər ki, kino və teatr sevərlər var, Amaliya xanım həmişə bizimlə olacaq, həmişə olduğu kimi...".

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Nurəddin Mehdixanlı Amaliya Pənahovanın vida mərasimində deyib.

***

Noyabrın 8-də xərçəng xəstəliyindən dünyasını dəyişən Xalq artisti Amaliya Pənahova ilə bu dəqiqələrdə Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.

Publika.az xəbər verir ki, vida mərasimində mərhumun yaxınları və tanınmış mədəniyyət xadimləri iştirak edir.

Qeyd edək ki, xalq artisti dünən 74 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Aktrisa vəsiyyətinə əsasən, həyat yoldaşının yanında, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Amalya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1962–1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb.

1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən Amalya Pənahova burada 1992-ci ilədək səhnə fəaliyyətini davam etdirib. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və ömrünün sonunadək həmin teatra rəhbərlik edib.

Zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş Amalya Pənahova müasir Azərbaycan mədəniyyətində özünəməxsus layiqli yer tutur. Azərbaycan teatrının parlaq ənənələri zəminində formalaşan və bu irsə həmişə sadiq qalan sənətkar gözəl ifa tərzi və yüksək səhnə mədəniyyəti ilə qısa müddət ərzində teatr və kino həvəskarlarının rəğbətini qazanmış, sənətsevərlərin qəlbinə yol tapıb. İfadəli səs tembrinə malik istedadlı aktrisanın milli və dünya dramaturji irsinə müraciət edərək teatr səhnəsində böyük məharətlə canlandırdığı çox sayda yaddaqalan obrazlar öz təbiiliyi, həyatiliyi və lirik-psixoloji dərinliyi ilə səciyyələnir. Onun sənətkar olaraq müasirlərin daxili aləminə peşəkarlıqla nüfuz etmək bacarığı mütəxəssislər tərəfindən təqdirlə qarşılanıb.

Amalya Pənahovanın televiziya tamaşalarında yaratdığı unudulmaz personajlar milli televiziyanın fondunda diqqətəlayiq sənət nümunələri kimi qorunub saxlanmaqdadır. Kinofilmlərdəki müxtəlif səpkili rolları aktrisanın bu sənətin incəliklərinə dərindən bələd olduğunu aydın təcəssüm etdirir. Amalya xanımın ekran həyatı bəxş etdiyi dolğun və bitkin surətlər sırasında tarixi-mədəni keçmişimizlə bağlı qadın obrazları Azərbaycan kinematoqrafiyasının nailiyyətlərindən sayılır.

Teatr sənətini pedaqoji fəaliyyətlə uğurla əlaqələndirən Amalya Pənahova respublikada gənc aktyorların yetişdirilməsi üçün böyük əmək sərf edib. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib, ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.

Amalya Pənahovanın Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilib. O, bir sıra mükafatlara və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm