“Ana və oğlu “bizi qurtarın” deyirdi” - Gəncədəki partlayışın ŞAHİDLƏRİ - - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

“Ana və oğlu “bizi qurtarın” deyirdi” - Gəncədəki partlayışın ŞAHİDLƏRİ - - FOTO/VİDEO

Bu gün səhər saatlarında Gəncədə dördmərtəbəli yaşayış binasında partlayış olub.

Hadisə şəhərdə yerləşən dördmərtəbəli binada "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.

İlkin ehtimala görə partlayış qaz sızması nəticəsində baş verib.

Sakinlərdən biri deyib ki, partlayışın gücü çox yüksək olub: “Səhər-səhər 6-ya qalmış əynimi geyinib bazara gedirdim, gördüm partlayış oldu. Əvvəl elə bildim zəlzələ oldu. Durub çölə qaçdım. Gəldim dedilər ki, binanın bir hissəsi yoxdur. İçəridən də oğlanla anasının səsi gəlirdi “bizi qurtarın” deyirdi”.

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov, Gəncə şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri də hadisə yerində olublar.

Axtarış xilasetmə işləri nəticəsində dağıntılar içərisindən 24 yaşlı Cumazadə Cuma Saleh oğlunun, 47 yaşlı Tağıyaeva Nigar Tağı qızı və onun oğlu 1994-cü il təvəllüdlü Hüseyn Oktay oğlu Heydərovun meyiti tapılaraq çıxarılıb. Dağıntılar altından çıxarılan yaralı, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Tükəzban Ağayeva adlı sakin bildirib ki, ətrafdakı binalara da xeyli ziyan dəyib: “Səhər saat 05:00-da çay qoymağa durdum. 05:30 radələrində partlayış oldu. Duman oldu, daha heç nə başa düşmədik. Balkona çıxmaq istəyəndə gördüm nə aynam var, nə qapım. Divarımız çartlayıb. Su çənləri partlayıb, evimizi su basıb”.

Hadisə ilə bağlı araşdırma aparılır.(ARB)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm