"Diqlas"da baş verən yanğında 12 nəfər xəsarət aldı - RƏSMİ - FOTO/VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

"Diqlas"da baş verən yanğında 12 nəfər xəsarət aldı - RƏSMİ - FOTO/VİDEO (YENİLƏNDİ)

Bakıda ticarət mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb.

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb.

Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından "Report"a verilən məlumata görə, hadisə yerinə Nizami rayon 6 saylı Təcili Tibbi Yardım Stansiyasının, Xətai rayonu 7 saylı Təcili Tibbi Yardım Stansiyasının, Sabunçu rayonu 13 saylı Təcili Tibbi Yardım Stansiyasının bölmələri cəlb edilib.

Yanğın zamanı 5 nəfər tüstüdən boğulma ilə təcili yardıma müraciə edir: "Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1-i xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı həmçinin 1 polis əməkdaşı burun qanaxması ilə təcili yardıma müraciət edib. Yanğın zamanı habelə daha 2 nəfər də yanıq xəsarətləri alıb", - deyə rəsmi məlumatda bildirilir.

Qeyd edək ki, xəsarət alanların hamısı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarıdır.

***

Bakının Nizami rayonundakə "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın söndürülüb.

Trend-in məlumatına görə, hazırda kəşfiyyat, soyutma, tüstülənmə mənbələrinin aşkarlanması üçün söküntü işləri aparılır.

Qeyd edək ki, yanğın təqribən saat 08:12-də baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 100-dən çox şəxsi heyət, 20-dən artıq texnika, o cümlədən 3 helikopter cəlb edilib.

Yanğın sahəsi 2 hektardan artıqdır.

Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Əsasən tikinti materialları, geyim əşyaları yanıb.

Hadisə zamanı yanğınsöndürmə briqadasının bir əməkdaşı xəsarət alıb. O, sağ əlin kəsilmiş yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Ticarət mərkəzinin heç bir mərtəbəsində yanğınsöndürmə sistemi olmayıb. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına ciddi nəzarət olunmadığından yanğın geniş şəkildə yayılıb.

İlkin məlumata görə, yanğın gül dükanından başlayıb. Araşdırmalardan sonra yanğının səbəbi məlum olacaq.

***

12:05

Paytaxtda "Diqlas" ticarət mərkəzindəki yanğının yayılmasının qarşısı alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir.

***

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə helikopterlər cəlb edilib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əraziyə Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.

9:17

Fövqəladə Hallar Nazirliyi Bakının Nizamı rayonundakı yanğınla bağlı məlumat yayıb.

Publika.az-ın məlumatına görə, nazirlikdən bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.

****
08:42

Bakının Nizamı rayonunda güclü yanğın başlayıb.

Publika.az xəbər verir ki, yanğın "8-ci km bazarı"ndakı mağazalardan birinin damında başlayıb.

Ərazidəki insanlar təxliyə edilib, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm