Bakıda ağır yol qəzası: ölənlər var - HADİSƏ YERİNDƏN VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda ağır yol qəzası: ölənlər var - HADİSƏ YERİNDƏN VİDEO (YENİLƏNDİ)

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq ötən gün Qaradağda baş vermiş yol qəzası barədə məlumat yayıb.

Publika.az-a daxil olan məlumatda deyilir:

"Fevralın 20-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisində 1981-ci il təvəllüdlü Zaman Abdullayevin idarə etdiyi KİA markalı 90 UB 986 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək reklam lövhəsinə çırpılması nəticəsində sürücü və sərnişinin aldıqları xəsarətlərdən hadisə yerində vəfat etmələri barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, KİA markalı avtomobil əvvəlcə eyni istiqamətdə hərəkətdə olan 1989-cu il təvəllüdlü Babalar Bayramovun idarə etdiyi “Ford” markalı 52 BK 626 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub, daha sonra idarəetməni itirərək reklam lövhəsinə çırpılıb, “Ford” markalı avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyət hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə şahidlər dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin B.Bayramov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə, daha sonra sonuncunun hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edildiyindən o, fevralın 21-də şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

*****

13:54

Dünən saat 18 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Salyan rayon sakini B.Bayramov idarə etdiyi “Ford Transit” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Zaman Abdullayevin idarə etdiyi “KİA” markalı avtomobilə vurub, sonuncu nəqliyyat vasitəsi yolun kənarındakı reklam lövhəsinə dəyib. Nəticədə Z.Abdullayev və sərnişini Seyfəddin Abbasov hadisə yerində ölüblər. B.Bayramov isə hadisə yerini tərk edib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm