Zeynəb Xanlarovanın bacısı oğlu HƏBS EDİLDİ
Bizi izləyin

Hadisə

Zeynəb Xanlarovanın bacısı oğlu HƏBS EDİLDİ

Türkanda Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və qəsəbə icra nümayəndəliyinin başçısı Rahil Babayevin həbs edildiyi haqda məlumat yayılıb.

Publika.az xəbər verir ki, bu barədə qəsəbə sakinlərinə istinadla Pravda.az məlumat tirajlayıb.

İddiaya görə, həbsin səbəbi məşhur dələduzluqla bağlıdır.

Xatırladaq ki, Türkanda baş verən dələduzluqla bağlı Musavat.com ətraflı araşdırma dərc etmişdi. Bildirilirdi ki, qəsəbə icra nümayəndəliyinin başçısı Rahil Babayev 90 yaşlı Xumara Şabanovanın və 80 yaşlı Əzizəxanım Atayevanın ailə tərkibləri haqda arayış verib. Həmin arayışlarda hər iki qadının ailə tərkibləri haqda məlumatlar saxtalaşdırılıb. Qadınlara saxta “ölüm kağızı” verildikdən sonra onlara məxsus olan və Türkan qəsəbəsinin perspektivli dənizkənarı hissəsində yerləşən bağ torpaq sahələri ələ keçirilib və fantastik qiymətə satılıb, özgəninkiləşdirilib.

Cinayətin baş tutması üçün hər iki qadın ölmüş elan olunub! Hazırda həyatda olan 90 yaşlı Xumara Şabanovanın və 80 yaşlı Əzizəxanım Atayevanın əllərində özlərinə aid olan ölüm haqqında şəhadətnamələr var!

İcra namyəndəsi Rahil Babayev saxta arayış verməkdən əlavə son nəticədə bağ-torpaq sahələrinin satışının baş tutması üçün də addımlar atıb. 2017-ci ildə Türkan qəsəbə icra nümayəndəsi Rahil Babayev Əzizə Atayevanın oğluna deyib ki, onu işə düzəldəcək. Bunun üçün işçisi Mehmanı Əzizə Atayevanın oğlunun yanına göndərib. Mehman Rahil Babayevin adından deyib ki, bəs Çingiz adlı şəxsin adına etibarnamə verməlidir ki, onu işə düzəldə bilsinlər.

Çingiz Xeyrəli oğlu Səfərov Türkanda Rahil Babayevə yaxın şəxs kimi ad çıxarıb. Onları tez-tez Türkandakı “Eldar” İstirahət Mərkəzində bir yerdə olurlar.

Ona görə də Əzizə Atayevanın oğlu Mehmanın Rahil Babayevin adından dediyi sözlərə inanmaqdan başqa yolu olmayıb. Çingiz Səfərov Əzizə Atayevanın oğlunu Nərimanov rayonunda yerləşən 5 saylı “ASAN xidmət” mərkəzinə aparıb, orada adından çıxış etmək üçün baş etibarnamə alıb. Rahil Babayevin verdiyi saxta arayışda isə Əzizə Atayevanın həyat yoldaşının yeganə vərəsəsi kimi məhz həmin oğlu göstərilib, digər övladlarının olması gizlədilib. Beləcə Rahil Babayev saxta arayış verməklə yanaşı həmkəndlilərinin inamından sui-istifadə etməklə Əzizə Atayevanın oğlundan baş etibarnamə alınmasına nail olub. Həmin baş etibarnamə əsasında Əzizə Atayevanın həyat yoldaşının adına olan bağ-torpaq sahəsi Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun adına keçirilib və sonuncu bağ-torpaq sahəsini satıb!

Eyni sxem üzrə 90 yaşlı Xumara Şabanovanın da həyat yoldaşının adına olan bağ-torpaq sahəsi ələ keçirilərək satılıb. Yaxşı düşünülmüş bu cinayət sxemi üzrə Türkan qəsəbəsində 10-a yaxın bağ-torpaq sahəsinin ələ keçirilməsi haqda iddialar var.

Necə olub ki, 2 yaşlı qadın həyatda ikən onlara ölüm haqda şəhadətnamə verilib və bundan sonra da hər iki qadına pensiya ödənib? Qayda belədir ki, əgər vətəndaş dünyadan köçürsə, avtomatik olaraq ona ödənilən pensiyanın verilməsi dayandırılır.

Xumara Şabanova və Əzizə Atayeva illər öncə “öldürülüb”, amma onlara pensiya verilişi dayandırılmayıb. Əgər həmin ölüm şəhadətnamələri verildiyi gündən sonra pensiya ödənişi dayandırılsa idi, hər iki qadın bağ-torpaq sahələrinin ələ keçirilməsi planı - cinayətindən duyuq düşə bilərdilər. Amma pensiya verilişi dayandırılmayıb və Rahil Babayev, işin içində olan digərlərindən savayı bu məsələdən xəbər tutmayıb. Bunu necə bacarıblar?

Bu arada ahıl yaşlı qadınlar Baş Prokurorluqda olub, baş verən cinayətiin araşdırılmasını, Rahil Babayev və dəstə üzvlərinin cəzalandırlmasını tələb ediblər.

Yada salaq ki, Əzizə Atayevanın ölüm haqqında şəhadətnaməsində 2006-cı il 10 iyun tarixində ürək çatışmazlığından dünyadan köçməsi qeyd olunub.

Bu dəhşətli cinayətin üstü illərlə bağlı qaldığından daha bir oxşar cinayət törədilib. Bu dəfə, 20 may 2014-cü ildə Xumara Şabanova eyni diaqnozla (kəskin ürək çatışmazlığı) “öldürülüb”! Hər iki qadın baş vermiş cinayətdə icra nümayəndəsi Rahil Babayevin adını çəkirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm