Adil Əliyev maşın kolleksiyası iddialarına belə cavab verdi
Bizi izləyin

Hadisə

Adil Əliyev maşın kolleksiyası iddialarına belə cavab verdi

Xaricdə yaşayan bloger Həbib Müntəzir Milli Məclisin vitse-spikeri Adil Əliyevin oğlu Əli Əliyevin maşın kolleksiyasının olduğu haqda məlumat yayıb.

Onun iddiasına görə, 23 yaşlı Ə.Əliyev 99 HA 999 dövlət nömrə nişanlı bir neçə maşına sahibdir:

“Bildiklərim bunlardır: BMV-X5 M, “Porşe Panamera GTS” və Jiquli VAZ-2107 (avtoşluq üçün). Dövlət nişanlı 10 KO 555 nömrə ilə isə “Kadillak Esklad” sürür. Bəzən nömrəni BMV-X5 M ilə dəyişərək də qanunsuz olaraq istifadə edir”.

Axar.az xəbər verir ki, Həbib Müntəzirin iddialarına cavab verən Adil Əliyev bu xəbəri təkzib edib:

“Almaniyada yaşayan Həbib Müntəzirə yazdığım cavabı təqdim edirəm. Mənə qarşı küləyin hansı istiqamətdən əsdiyinə özünüz qərar verin.

Həbib Müntəzir, əvvəla, avtomobil istifadə etmək nə vaxtdan qanunsuzluq olub?

O ki qaldı nömrəyə, bəli, nömrə mövcuddur. Ancaq avtomobil kolleksiyası mövcud deyil. Mən çox heyifslənirəm ki, kütlə psixologiyası ilə idarə olunan bəzi həmyerlilərimiz var. Təsəvvür edə bilmirəm ki, bir nömrəni necə bir neçə avtomobilə vurmaq olar? Bir az ağıllı düşünmək lazımdır. Başınız ilə fikirləşsəydiniz, başa düşərdiniz ki, nömrə əvvəl bir avtomobildə olub, sonra o avtomobil satılıb, başqa avtomobil alınıb və nömrə də üstünə vurulub.

Cəmi iki köhnə avtomobil. Bu qədər bəsit. Bu gün Azərbaycanda kiçik bizneslə məşğul olan insanların da BMV-si var. Küçələr doludur köhnə, işlənmiş avtomobillərlə. Hamısı da kreditə verilir, buyurun, ağlınız və imkanınız varsa, siz də alıb sürə bilərsiniz.

Heç olmasa, məlumatı verən adamlardan soruşardınız. Hə, əgər bu avtomobillər dövlətdən və xalqdan oğurlanan pullarla alınıbsa, onda mən sizinlə razıyam. Yazmağa və işıqlandırmağa haqqınız var. Əks təqdirdə belə yalan məlumatlarla camaata özünü ağıllı göstərirsənsə, böyük səhv edirsən.

Mən və ailəm heç vaxt büdcə təşkilatında işləməmişəm ki, əlimdən hər hansı maliyyə keçsin, mən də əliəyrilik edim. Bu günə qədər maliyyə ilə bağlı, hər hansı tenderdə, alğı-satqıda, təmir-tikintidə iştirak etməmişik.

Ona görə də bu yazını sifariş verənlər, öz çirkin əməllərini sizin vasitənizlə ört-basdır edirlər. Siz də bu yalanların alətinə çevrilirsiniz. Mən öz əməllərimə görə hər yerdə və hər zaman cavab verməyə hazıram. Ancaq yalan üzərində qurduğunuz oyunlar cinayətdən başqa bir şey deyil.

Bir də burada kütlə təfəkkürü ilə yaşayanlara demək istəyirəm ki, yazdığınız şər və böhtana görə mütləq Allah qarşısında cavab verəcəksiniz. Bir tək Allah şahidimdir ki, mən çox rahatam, çünki sizdən yox, Allahdan qorxuram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm