“Tərtər işi” bir generalın üzərinə “yüklənir”
Bizi izləyin

Hadisə

“Tərtər işi” bir generalın üzərinə “yüklənir”

“Tərtər İşi” ilə bağlı Baş Prokurorluqda aparılan istintaqın gedişində həbs edən Müdafiə Nazirliyinin generalı Bəkir Orucovla hərbçilərimizə işgəncə verməkdə təqsirləndirilən şəxslərin üzləşdirilməsi prosesi olub. Bu barədə Gununsesi.info-ya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Hazırda istintaq prosesi olduğundan detalları açıqlamasaq da bildirək ki, işgəncə verən şəxslər Orucovla üzləşən zaman onun göstərişi ilə bu əməlləri törətdiklərini deyib. General isə öz növbəsində ona böhtan atıldığını iddia edib.

Ekspertlərə görə, Bəkir Orucov Beyləqanda 2-ci korpusun qərargah rəisi olanda orada işgəncə məkanı qurub. İşgəncə verənləri ora gətiriblər. 90-a yaxın hərbçimizə orada işgəncə veriblər. Orada işgəncələrlə hərbçilərimizdən izahatlar alıblar. Ona görə də “Tərtər işi”ndə işgəncəyə məruz qalan hərbçilər Bəkir Orucovun adını çəkirlər. Aydın məsələdir ki, Bəkir Orucov işgəncələri özbaşına təşkil etməyib. Ona korpus komandiri və ya o zaman Baş Qərargah rəisi olan Nəcməddin Sadıkov göstəriş verə bilərdi. Ekspertlərə görə, bu işlərin başında Nəcməddin Sadıkov dayanır, onu həbs etmədən obyektiv araşdırma aparmaq mümkün deyil. Amma belə görünür ki, Nəcməddin Sadıqov yenidən kənarda qalır və bir çox cinayətləri general Orocovun üzərinə “yükləyirlər”.

Tanınmış hərbi ekspert Telman Əbilov “Yeni Müsavat”a deyib ki, baş verənlərdə Bəkir Orucovun günahı var: “Sadəcə, onu tutmaqla kifayətlənmək olmaz. Onun həbsi əsas müqəssirlərdən günahı yayındırmaq istəyindən irəli gəlib. Çünki bu hadisə Tərtər, Bərdə rayonlarında olan hərbi hissələrdə baş verib. Hikmət Həsənovun komandiri olduğu korpusda baş verib. Bundan əvvəl isə Beyləqan korpusunda belə hallar olub. Bəkir Orucovun həbsi də Beyləqan korpusunda baş verən işgəncələrlə bağlıdır. Aprel döyüşlərindən sonra Azərbaycan Ordusundakı böyük ruh yüksəkliyi xarici və daxili düşmənləri qorxuya saldı. Gələcəkdə erməni ordusunun Azərbaycan ordusu qarşısında duruş gətirməyəcəyini açıq-aydın gördülər, hətta rus ordusunun da Azərbaycan Ordusu qarşısında çətinliklə üzləşəcəyini anladılar və "5-ci kolon" adlanan qüvvə bizim dövlətimizin müdafiə qüdrətinin sarsıdılması üçün hərəkətə keçdi. Azərbaycan Ordusuna qarşı bir təxribat törədildi, Beyləqan korpusunda uğurla tətbiq etdikləri ssenarini Tərtər korpusunda da tətbiq etdilər".

Telman Əbilov

Hərbi ekspert deyib ki, aprel döyüşlərindən sonra Müdafiə Nazirliyində iki yeni qurum yaradılıb: “Müdafiə Nazirliyinin Hüquq İdarəsinin tərkibində Təhqiqat şöbəsi yaradıldı. Eyni zamanda Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsi yarandı. O zaman Təhqiqat Şöbəsinin regionlarda 10 yaxın yerli şöbələri açıldı, həmin şöbələrə də 5-6 təhqiqatçı işə götürdülər. Həmin təhqiqatçıların vasitəsilə hərbi hissələrdə yoxlamalara başladılar. Əslində təhqiqat şöbəsinin özü böyük cinayətlərin ört-basdır edilməsi, həmin şöbə üzərindən cinayətlərin törədilməsini gerçəkləşdirmək üçün yaradılmışdı. Həmin şöbənin yaradılması hərbi hissələrdə korrupsiya və rüşvətxorluğun artmasına xidmət edirdi. Hər bir qarnizonda onsuz da 5-6 müstəntiq vardı, indi onlara təhqiqatçıları da calaq edirdilər. Hər xırda məsələni şişirdib böyük bir cinayət kimi rəsmiləşdirməklə təhqiqatçıların dolanışığını təmin etməyə girişdilər. Hərbi Prokurorluğun bu qədər əməkdaşları ola-ola, Müdafiə Nazirliyinin daxilində, Müdafiə Nazirliyinə tabe olan Təhqiqat Şöbəsinə ehtiyac yox idi. Tərtərdə hərbiçilərimizə qarşı cinayətləri ilkin olaraq həmin təhqiqatçıların əli ilə həyata keçirdilər. Ora rəis postuna Nəcməddin Sadıkovun bacısı oğlu Ramil Əsgərov təyin olunması da sıradan bir məsələ deyildi. Dövlətin Təhlükəsizliyi Xidməti olan yerdə hər bir qurumun tərkibində təhlükəsizlik xidmətinin yaradılmasına nə ehtiyac vardı?”

Hərbi ekspert deyir ki, Tərtərdə Azərbaycan Ordusuna qarşı baş verən cinayətləri “pilot layihə” olaraq 2017-ci ildə Bəkir Orucovun icraçılığı ilə Beyləqan korpusunda gerçəkləşdiriblər: “Əslində Tərtərdə baş verənləri Ağcabədidə, Beyləqanda həyata keçirməyi planlaşdırmışdılar. Orada işgəncələr üçün xüsusi yerlər də hazırlamışdılar. Lakin bu işə Mais Bərxudarov maneçilik törədib, eyni zamanda bu işlərin qarşısını da tam olaraq ala bilməyib. Çünki göstəriş Müdafiə Nazirliyindən verilib. O zaman bu işləri Bəkir Orucova həvalə ediblər. Nəcməddin Sadıkov görəndə ki, Beyləqan korpusunda Azərbaycan Ordusuna qarşı genişmiqyaslı cinayət törədə bilməyəcək, daha münasib yer olaraq 1-ci korpusu seçdi. Həmin korpusun komandiri, hazırda Ali Hərbi Məktəbə gətirib orada gözdən uzaq saxladıqları Hikmət Həsənov idi. Leytenant olduğu dövrdən Nəcməddin Sadıkovla çox yaxşı münasibətdədir, onun əmrlərini sözsüz yerinə yetirib. Onun korpus komandiri səviyyəsinə yüksəlməsində Nəcməddin Sadıkovun xüsusi rolu olub. Ona görə də Tərtərdə Nəcməddin Sadıkovun Azərbaycan Ordusuna qarşı genişmiqyaslı cinayəti baş tutdu. Bu gün Bəkir Orucovu tutmaqla istintaq kifayətlənməməlidir. Onun bu işlərdə 3-5 faiz rolu var. Qalan işlərə görə Nəcməddin Sadıkov və digər yüksək çinli vəzifə daşıyıcıları cavab verməlidirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm