“David Seliverstov” işində yeni ŞOK detallar - Saxta vəsiqələr, qaranlıq keçmiş və sürətli qaçış(VİDEO)
Bizi izləyin

Hadisə

“David Seliverstov” işində yeni ŞOK detallar - Saxta vəsiqələr, qaranlıq keçmiş və sürətli qaçış(VİDEO)

“David Seliverstov” işində yeni ŞOK detallar - Saxta vəsiqələr, qaranlıq keçmiş və sürətli qaçış(VİDEO)

Son günlər Azərbaycan ictimaiyyətinin və medianın diqqət mərkəzində olan, özünü beynəlxalq humanitar təşkilatların nümayəndəsi, xeyriyyəçi və yəhudi icmasının təmsilçisi kimi təqdim edən “David Seliverstov” ətrafındakı qalmaqal böyüməkdə davam edir.

Publika.az xəbər verir ki, Musavat.com-un apardığı araşdırmalar və əldə olunan yeni məlumatlar bu şəxsin qurduğu sirli şəbəkənin və tətbiq etdiyi dələduzluq üsullarının pərdəarxasını bir daha göz önünə sərir.

Məsələnin üzə çıxmasında zərərçəkən vətəndaşların və sahibkarların müraciətləri mühüm rol oynayıb. Zərərçəkən mağaza sahiblərindən biri ilə aparılan söhbət zamanı məlum olub ki, “David Seliverstov” hədəfə aldığı şəxslərə qarşı müxtəlif qurumların adından istifadə edərək təzyiq göstərib.

Sahibkar baş verənləri belə nəql edib: “Vəsiqə göstərdi, özünü təqdim etdi. Dedi ki, DTX-nin yüksək rütbəli əməkdaşıyam”.

“David Seliverstov” sahibkardan külli miqdarda mal götürüb, lakin 2024-cü ildən bu yana həmin malların pulunu ödəməkdən yayınıb. Onun keçmişi ilə bağlı məsələ medianın və televiziyanın diqqətinə çatdırıldıqdan cəmi yarım saat sonra möcüzəvi şəkildə proses dəyişib. Bir nəfər sahibkara zəng vuraraq məsələnin həll olunacağını bildirib və qısa müddətdə pulu mağaza sahibinə çatdırıblar.

Araşdırmalar göstərir ki, bu şəxsin saxta vəsiqələrdən və qanunsuz statuslardan istifadə etməsi ilk dəfə deyil. Əldə olunan məlumatlara əsasən, illər əvvəl – 2011–2012-ci illərdə Xəzər rayonunda baş verən həbslərin arxasında da məhz Milli Təhlükəsizlik Nazirliyi (MTN 2015-ci ildə ləğv olunub - E.M) vəsiqələrindən istifadə halları dayanır.

Həmin dövrə aid məhkəmə hökmləri və sənədlər də təsdiqləyir ki, bu şəxs hələ illər əvvəl də eyni üsulla – güc strukturlarının adından və saxta sənədlərdən sui-istifadə etməklə vətəndaşları aldadıb. İllər sonra yenidən səhnəyə çıxaraq özünə “David Seliverstov” kimi yeni beynəlxalq imic qazandıran həmin şəxs köhnə vərdişlərindən əl çəkməyib və eyni üsulla fəaliyyətini davam etdirib.

Hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Çingiz Qənizadənin Musavat.com-a təqdim etdikləri məlumatlara görə, Azərbaycanda rəsmi olaraq “David Seliverstov” adında vətəndaş mövcud deyil. Bu ad altında fəaliyyət göstərən şəxsin əslində Kazım Elşən oğlu Abbasov olduğu müəyyənləşdirilib.

Onun kifayət qədər zəngin və qaranlıq kriminal keçmişi olub:

- 2011-ci ildə dələduzluq ittihamı ilə saxlanılaraq məhkum edilib.

- Daha sonra saxta sənədlərdən istifadə və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddələri ilə məsuliyyətə cəlb olunub.

- 2014-cü ildə isə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə yenidən həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə uzun müddətə azadlıqdan məhrum edilib. 2022-ci ildə azadlığa çıxdıqdan sonra isə yeni bioqrafiya quraraq özünü “beynəlxalq hüquq müdafiəçisi” kimi qələmə verməyə başlayıb.


Musavat.com-da bu barədə silsilə materiallar yayımlandıqdan dərhal sonra Kazım Abbasov - “David Seliverstov”un gecə saatlarında Azərbaycanı tərk etdiyi məlum olub. İlkin olaraq Gürcüstana üz tutduğu bildirilən bu şəxs sonradan sosial şəbəkələrdə İsraildən, Təl-Əvivin Ben Qurion hava limanından olduğunu iddia etdiyi görüntülər yayaraq guya işgüzar səfərdə olduğunu və ölkəyə investisiya cəlb etdiyini iddia etməyə çalışıb. Lakin mütəxəssislər və media nümayəndələri həmin videoların saxta statusu ört-basdır etmək üçün növbəti bir şou olduğunu vurğulayırlar.

Hüquq-mühafizə orqanları və hüquq müdafiəçiləri zərərçəkən vətəndaşları və bu şəxsdən hər hansı formada təzyiq və ya təhdid görənləri çəkinmədən müvafiq qurumlara müraciət etməyə çağırırlar.
Araşdırmalar davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm