Şirkətdən oğurladığı pulu nənəsinin qəbrində gizlətdi
Bizi izləyin

Hadisə

Şirkətdən oğurladığı pulu nənəsinin qəbrində gizlətdi

Şirkətdən bir milyon manatdan çox pul oğurlamaqda təqsirli bilinən Ramil İmaməliyev, cinayəti bilərəkdən gizlətməkdə təqsirli bilinən Ceyran İmaməliyeva və Ramiz İmaməliyevin məhkəməsi başa çatıb.

Publika.az xəbər verir ki, Abşeron rayon Qobu qəsəbə sakini, 28 yaşlı Ramil İmaməliyev əvvəllər işlədiyi “Karat MMC”-dən oğurluq etmək fikrinə düşüb.

Ramil şirkətin ofisindəki seyfdə külli miqdarda pul olduğunu qabaqcadan bilib. 2014-cü il aprelin 11-də gecə saatlarında ofisin binasına gələn Ramil İmaməliyev dam örtüyünü sökərək içəri daxil olub.

Ananın iki oğlu ilə ortaq cinayəti

Ramil İmaməliyev ofisdəki seyfin qapısını sındıraraq 1 milyon manat pulu idman çantasına doldurub və aradan çıxıb. Oğurluq pulları Qobu qəsəbəsində yaşadığı evə gətirən Ramil İmaməliyev bu barədə qardaşı Ramiz İmaməliyev və anası Ceyran İmaməliyevaya məlumat verib. Onlar pulun əsas hissəsini evin müxtəlif yerlərində gizlədiblər.

Saxta polislər

Ramil İmaməliyev isə pulun bir hissəsini özü ilə götürərək “İnfiniti” markalı 90 HZ 200 dövlət nömrə nişanlı avtomobil alıb. Saxlanılarkən maşının yük yerindən 5 min manat, Qobu qəsəbəsindəki evdən isə 31 min 338 manat pul aşkarlanaraq götürülüb.

Ramil İmaməliyevin oğurladığı pulların, demək olar ki, yarısını bir qrup şəxs hədə-qorxu gələrək onun əlindən zorla alıb. Özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər pulları onun əlindən alıblar.

Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları bu cinayətdə şübhəli bilinən 4 nəfəri - Kürdəmir rayon sakini 35 yaşlı Aqil Şəmiyev, Qobustan rayon sakini 31 yaşlı Zamiq Xasıyev, Beyləqan rayon sakinləri 30 yaşlı Röyal Qədirovla 32 yaşlı Ruslan Əliyevi də saxlayıb.

Bahalı avtomobil, varlanmaq, şübhə...

Araşdırmalarla müəyyən edilib ki, Ramil İmaməliyevin son zamanlar bahalı avtomobil sürməsi və varlanması onu tanıyan Aqil Şəmiyev və dostlarını şübhələndirib. Onlar Ramili izləyərək Bakı şəhərində yerləşən restoranlardan birinin qarşısında başına torba keçirib zorla avtomobilə oturdublar. Onlar özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək Ramil İmaməliyevin 450 min manatını tələb ediblər.

Girovluqdan azad olmaq

Ramil İmaməliyev onu girov saxlayan şəxslərin əlindən yaxa qurtarmaq üçün anası Ceyran İmaməliyevaya zəng edərək evdəki puldan 400 min manatı göndərməyi tapşırıb. Ceyran İmaməliyeva isə pulu kiçik oğlu Ramizə verib və qardaşının dediyi yerə göndərib.

Ramil İmaməliyevdən 450 min manat alındıqdan sonra o buraxılıb. Əldə olunan pulu "saxta polislər" bölüşdürüblər. Əməliyyat istintaq tədbirləri zamanı pulun 20 min manatını Zamiq Xasıyevlə Aqil Şəmiyevdən, 98 min manatını isə Ruslan Əliyevdən aşkar edilərək maddi sübut kimi götürülüb. Eləcə də İmaməliyevlərin evində axtarış aparılarkən hissələrə ayrılaraq müxtəlif yerlərdə gizlədilmiş 6600 manat və 800 ABŞ dolları tapılıb.

200 min manatı nənəsinin qəbrində gizlətdi

Ramiz həbs olunmamışdan bir neçə gün əvvəl Ramilə və anasına zəng edib. O, oğurluq pulların 200 min manatını qəbiristanlıqda gizlətməyi tapşırıb. Ramil İmaməliyev həmin pulu sellofan torbaya bükərək nənəsinin Qobu qəsəbə qəbiristanlığındakı qəbrinin yanında basdırıb. Polis əməkdaşları deyilən əraziyə baxış keçirərkən 190 800 manat pulu taparaq istintaqa təhvil verib.

Ana və oğullarının 3 maddəli cinayət işi

Ramil İmaməliyev Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq törətmək), Ceyran İmaməliyeva və Ramiz İmaməliyev isə Cinayət Məcəlləsinin 194.2.1, 194.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satma) maddələri ilə ittiham ediliblər. Təqsirləndirilən şəxslərin barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Tamella Nəsrullayevanın icraatına verilib.

Məhkəmənin hökmü ilə Ramil İmaməliyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ceyran İmaməliyeva və Ramiz İmaməliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və onlara şərti cəza təyin edilib.

Qeyd edək ki, Aqil Şəmiyev, Zamiq Xasıyev, Röyal Qədirov və Ruslan Əliyevin barəsində cinayət işi ayrıca icraatda aparılıb. Hazırda bu şəxslərin cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılır. Adıçəkilən şəxslər Ramil İmaməliyevin cinayət işi üzrə isə şahid qismində dindiriliblər.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm