Deputat yol qəzasında ölən köməkçisindən danışdı - FOTO - YENİLƏNİB
Bizi izləyin

Hadisə

Deputat yol qəzasında ölən köməkçisindən danışdı - FOTO - YENİLƏNİB

“Bu barədə xəbəri yarım saat əvvəl aldım. Çox təəssüf ki, belə bir hadisə baş verib”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı bu gün avtomobil qəzasına düşərək dünyasını dəyişmiş köməkçisinin vaxtsız vəfatı barədə danışarkən deyib:

“Mən Həsənbala Həsənovu milli azadlıq hərəkatı dövründən tanıyırdım. Salyanda xalq hərəkatının fəallarından biri, Azərbaycan Xalq Cəbhəsinin Məclis üzvü idi. O, qondarma Talış-Muğan respublikasının əleyhdarlarından, Azərbaycan 90-cı illərdə ağır duruma düşəndə Heydər Əliyev amilini yüksək dəyərləndirən, Salyanda ulu öndərin təbliğatını aparan şəxslərdən idi”.

Milli Məclisdə deputat köməkçisi institutu yaradıldıqda Həsənbala Həsənovu özünə köməkçi təyin edən Fəzail Ağamalı mərhumun həmin vaxtdan indiyədək bu vəzifədə çalışdığını deyib: “O, çox səmimi, işgüzar, dövlətini və Vətənini sevən, Heydər Əliyev xəttinə sədaqətli insan idi. Buna görə də Salyanda hörmət sahibi idi. Çox gözəl ailə başçısı, babaydı. Həsənbala xatirimdə gözəl dost, yoldaş kimi qalacaq. Onun faciəli vəfatına təəssüf edirəm”.

Sonuncu dəfə 3 gün əvvəl onunla zəngləşdiyini bildirən millət vəkili deyib ki, avqustun sonlarında rayona gedib, seçkilərə hazırlıq prosesinə başlayacaqdıq.

"Yüksək əhval-ruhiyyə ilə bu fikirlərimə dəstək verdi. Təəssüf ki, bu gün də belə bir hadisə baş verdi. Onun faciəvi ölümü mənimçün ağır itkidir. Köməkçi olaraq mənə çox kömək edirdi. Hüzr mərasimi Salyanda olacaq. Uzaqda olduğumdan bu gün dəfnə çatmasam da, çalışacam yas mərasimində iştirak edim”.

Anar Tağıyev

14:22

Salyanda baş verən yol-nəqliyyat hadisəsində ölən şəxs deputatın köməkçisi olub.

Bu barədə APA-ya məlumat verən deputat Fəzail Ağamalı bildirib ki, onun köməkçisi Həsənbala Həsənovun idarə etdiyi “Opel” markalı maşın yük avtomobili ilə toqquşub. Nəticədə köməkçisi aldığı xəsarətdən dünyasını dəyişib.

Mərhum Salyanda dəfn ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm