“Qardaşım içkiyə pul tapmayanda anamı döyürdü” – Ailə dramı
Bizi izləyin

Hadisə

“Qardaşım içkiyə pul tapmayanda anamı döyürdü” – Ailə dramı

Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Rəşad Seyfəddinov özündən iki yaş böyük doğma qardaşı Tamerlanın başından çəkiclə vuraraq öldürüb. Publika.az xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Novxanı bağlarında baş verib.

Rəşad Seyfəddinov 22 oktyabr 2013-cü il tarixində, saat 10.00-da qardaşı Tamerlan Seyfəddinovla birgə yaşadıqları Sumqayıt şəhəri, Novxanı Bağlar massivi, b 556 №-li evdə mübahisə edib. Mübahisə edən qardaşların ikisi də hadisə vaxtı sərxoş olublar. Qardaşların mübahisəsi analarının üstündə baş verib.

Qardaşını niyə öldürüb?

Bu hadisədən əvvəl Tamerlan Seyfəddinov 61 yaşlı anası Sədaqət Seyfəddinovadan zinət əşyası almağı tələb edib. Ana qızıl ala bilmədiyi üçün oğlu onu nalayiq sözlərlə təhqir edərək yüngül xəsarət yetirib.

Bu səbəbdən oktyabrın 22-də Rəşad qardaşı Tamerlan ilə mübahisə edib. O, anasını döyüb, söyən qardaşından qisas almaq qərarına gəlib. Bu məqsədlə Rəşad həyətlərində olan çəkici götürərək qardaşının sağ gicgah-təpə nahiyəsinə ardıcıl zərbələr endirib.

Qardaş qatilinə 7 il cəza

Tamerlan Seyfəddinov aldığı zərbələrin təsirindən hadisə yerində ölüb. Rəşad isə Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs edilib.

Rəşad Seyfəddinovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Seyfəddinov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Rəşad Seyfəddinov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Həmçinin Baş Prokurorluq isə apelyasiya protesti verərək Rəşad Seyfəddinovun cəzasının ağırlaşdırılmasını tələb edib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. İş apelyasiya instansiyasında hakim Hüseyn Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Qardaşım ailə üzvlərimizi narahat edib”

Rəşad Seyfəddinov bildirib ki, ailə üzvləri əvvəllər Bakı şəhərində yaşayıb: “Lakin 2006-cı ildə həmin evi sataraq Sumqayıt şəhəri, Novxanı Bağlar massivi, b 556 nömrəli ünvanda bağ sahəsi aldıq və birgə yaşamağa başladıq. Atam Oqtay 2007-ci ildə vəfat edib, böyük qardaşım Tamerlanın daimi işi yeri olmayıb. O, bir müddət qızıl alveri ilə məşğul olub, sonra satıcı və tikintidə fəhlə də işləyib. Tamerlan son zamanlar heç bir işlə məşğul olmayıb, müntəzəm olaraq spirtli içki qəbul edərək ailə üzvlərimizi mütəmadi olaraq narahat edib”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 1999-cu ildə Dövlət İqtisad Universitetini bitirib, səhhəti ilə əlaqədar hərbi xidmətdən azad edilib. Müxtəlif peşələr üzrə işləsə də, hadisə baş verən zaman heç bir işlə məşğul olmayıb.

“Anamın pensiyasını əlindən alıb”

Rəşad Seyfəddinov qeyd edib ki, onun böyük qardaşı Tamerlan Seyfəddinov spirtli içkiyə meyilli olduğundan evdə vaxtaşırı mübahisələr edirdi: “Tamerlan səbəbsiz yerə evin əşyalarını sındıraraq məhv edib. O, içkiyə pul tapmayanda anam Sədaqətin pensiyasını əlindən alır, bəzən isə onu söyür və döyürdü. Artıq içki içmədikdə belə onun əlləri əsirdi”.

Apelyasiya instansiyasında işi araşdıran hakim heyəti tərəfləri dinləyəndən sonra qərar elan edib. Qərara görə, həm prokurorluğun protesti, həm də təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm