Xaçmaz sakini anasını söyən gənci öldürdü – Bir qətlin təfərrüatı
Bizi izləyin

Hadisə

Xaçmaz sakini anasını söyən gənci öldürdü – Bir qətlin təfərrüatı

Xaçmaz şəhər sakini, 1996-cı il təvəllüdlü Əlihüseyn Fətullayev həmyerlisi Polad Nəbiyevi bıçaqlayaraq öldürüb.

Publika.az xəbər verir ki, Əlihüseyn Fətullayev 13 noyabr 2014-cü il tarixdə, saat 19.30-da Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsindəki “Çempion” adlı internet klubun qarşısında sərxoş vəziyyətdə tanışı Polad Nəbiyev ilə mübahisə edib.

Həmin vaxt Polad Nəbiyev fiziki cəhətdən zəif olan Əlihüseyni ələ salaraq şəxsiyyəti alçaldan ifadələr işlədib. Bu azmış kimi, yumruğunu başının üzərinə qaldıraraq onu vurmaqla da hədələyib. Əlihüseyn isə Polad Nəbiyevə gücü çatmayacağını görərək onu öldürmək qərarına gəlib.

13 il cəza

Əlihüseyn Fətullayev 92 saylı Peşə Liseyinin qarşısına gəlib. Burada onu P.Nəbiyev gözləyirdi. Ora çatan Əlihüseyn əlindəki mətbəx bıçağı ilə Polad Nəbiyevin sol döş qəfəsi nahiyəsindən zərbə endirib. O, kəskin qan itirməsindən elə hadisə yerindəcə keçinib.

Əlihüseyn Fətullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlihüseyn Fətullayev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Əlihüseyn Fətullayevin vəkili Rəşad Novruzəliyev apelyasiya şikayəti verərək müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Digər uşaqlara da atmacalar atıb”

Əlihüseyn Fətullayev bildirib ki, həftənin şənbə və bazar günlərində fərdi qaydada Xudat şəhər kənd təsərrüfatı məhsullarının satışı aparılan bazarda çörək pulu qazanmaq üçün fəhləlik edirdi: “Polad Nəbiyevi iki ilə yaxındır ki tanıyırdım. Polis heç nədən tez-tez mənə sataşıb, atmacalar atırdı. O hətta bir dəfə keçən ilin yayında məni səbəbsiz yerə kompüter salonunda döydü. Bundan başqa Polad digər uşaqlara da atmacalar atır, fiziki cəhətdən güclü və davakar olduğuna görə heç kim Polad Nəbiyevə baş qoşmurdu”.

“Polad gücünə arxalanırdı”

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən günü, günorta saat 2 radələrində tanışı Bəxtiyara məxsus çayxanada təkbaşına yarım litr araq içib: “Həmin vaxt ora Məlik adlı şəxslə Polad da gəldi. Axşam oradan çıxaraq həmişəki kimi “Xəzər” parkına getdik. Yenə də özümə qarşı Poladın acıqlı və dəyişkən münasibətini hiss etdim. Heç bir səbəb olmadan yaxamdan tutaraq məni vurmaqla hədələdi. Polis mənimlə zarafat etməyə başladı, ona bu cür zarafatlar etməməsini söylədim. Aramızda mübahisə başladı. Polad gücünə arxalanırdı. Mənə yumruq silkələyərək anamı söydü”.

“Anam arxamca ağlaya-ağlaya gəldi”

Əlihüseyn Fətullayev bildirib ki, daha sonra yaşadığı N.Nərimanov küçəsindəki 68 saylı binada yerləşən mənzillərinə gəlib: “Masanın üstündən bıçağı götürərək evdən çıxdım və qaça-qaça peşə liseyinin qarşısına gəldim. Poladın tək dayandığını görərək onun üstünə hücum etdim. Ona “səni bıçaqlayıb öldürəcəm” deyərək sağ əlində tutduğu bıçaqla onun döş qəfəsindən vurmağa başladım. Polad zərbələrdən yerə yıxıldı. Həmin vaxt özümü itirdiyimdən oradan qaçaraq bağımıza getdim. 1-2 dəqiqədən sonra anam arxamca ağlaya-ağlaya gəldi və təxminən 15 dəqiqədən sonra polis əməkdaşları gələrək məni apardılar”.

Mərhumun anası Məryəm Hüseynova bildirib ki, həmin axşam Leyla adlı qonşusu evə gəlib və oğlu Poladın peşə liseyinin qarşısında qan içində uzandığını gördüyünü xəbər verib: “Deyilən yerə getdim. Oğlumun qan içində yerdə uzandığını gördüm. Eşitdiyimə görə, hadisədən əvvəl internet klubun içərisində, ardınca isə küçədə Əlihüseynlə Polad nə üstündəsə mübahisə ediblər. Sonra Əlihüseyn oğlumu bıçaqlayaraq öldürüb”.

Apelyasiya instansiyasında işə baxan hakim heyəti Əlihüseyn Fətullayevin apelyasiya şikayətini qismən təmin edib. Məhkəmənin qərarına görə, Əlihüseyn Fətullayevin cəzasından 1 il çıxılıb və onun barəsində qəti olaraq 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, Əlihüseyn Fətullayev 2012-ci ildə nənəsi Lətifə Məmmədovanın evindən qızıl-zinət əşyaları oğurladığına görə Xaçmaz rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub və 2013-cü ilin yanvar ayında rayon məhkəməsinin hökmü ilə 600 manat məbləğində cərimə cəzasına məhkum olunub.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm