İtaliyada Azərbaycana məxsus yük maşını qaçırılıb - FOTO
Bizi izləyin

Hadisə

İtaliyada Azərbaycana məxsus yük maşını qaçırılıb - FOTO

İtaliyada qaçırılan Azərbaycana məxsus yük avtomobili tapılıb.

Bu barədə APA-ya açıqlamasında Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan türkiyəli iş adamı Müzəffər Koyugölgə məlumat verib.

"Aparılan danışıqlardan bir neçə gün sonra İtaliya polisi yük maşınını tapıb. Lakin 160 min dollar dəyərində 22 ton fındıq maşında olmayıb".

Onun sözlərinə görə, Azərbaycan mətbuatı hadisəni gündəmə gətirəndən sonra rəsmi qurumlar məsələyə çevik reaksiya verib: “Bu məlumat yayılan kimi Türkiyənin və Azərbaycanın İtaliyadakı səfirlikləri hadisə ilə maraqlanmağa başladı və İtaliya polisi ilə danışıqlar aparıldı. Aparılan danışıqlardan bir neçə gün sonra İtaliya polisi yük maşınını tapdı. Lakin qaçırılanda maşının içərisində olan 160 min dollar dəyərində 22 ton fındıq məhsulu yox idi. İtaliya polisi yük maşınının bizə məxsus olmasını təsdiq edən sənədlər tələb etdi. Biz də həmin sənədləri Azərbaycanın Dövlət Yol Polisindən alaraq İtaliyaya göndərdik”.

M. Koyugölgə həmçinin qeyd edib ki, İtaliyada qaçırılan yük avtomobili tapılsa da, onu geri almaq hələlik mümkün olmayıb: “İtaliya polisi yük maşınını hələlik bizə qaytarmayıb. Bizə bildirdilər ki, məsələyə məhkəmə baxacaq və məhkəmə avtomobili bizə qaytarmaqla bağlı qərar çıxararsa, maşınımızı geri ala bilərik. İtaliya hüquq-mühafizə orqanları bizimlə elə davranır ki, sanki bu işin günahkarı bizik”.

M. Koyugölgə bir daha Türkiyənin və Azərbaycanın İtaliyadakı səfirliklərinə müraciət edərək yardım istəyib: “Ümid edirik ki, rəsmi şəxslər bizim xahişimizi eşidəcək və qısa bir zamanda avtomobilimizi geri ala biləcəyik”.

Qeyd edək ki, hadisə oktyabrın 16-da İtaliyanın paytaxtı Roma yaxınlığında qeydə alınıb. Zaqataladan 160 min dollar dəyərində 22 ton fındıq məhsulu ilə İtaliyaya yola düşən Azərbaycana məxsus yük avtomobilinə maskalı və silahlı şəxslər tərəfindən basqın edilib. Basqın edən şəxslər avtomobilin sürücüsü Necati Serini döyərək əl qolunu bağlayıb, dəniz kənarına atıblar. Avtomobili isə içərisindəki yüklə birgə qaçırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm