Bir bıçağa ərini öldürən qadın: “Rusiyada rusla evlənmişdi...”
Bizi izləyin

Hadisə

Bir bıçağa ərini öldürən qadın: “Rusiyada rusla evlənmişdi...”

Adətən tez-tez kişinin həyat yoldaşını öldürməsi ilə bağlı xəbərlərə rast gəlirik. Ancaq qadının da hərdən cana doyduğu vaxtlar olur. Göyçay rayon sakini Gülnarə İbrahimova da ərinin zorakılığından təngə gəldiyi üçün bıçağa əl atıb. Biz də yazımızda bu həyat hekayəsini qələmə alacağıq...

... Hadisə rayonun Çaxırlı kəndində olub. Kənd sakini, 1965-ci il təvəllüdlü Vəzir İbrahimov və həyat yoldaşı, 1974-cü il təvəllüdlü Gülnarə İbrahimova arasında ailə münaqişəsi zəminində dava-dalaş baş verib. Kişi qadını döyüb, qadın da mətbəxdən götürdüyü bıçağı ərinin buduna sancıb. Bıçaq ayağın “şah damar”ını kəsdiyi üçün Vəzir İbrahimov qısa vaxtda çoxlu qan itirib. Qadın qonşuların köməyi ilə ərini Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Əməliyyata götürülən yaralı qanitirmədən dünyasını dəyişib.

Gülnarə İbrahimova tutularaq istintaqa təhvil verilib.

Məlumata görə ailənin 3 övladı var. Ancaq hadisə zamanı onlar evdə olmayıb. Belə ki, ailənin qızı ailəlidir, oğulun biri Rusiyada yaşayır, biri isə hərbi xidmətdə olub.

Publika.az xəbər verir ki, Gülnarə İbrahimova Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilib. Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib, hakim Əli Süleymanovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Gedib Rusiyada rusla evləndi...”

Gülnarə İbrahimovanın sözlərinə görə, 1992-ci ildə Vəzir İbrahimovla ailə qurublar: “Həmin vaxtlar Vəzir Rusiyanın Yaroslavl şəhərində meyvə-tərəvəz ticarəti ilə məşğul olub. O, il ərzində bir və ya iki dəfə Göyçay rayonuna gəlib, bir-neçə gündən sonra isə Yaroslavla qayıdıb. Böyük oğlum Turan da təxminən 2009-cu ildən etibarən atasının yanına gedib və orada yaşamağa başlayıb.

Qızım Gülanə 2012-ci il tarixdə baldızım Şövkət Yusifovanın oğlu Seymur Yusifovla ailə həyatı qurub.

Kiçik oğlum Hilal isə 2014-cü ilin oktyabr ayından müddətli həqiqi hərbi xidmətdədir”.

Gülnarə İbrahimova bildirib ki, əri Vəzir Rusiya Federasiyasında olarkən Katya adlı rus qadınla ailə qurub: “Onların Diana və Seveta adlı iki qızları dünyaya gəlib. Vəzir rus qadından olan övladlarına və ailəsinə çox yaxşı baxıb, onları hər bir şeylə təmin edib. Bizə isə yaxşı baxmırdı. Bu səbəbdən də son zamanlar aramızda soyuqluq yaranmışdı. Vəzir sonuncu dəfə gələndə, bir neçə baş mal-qoyun aldı, yenidən Rusiyaya qayıtdı. Mən də evə odun almağa və oğlum Turana verməyə pulum olmadığı üçün mal-qoyunu satmışdım...”.

G.İbrahimova təqsirləndirilən şəxs qismində ifadəsində deyib ki, sonuncu dəfə V.İbrahimov Göyçay rayonuna 10 mart 2015-ci il tarixdə bacısı Təranənin oğlu Rahibin yas mərasiminə gəlib: “Həmin vaxt da aramızda münasibətlər yaxşı olmayıb. Martın 23-də saat təxminən 19-20 radələrində evdə olarkən Vəzir qonşuluqda yaşayan qardaşı Səməndərin evindən gəldi. Bu vaxt evdə ikimizdən başqa heç kim olmadı. Vəzir təxminən bir saata yaxın yataq otağında televizora baxdıqdan sonra mənə tərəf dönərək fikrimin nə olduğunu soruşdu. Heç bir fikrimin olmadığını bildirdim. Sonra üstümə qışqıraraq nə üçün mal-qaranı satdığımı soruşdu. Ona ailəsi üçün pul göndərmədiyini, odun almağa pulumuzun olmadığını, oğlumuz Turana verməyə pul tapmadığımı, bu səbəblərə görə satdığımı bildirdim. Bu zaman Vəzir məni söyüb-döyməyə başladı. Nə qədər çalışsam da, əl çəkmədi”.

Qadının sözlərinə görə, əri yataq otağında odun sobasının yanından götürdüyü taxta parçası ilə onun bədəninin müxtəlif nahiyələrinə vurmağa başlayıb: “Otaqdan çıxmaq istəyəndə, Vəzir təpiklə vuraraq məni yerə yıxdı. Bu vaxt onun telefonuna zəng gəldi. Telefonu götürərək cavab vermək istəyərkən, stolun üzərində olan mətbəx bıçağını götürdüm, Vəzirin sol bud nahiyəsinə sancdım. Bundan sonra özümü itirdiyimdən, bıçağı yataq otağındakı stolun üzərinə ataraq evdən qaçdım və bacım Təranəgilə getdim. Təranəgildə olarkən digər bacım Kəmalənin kiçik oğlu Elvin məndən nə baş verdiyini soruşdu. Elvinə ərim Vəzirin məni söyüb-döydüyünü, özümü müdafiə etmək məqsədilə onu bıçaqla vurduğumu dedim”.

G.İbrahimova qeyd edib ki, bacısı oğlu Elvinlə Çaxırlı kəndində yaşayan atası Əkbər Əsgərovun evinə gedib: “Həyəcanlı olduğumdan, atamgil nə baş verdiyini soruşdular. Onlara aramızda ciddi münaqişə baş verdiyini, Vəzirin məni döydüyünü, buna görə də onu bıçaqladığımı dedim...”.

O, sonradan ərinin aldığı xəsarətdən xəstəxanada öldüyünü eşidib: “Onu öldürmək fikrim olmayıb. Sadəcə, ərimin məni söyüb-döydüyü zaman özümü müdafiə etmək məqsədilə bıçağa əl atdım. Törətdiyim əməldən peşmanam”.

“Qardaşım ailəsinə yaxşı baxırdı...”

Mərhumun hüquqi varisi Səməndər İbrahimovun sözlərinə görə, Vəzir İbrahimov onun kiçik qardaşı olub: “Qardaşım Vəzir Rusiyanın Yaroslavl şəhərində ticarətlə məşğul olub. Hər zaman övladlarının qayğısına qalıb, ailəsinə yaxşı baxıb”.

S.İbrahimov qardaşının Rusiyada da ailəsinin olduğunu etiraf edib. Bildirib ki, Vəzirlə Gülnarənin əvvəllər münasibətləri yaxşı olsa da, təxminən 7-8 ay əvvəl aralarında soyuqluq yaranıb: “Vəzir sonuncu dəfə Göyçay rayonuna 10 mart 2015-ci il tarixdə gəlib. Gülnarənin bacısı oğlu Rahib dünyasını dəyişdiyi üçün yas mərasiminə gəlmişdi. Martın 23-də saat 19-20 radələrinədək mənim evimdə olub. Bir qədər söhbət etdikdən sonra öz evinə getdi. Saat 22 radələrində isə evinin həyətindən qışqırtı eşitdim. Çölə çıxan zaman qardaşım qışqıra-qışqıra qanaxması olduğunu, təcili olaraq həkim çağırmağımı bildirdi. Ona yaxınlaşanda, sol budunun arxa tərəfində qanaxma olduğunu gördüm. Nə baş verdiyini soruşdum. Vəzir arvadı Gülnarə tərəfindən bıçaqlandığını bildirdi. Vəzirdən Gülnarənin nə üçün belə bir hərəkət etdiyini soruşdum. O, aralarında münaqişə baş verdiyini, buna görə də Gülnarənin onu vurduğunu söylədi. Bundan sonra Vəziri oğlumun avtomobili ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına apardıq. Xəstəxanada tibbi yardım göstərilməsinə baxmayaraq, o, aldığı xəsarətdən dünyasını dəyişdi. Gülnarədən etdiyi hərəkətə görə şikayətçiyəm. Çünki Gülnarə həmin xəsarəti yetirərkən bilirdi ki, Vəzir infarkt keçirib, ağır şəkər xəstəsidir və hər hansı bir xəsarət onun ölümünə səbəb ola bilər”.

Hökm

Məhkəmənin hökmü ilə Gülnarə İbrahimova 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin hökmdən narazı qalaraq apellyasiya şikayəti verib. O, şikayətində əməlinin Cinayət Məcəlləsinin 123-cü (zəruri müdafiə həddini aşmaqla adamöldürmə) maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyasından da aşağı həddə cəza təyin edilməsini istəyib.

G.İbrahimovanın apellyasiya şikayəti araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçən prosesdə şikayət təmin edilməyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm