80 manatlıq cinayətin TƏFƏRRÜATI
Bizi izləyin

Hadisə

80 manatlıq cinayətin TƏFƏRRÜATI

Zəhmət haqqını kəsdiyinə görə evində işlədiyi Elnur Əsgərovu bıçaqlayan 1983-cü il trəvəllüdlü Şəmkir rayon sakini Sakit İsmayılovun məhkəmə prosesi yekunlaşıb.

Publika.az xəbər verir ki, hadisə ötən ilin oktyabr ayında baş verib, Belə ki, Sakit İsmayılov evində usta işləyən Elnur Əsgərovun pulunu kəsməsi qanlı cinayətlə sona çatıb. Istintaq materiallarına görə, Sakit İsmayılov Elnur Əsgərovdan zəhmət haqqı olaraq 80 manat istəyib. Amma ev sahibi işin bir hissəsini özünün gördüyünü əsas gətirərək 20 manat ədəyəcəyini buildirib. Bu səbəbdən Sakitlə Elnurun arasında mübahisə yaranıb. Elnur Əsgərov Sakit İsmayılovu təhqir edib. Əsəblərinə hakim ola bilməyən Sakit evlərinə gedərək bıçaq götürüb. Elnur Əsgərovun yaşadığı küçəyə qayıdan Sakit, ona həyat yoldaşı və bacısının gözləri önündə çoxsaylı bıçaq zərbələri endirib.

Xöşbəxtlikdən vaxtında xəstəxanaya çatdırılan Elnurun həyatını xilas etmək mümkün olub.

Sakit İsmayılov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin sağlamlığına xəsarət yetirmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib.

“Ailəmin yeganə qazanc gətirəni olmuşam”

Məhkəmədə Sakit İsmayılov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, yaşadığı Dəllər qəsəbəsi və ona yaxın olan ətraf ərazilərdəki evlərdə usta işləyib və pul qazanmaqla ailəsini dolandırıb: “İki körpə uşağım var, arvadım evdar qadındır. Ailəmin yeganə qazanc gətirəni mən olmuşam. Elnur Əsgərovu həmkəndlim kimi tanımışam. Onunla həmkəndlim kimi münasibətlərim həmişə normal olub, aramızda ədavət və ya düşmənçilik olmayıb. Elnur kənddə məndən dörd küçə aralıda yaşayır”.

Sakit İsmayılovun sözlərinə görə, 2014-cü ilin sentyabr ayının əvvəllərində Elnurun evinin mətbəxində suvaq işləri görüb: “Elnur həyətinə giriş darvazasının bayır hissəsinə beton tökülməli olduğunu və həmin işi də görməyimi bildirdi. Bundan sonra Elnurun bacısı Elduzəgildə suvaq işi gördüm. Orada işini qurtardıqdan sonra Elnurun xahişi ilə onlarda işləməyə başladım. Betonun hər kvadratmetrini 3 manatdan tökdüyümü, ancaq Elnurun özü də köməklik edəcəyinə görə hər kvadratmerinə görə iki manat zəhmət haqqı alacağım barədə razılaşdıq.

“Elnur ana-bacı söyüşü söydü”

İşin gedişində hissə-hissə Elnurdan cəmi 45 manat almışam. Oktyabrın 4-də, axşam saatlarında işi qurtardım. Həmin vaxt Elnur özü evdə yox idi. Onun həyat yoldaşı Aygünün yanında tökdüyüm betonun sahəsini ölçərək 125 manatlıq iş gördüyümü hesabladım. Zəng edərək bu barədə Elnura aldığım 45 manatı çıxdıqdan sonra 80 manat verməli olduğunu bildirdım. Elnur da işi olduğunu, sabah görüşərək söhbət edəcəyini bildirdi. Elnurun sözündən sonra evimə getdim. Səhəri gün saat 12 radələrində pulumu almaq üçün Elnurun evinə getdim. Həmin vaxt Elnur və arvadı Aygün evdə idi. Elnura yenə 125 manatlıq iş gördüyümü, ondan 45 manatını aldığımı və 80 manat verəcəyi olduğunu dedim. Elnur özünün də işlədiyini və buna görə mənimlə şərik olduğunu, bundan sonra mənə 20 manat verəcəyini bildirdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Elnur ana-bacı söyüşü söydü. Ata-anamın rəhmətə getdiyinə görə Elnurun zəhmət haqqımı verməməsi və etdiyi söyüşlər mənə pis təsir etdi. Ona heç bir söz demədən iş alətlərimi götürərək oradan getdim.

“Yumruqla məni vurmaq istədi”

Həmin vaxt qurban bayramı ərəfəsi idi. Evimə bazarlıq etməyə pulum da yox idi. Bu məni daha da əsəbiləşdirdi. Bir il əvvəl mağazadan aldığım bıçağı götürərək Elnurun evinə qayıtdım. Elnuru küçəyə çağırdım. Elnur söyüş söyüb üzərimə yeridi. Çatan kimi mənə yumruq atdı. Dizimi qabağa verərək boynunun arxasından tutub əlimdəki bıçaqla kürəyinə zərbə endirdim. Elnur yenə mədən əl çəkmədi. Üstümə gəldi. Elnura qarşı çox əsəbi idim. Qeyri-ixtiyari ona bir neçə zərbə vurmuşam. Bir an sonra özümə gəldim, etdiyim əməldən peşiman olub, oradan uzaqlaşdım. Elnurun Elşənin maşını ilə xəstəxanaya aparıldığını görüb, bir taksi ilə xəstəxanaya gəldim. Orada polis əməkdaşları Elnuru kimin vurduğunu soruşdu. Elnuru vurduğumu etiraf edərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getdim”.

Məhkəmənin hökmü ilə Sakit İsmayılov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Sakit İsmayılov apelyasiya şikayəti verib. O, şikayətində daha yüngül cəzanın verilməsini istəyib. Həmçinin Baş prokurorluqda apelyasiya protesti verərək Sakit İsmayılovun cəzasının ağırlaşdırılmasını tələb edib.

Tərəflərin şikayətləri araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya instansiyasında iş hakim Bədəl Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorluğun protesti təmin edilib və Sakit İsmayılovun cəzası 6 il 6 aya qədər artırılıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm