Bakıda atəşfəşanlıq oldu - FOTO
Bizi izləyin

Hadisə

Bakıda atəşfəşanlıq oldu - FOTO

2015-ci il sona çatdı. Yola saldığımız il tarixdə ölkəmizin dinamik inkişafı ili kimi qalacaq. Azərbaycan yola saldığımız ildə də beynəlxalq mövqelərini möhkəmləndirib, iqtisadi artım tempinə görə lider mövqeyini qoruyub saxlayıb. “Kənd təsərrüfatı” ili olan 2015-ci ildə aqrar sektorda təxminən 7 faiz artım qeyd alınıb.

Azərbaycanın iqtisadi sahədə apardığı siyasət mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 40-cı yerdədir. Bu, böyük və tarixi nailiyyətdir.

2015-ci ildə Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması, həmçinin ordumuzun güclənməsi istiqamətində də ciddi işlər görülüb.

Ötən ildə Azərbaycan bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Azərbaycanın tarixdə ilk dəfə olaraq birinci Avropa Oyunlarına, eləcə də III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, III Qlobal Bakı Forumuna və digər mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi, həmçinin ölkədə şəffaf, demokratik parlament seçkilərinin keçirilməsi, əsas səhmdarı və investoru Azərbaycan olan Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsinin təməlinin qoyulması yola saldığımız ildə tariximizə yazılmış ən yaddaqalan hadisələrdəndir.

Avropa Oyunlarında Azərbaycan idmançıları parlaq qələbələrə imza atdılar. Onlar 56 medal qazanaraq komanda hesabında ikinci yeri tutdular. Bu il isə Bakı 2016-cı ildə keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarına, Dünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Yeni ildə paytaxtımızda daha bir mötəbər tədbir – BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tarixə uğurlu il kimi yazılan 2015-ci il möhtəşəm atəşfəşanlıqla yola salınıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda təşkil olunan bayram atəşfəşanlığını paytaxtın minlərlə sakini izləyib.

Bulvar ərazisində müxtəlif yerlərdə hündür şam ağaclarının bayramsayağı bəzədilməsi və işıqlandırılması Dənizkənarı Milli Parka xüsusi gözəllik verirdi.

Bu möhtəşəm gözəlliyi seyr etmək üçün şəhərimizin küçə və meydanlarına axışan bakılılar və paytaxtımızın qonaqları əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində gündən-günə gözəlləşən, yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraq və heyranlıqla seyr edirdilər.

Köhnə ili xoş ovqatla yola salan xalqımız Yeni ilə yeni arzular, ümidlər və qələbələr sorağı ilə qədəm qoydu.

Qədəmlərin uğurlu olsun, 2016-cı il.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm