Nəvəsini boğan babanın arvadı: "Kişiyə deyirdi ki, sən qeyrətsizsən" - VİDEO
Bizi izləyin

Hadisə

Nəvəsini boğan babanın arvadı: "Kişiyə deyirdi ki, sən qeyrətsizsən" - VİDEO

Dəhşətli qətlin yeni təfərrüatı üzə çıxdı.

Bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda baş vermiş qətlin təfərrüatı məlum olub. Nəvəsini qətlə yetirən baba törətdiyi cinayətin səbəbləri barədə açıqlama verib.

Ağdam rayon sakini, 71 yaşlı Rafiq Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu yaşadığı evdə boğaraq amansızlıqla qətlə yetirib. İstintaqa ifadə verən Rafiq Bayramov hadisədən bir neçə gün əvvəl Rəsulzadə qəsəbəsində yaşayan qızının evinə gəldiyini söyləyib. O, yeniyetmə nəvəsi Tural Bayramova evə gec gəlməsinə və anasının sözünə baxmamasına görə onu danlayıb. Nəsihətə qulaq asmayan nəvəsi onu söyəndə Rafiq Bayramov əlini qana bulamalı olub.

Rafiq Bayramov - saxlanılan şəxs: "Tezdən bacısı ilə anası məktəbə getdilər. Sonra da Tural oyandı. Gördüm ki, gözlərinin altı qapqaradır. Dedim ki, sənə başa salmışam ki, getmə başqa yerlərə, siqaret çəkmə, məktəblisən. Mənə dedi ki, sənə nə var? Mübahisəmiz başladı, məni söydü. Səbrimi cilovlaya bilmədim, bir anda boğub öldürdüm".

Hadisədən sonra nəvəsinin meyitini parçaya bükərək çarpayının altında gizlədən baba yaşadığı Ağdam rayonunun Çəmənli kəndinə gedib. Meyit isə bir neçə gün orada qalıb. Yeniyetmə Tural Bayramovun anası və bacısı isə onu evə gəlmədiyi üçün axtarmağa başlayıblar. Yenidən Bakıya qayıdan Rafiq Bayramov isə evdə özünü heç nədən xəbərsiz kimi aparıb. Sonra isə nəvəsinin meyitini maşınına qoyaraq Ağdamda basdırmağa aparıb.

"Məqsədim var idi ki, onu dəfn eləyim, çörək vermişəm ona çünki. Səhər saat 8-də onu maşına qoydum, apardım. Anasına zəng elədim ki, bu uşaq tapılıb, onu öldürüblər, gətirirəm dəfn eləməyə. Aparıb dəfn elədim".

Hadisədən xəbər tutan Binəqədi polis və prokurorluq əməkdaşları dərhal rayona gedərək Rafiq Bayramovu cinayəti törətməkdə şübhəli bilinən şəxs qismində saxlayıblar. Meyit qəbirdən çıxarılaraq ekspertizaya göndərilib. Dindirmə zamanı Rafiq Bayramov əməli tək törətdiyini və səbəbin isə söyüş olduğunu deyib.

Mərhumun nənəsi, qatil babanın həyat yoldaşı Güllü Bayramovanın da fikirlərini öyrənməyə çalışdıq. Yaşlı qadın hadisənin namusla heç bir əlaqəsinin olmadığını bildirib:

"O uşaq yolunu azmışdı, babasının üzünə qayıdırdı. Uşağa öyüd verib ki, ay bala, yetim uşaqsan, səni böyütmüşük, əziyyət çəkmişik, anan da yazıqdır, düz yola qayıt, pis uşaqlara qoşulma. Nəşəxorlara qoşulmuşdu. Kişi ilə dalaşıb, deyib ki, sən qeyrətsizsən. Kişi də deyib ki, mən 7 oğul böyütmüşəm, şəhidim var mənim, necə yəni qeyrətsizəm? Şəhidinə söydüyünə görə uşağı öldürüb".

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda başlanan cinayət işi üzrə araşdırmalar davam edir. (Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm