• USD 1,7000 0,00% EUR 1,8828 +0,13%
    • GBP 2,2019 +0,23% RUB 0,0266 -0,38%

Dələduz bankirin atasına daha bir zərbə

  • Hadisə
  • 12 Fevral 2016 18:45
  • 1 302 Baxış
Dələduz bankirin atasına daha bir zərbə

Bu gün Bakı Apelyasiya Məhkəməsində 81 nəfərin ümumilikdə 38 milyon manatdan çox pulunu mənimsəməkdə təqsirli bilinən “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun işi üzrə məhkəmə prosesi başa çatıb.

Bir qrup zərərçəkmiş vətəndaşın vəkili Aqil Layıcov Teleqraf.com-a bildirib ki, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, Zal Yusifovun atası Zakir Yusifovun üzərində həbs qoyulan əmlaklarının özünə qaytarılması ilə bağlı apelyasiya şikayəti təmin ediliməyib.

Məhkəmə Zal Yusifovun əmlakları vətəndaşların pulları hesabına əldə etdiyini təsdiqləyib. Bu səbəbdən də üzərinə həbs qoyulmuş əmlakların hərrac yolu ilə satılması və zərərçəkmişlərə dəymiş ziyanın qaytarılması təmin olunacaq.

Qeyd edək ki, 81 nəfərin milyonlarla manat vəsaitini mənimsəmiş “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov məhkum olunsa da, cinayət işi üzrə adı keçən zərərçəkmişlərə dəymiş ziyan ödənməyib.

2010-cu ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilən Zal Yusifov həm istintaq dövründə, həm də məhkəmə araşdırması zamanı etiraf edib ki, üzərinə həbs qoyulan “Humay” şadlıq sarayı onun özünə məxsusdur.

Cinayət işinin araşdırıldığı məhkəmədə də əmlakların Zal Yusifova məxsus olduğu tam sübuta yetirilib, buna görə də həmin əmlakların hərrac yolu ilə satılması, əldə olunan pul vəsaitlərinin zərərçəkmiş şəxslərə ödənilməsi barədə qərar qəbul edilib.

Amma dələduz bankirin ahıl atası Zakir Yusifov illərdir ki, sözügedən əmlakların satışa çıxarılmasını əngəlləyir. Saxta sənədlərdən istifadə edən Zakir Yusifov Ali Məhkəmədə cinayət işinin növbəti dəfə apelyasiya instansiyasında araşdırılmasına nail olub.

Zakir Yusifov saxta sənədlər təqdim eləməklə iddia edir ki, əmlaklar onun özünə məxsusdur. Amma bundan əvvəl apelyasiya instansiyasında mülklərlə bağlı ayrı-ayrı hakim kollegiyalarında araşdırma aparılıb, əmlakların Zakir Yusifova aid olduğu sübuta yetirilib.

Ali Məhkəmə Zakir Yusifovun iddiasına sonuncu dəfə ötən il noyabrın 14-də baxıb və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib. Həmin vaxt üzərinə həbs qoyulan mülklər artıq Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası İdarəsinin Binəqədi rayon şöbəsi tərəfindən hərraca da çıxarılıb. Amma Ali Məhkəmədə qərarın ləğv edilməsinə nail olan Zakir Yusifov növbəti dəfə mülklərin satışa çıxarılmasına mane ola bilib.

Qeyd edək ki, Zakir Yusifov “Humay” şadlıq sarayı, həmçinin iki bloklu, dörd mərtəbəli villa və digər mülklərin oğluna yox, özünə məxsus olduğunu iddia edir. Amma ortaya bu əmlakları hansı vəsait hesabına əldə etməsi ilə bağlı fakt qoya bilmir.

Həqiqətdə isə Zakir Yusifovun oğlu Zal Yusifov bankir olandan sonra onlarla vətəndaşın etimadını qazanaraq onları dələduzluq yolu ilə aldatmağa başlayıb, pullarını alıb, beləliklə, külli miqdarda var-dövlətə yiyələnib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR