• USD 1,7000 0,00% EUR 1,8823 -0,03%
    • GBP 2,1950 -0,31% RUB 0,0266 0,00%

Arxadan zərbə: dayıoğlu bibiqızını toyuğa görə öldürdü - BİR QƏTLİN TARİXÇƏSİ

  • Hadisə
  • 20 Fevral 2016 18:29
  • 4 035 Baxış
Arxadan zərbə: dayıoğlu bibiqızını toyuğa görə öldürdü - BİR QƏTLİN TARİXÇƏSİ

Publika.az “Bir qətlin tarixçəsi” rubrikasında ailə məişət zəminində törədilmiş daha bir qətlin təfərrüatını təqdim edir.

İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Vüsal Tağıyev bibisi qızı, 1994-cü il təvəllüdlü Emiliya Hüseynovanı öldürüb. Hadisə ötən ilin aprelin 21-də törədilib. Vüsal həmin gün saat 14 radələrində İmişli rayonunun Qaragüvəndikli kəndindəki evlərində onlarla bir evdə yaşayan bibisi qızı Emiliya ilə mübahisə edib. Dayıoğlu-bibiqızı arasında mübahisə toyuq-cücə üstündə düşüb...

Cinayət və cəza

Emiliyanın onun yataq otağında toyuq-cücə saxladığını görən Vüsal qızla mübahisə edib. Daha sonra Emiliya mətbəxə keçib. Ürəyi soyumayan Vüsal isə bibisi qızını öldürmək qərarına gəlib. Bu məqsədlə onu kürəyindən bıçaqlayıb. Bıçaq qızın ürəyinə işləyib, o, yerindəcə keçinib...

Vüsal Tağıyev həbs olunub, Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahı, soyuq silah gəzdirmə və s.) maddələri ilə təqsirləndirilib.

Sonra da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib. Lakin hökmdən narazı qalaraq apellyasiya şikayəti verib, işinə yenidən baxılmasını istəyib.

Şikayət araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib, hakim Amil Dosiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb...

Təfərrüat

Apelyasiya məhkəməsində ifadə verən Vüsal Tağıyev bildirib ki, 21 aprel 2015-ci il tarixdə, saat 10.30 radələrində heyvan otarmaqdan evə qayıdıb: “Həmin vaxt atam, bibim və bibim qızı evdə idi. Gördüm ki, bibim qızı Emiliya cücələri mənim yatdığım otaqda soba olduğundan, yerləri isti olsun deyə, ora salıb. Buna görə bibimə dedim ki, Emiliya cücələri oradan yığışdırsın. Çünki cücələrin qoxusu, həmçinin, səs-küyü məni narahat edirdi. Saat təxminən 13.30 radələrində Emiliya ilə cücələrin otağımdan çıxarılması ilə əlaqədar aramızda mübahisə yarandı. Emiliyaya otaqdakı cücələri oradan çıxarmasını tapşırdım. O isə qışqıraraq dedi ki, “yeri get o tərəfə, cəhənnəm ol”. Həmin vaxt Emiliya evin giriş hissəsində yerləşən mətbəxdə dayanmışdı. Ona səsini kəsməsini desəm də, daha da ucaldaraq qışqırmağa başladı. Mən də dediyi sözlərə və qışqırmasına görə əsəbiləşdim. Otağımdan çıxaraq Emiliyaya tərəf getdim, yaxınlaşıb yenə də səsini kəsməsini istədim. O isə yenə də qışqırmağa başladı, mənə qarğış etdi. Daha da əsəbiləşərək hər gün mal-qara otarmağa gedərkən cibimdə gəzdirdiyim açılıb-qatlanan cib bıçağını çıxarıb Emiliyanın kürək nahiyəsinə zərbə endirdim. O, yıxılmadı, heç nə olmamış kimi, nə üçün onu bıçaqladığımı soruşdu. Mən daha onu vurmadım. Həmin vaxt atam həyətdəymiş, səs-küyü eşidərək içəri gəldi və bizi ayırdı...”.

Sonrakı peşmançılıq...

Vüsal Tağıyev əməlindən peşman olduğunu deyib, məhkəmədən cəzasını yüngülləşdirməyi xahiş edib: “Emiliyanı vurduqdan sonra bıçağı da götürüb evdən çıxdım. Atam bayıra çıxmağımı gördü və arxamca gələrək bıçağı əlimdən aldı. Sonra kirvəm və həmkəndlim olan Ordu Tağıyevin evinə getdim. Ona Emiliyanı vurduğumu deyərək təslim olmaq üçün məni polis şöbəsinə aparmasını xahiş etdim. Ordu avtomobili ilə məni rayon polis şöbəsinə gətirdi. Orada könüllü olaraq cinayət törətdiyimi etiraf etdim. Törətdiyim cinayət əməlinə görə peşmanam. Əsəbiləşdim, səbirsizlik etdim, özümü saxlaya bilmədim. Onu qəsdən öldürmək niyyətim olmayıb. Bu hadisənin mənəvi zərbəsi mənim üçün çox ağırdır. Bütün bunlara baxmayaraq, məhkəmə barəmdə ağır cəza təyin edib. Apellyasiya şikayətimin təmin edilməsini və cəzamın yüngülləşdirilməsini istəyirəm”.

Onun vəkili Ulduzə Əhmədova da çıxışı zamanı müdafiə etdiyi şəxsin apellyasiya şikayətinin təmin edilməsini xahiş edib. Amma dövlət ittihamçısı Ədalət Əzimov müdafiə tərəfinin şikayətinin əsassız olduğunu deyib, təmin edilməməsini istəyib.

Tərəfləri dinləyən hakim şikayəti təmin etməyib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb...

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR