Bakıda yol polislərini döyənlər tutuldu (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Bakıda yol polislərini döyənlər tutuldu (YENİLƏNİB)

Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar polis əməkdaşlarına qarşı həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq etmə ilə müşayiət olunan hərəkətlərə yol verməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb ediliblər.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, fevralın 24-də paytaxtın Xəzər rayonu ərazisində rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xidmətdə olan polis serjantları Vüqar Abbasov və Ceyhun Ağayev tərəfindən işıqforun qadağanedici siqnalında hərəkət edən “VAZ 2107” markalı 10-DL-542 dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verilməsinə baxmayaraq, sürücü yol polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq yüksək sürətlə hərəkətini davam etdirməklə yaşadığı Mərdəkan qəsəbəsi, Qızılqum bağlar masisivində avtomobilini saxlayıb.

Avtomobili saxladıqdan sonra sürücü Rakif Abdullayev, avtomobildə olan qardaşı Gülbala Abdullayev və atası Rafiq Abdullayev ətrafda olan daş, taxta və digər küt alətlərdən istifadə edərək polis əməkdaşları V.Abbasova və C.Ağayevə fiziki zor tətbiq etməklə müxtəlif bədən xəsarətləri yetiriblər.

V.Abbasov aldığı xəsarətlərlə bağlı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib, C.Ağayevə isə ambulator tibbi yardım göstərilərək evə buraxılıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb və məhkəmə-tibbi ekspertizaları təyin edilib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nətiəsində Rakif, Gülbala və Rafiq Abdullayevlər cinayəti törətməkdə şübhəli şəxs qismində tutulublar.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

***

Bakıda sürücü və qohumları Dövlət Yol Polisi (DYP) əməkdaşlarına hücum edərək onlara xəsarət yetirib.

“Report”un xəbərinə görə, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, Mərdəkan qəsəbəsi, Qızıl qum yaşayış massivində yaşayan 30 yaşlı Rakif Abdullayev “VAZ 2107” markalı avtomobili idarə edərkən işıqforun qadağanedici siqnalına (qırmızı işıq) əhəmiyyət verməyərək hərəkətinə davam edib.

Həmin vaxt orada xidmətdə olan Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polis İdarəsinin əməkdaşları Vüqar Abbasov və Ceyhun Ağayev tərəfindən “VAZ 2107” avtomobilinin sürücüsünə “Saxla” əmri verilib. Lakin buna baxmayaraq, R.Abdullayev avtomobilin sürətini artıraraq yoluna davam edib.

O, avtomobili yaxınlıqda - yaşadığı evin arxasında saxlayıb. Bundan sonra sürücü Rakif Abdullayev, onun atası, 51 yaşlı Rafiq Abdullayev və qardaşı, 29 yaşlı Gülbala Abdullayev avtomobildən düşərək onlara bir qədər əvvəl “Saxla!” əmri vermiş polis əməkdaşlarına taxta parçası ilə hücum edərək, polislərə ağır xəsarətlər yetiriblər. Polis serjantları 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. C.Ağayev tibbi yardım aldıqdan sonra evə buraxılıb. V.Abbasov isə müalicəsini davam etdirir.

Xuliqanlıq törədən şəxslər Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb, istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm