Çay süfrəsində benzin davası – BİR QƏTLİN TARİXÇƏSİ
Bizi izləyin

Hadisə

Çay süfrəsində benzin davası – BİR QƏTLİN TARİXÇƏSİ

Publika.az "Bir qətlin tarixçəsi" rubrikasında mübahisə zəminində törədilmiş daha bir qətlin təfərrüatını təqdim edir.

 

Lənkəran şəhər sakini, 1987-ci il təvəllüdlü Adil Ağayev həmyerlisi, 39 yaşlı Eyvaz Paşayevi bıçaqlayaraq öldürüb. Hadisə 2014-cü il noyabrın 28-də törədilib.

 

Çay süfrəsində benzin söhbəti

 

Adil Ağayev həmin gün axşam saat 9 radələrində onunla eyni məhəllədə yaşayan tanışı, 1975-ci il təvəllüdlü Eyvaz Paşayevin idarə etdiyi "Nissan" markalı maşına yanacaq alıb, birlikdə Lənkəran şəhəri ərazisində gəziblər.

Həmin vaxt Eyvaz yenidən maşına yanacaq lazım olduğunu bildirib. Adil yenə yanacaq alıb. Amma Eyvaza irad da tutub. Bu üzdən tanışlar arasında qısa mübahisə yaranıb. Mübahisəyə son qoymaq istəyən A.Ağayev E.Paşayevi tanışları Vasif İsayevə məxsus olan, Lənkəran şəhərində Sahil parkı adlanan ərazidə yerləşən çayxanaya dəvət edib.

 

Onlar birlikdə həmin çayxanaya gediblər. Orada çay süfrəsi arxasında oturaraq söhbət etdikləri zaman yenidən mübahisələri düşüb və bir-birilərini söyüblər.

Bu zaman Eyvaz Adilin sifətinə sillə və yumruq zərbələri vurub.  Bundan əsəbiləşən Adil isə çay süfrəsində olan büllur külqabını və stəkanı Eyvazın başına çırpıb.

 

Daha sonra onlar çayxanadan çıxıblar, hərə öz evinə yollanıb. Bir müddətdən sonra yenidən çayxanaya qayıdan A.Ağayev yolda tanışı Məhərrəm Qurbanovla rastlaşıb. Onlar Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin yaxınlığında dayanaraq söhbət ediblər. Bu zaman idarə etdiyi avtomaşınla ora gələn Eyvaz Paşayev yenidən mübahisəni davam etdirib.

 

Eyvaz Paşayev Adil Ağayevi nalayiq sözlərlə təhqir edib, üzərinə hücum çəkərək sillə ilə bir dəfə sifətinə zərbə vurub. Adil isə işlətdiyi nalayiq ifadələrə görə ondan qisas almaq qərarına gəlib. Bu səbəbdən, mübahisənin gedişində özündə saxladığı bıçaqla Eyvaz Paşayevə iki dəfə zərbə vurub, hadisə yerini tərk edib.

E.Paşayev kənar şəxslərin köməyi ilə əvvəlcə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına, sonra isə Bakıdakı 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Ona göstərilən tibbi yardıma baxmayaraq, aldığı qapalı kəllə-beyin travmasından 17 dekabr 2014-cü ildə xəstəxanada ölüb...

 

Hər iki tərəfi narazı salan hökm

 

Adil Ağayev Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəbolma) maddəsi ilə ittiham edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum olunub.

 

Lakin hökmdən narazı qalıb və apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

 

Həmçinin, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması ilə bağlı zərərçəkmiş tərəf də apellyasiya şikayəti verib. Tərəflərin şikayəti araşdırılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.

 

Apellyasiya şikayəti hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Zərərçəkmişin hüquqi varisi Gülxanım Əbülfətova bildirib ki, Adil Ağayev birinci instansiya məhkəməsində törədiyi cinayət əməlindən peşman olmadığını formal olaraq bildirib: "Adil Ağayev ifadə verərkən qeyri səmimi olub, məhkəməni və prokuroru aldatmağa çalışıb. İşə baxılarkən bu cinayətdə başqa şəxslərin də əli olması barədə çoxsaylı şikayətlərimiz məhkəmə tərəfindən nəzərə alınmayıb. Məhkəmə iclasında Adil Ağayevə ən ağır cəza verilməsini tələb etsək də, kakim bunu nəzərə almayıb. Adil Ağayevə ən ağır cəzanın verilməsini istəyirik".

 

A.Ağayevin vəkili Vəliəhəd Həbibov isə bildirib ki, Adil Ağayevə təyin edilmiş cəza ağırdır. Onun sözlərinə görə, zərərçəkmiş şəxsin hadisənin baş verməsində bilavasitə rolu olması baxımından, təyin olunan cəza olduqca ağırdır: "Adil Ağayev məhkəmədə ifadə verərkən zərərçəkmiş şəxslə dost münasibətlərində olduğunu, Eyvazın ilk olaraq onu vurduğunu qeyd edib. Adil Ağayev daha sonra ifadəsində bildirib ki, zərərçəkmiş onu təhqir edib, çayxanadan çıxaraq ayrılıblar və sonra yenidən onun olduğu yerə gəlib, mübahisə ediblər. Yalnız bundan sonra üzərində olan bıçaqla Eyvazın sol böyründən və üz nahiyəsindən vurub. Buna görə də müdafiə etdiyim şəxs əməlindən səmimi peşman olub".

 

Müdafiəçi çıxışının sonunda Adil Ağayevə verilən cəzanın daha yüngül cəza ilə əvəzlənməsini istəyib.

 

Tərəfləri dinləyən hakimlər sonda qərarı elan edib. Qərara görə, həm zərərçəkmiş tərəfin, həm də təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

 

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm