Qana qan: qardaşının qisasını qohumunda qoymadı – BİR QƏTLİN TARİXÇƏSİ
Bizi izləyin

Hadisə

Qana qan: qardaşının qisasını qohumunda qoymadı – BİR QƏTLİN TARİXÇƏSİ

Publika.az “Bir qətlin tarixçəsi” rubrikasında qisasçılıq zəminində törədilmiş daha bir qətlin təfərrüatını təqdim edir.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Taleh Hüseynov uzaq qohumu, 1956-cı il təvəllüdlü Rafiq Soltanovu qətlə yetirib. Hadisə ötən il aprelin 17-də, saat 18 radələrində Sabirabad şəhərində baş verib. Taleh Hüseynov qardaşı Şahin Hüseynovun qohumları Rafiq Soltanov tərəfindən bıçaqlandığını eşidib. Bu səbəbdən də R.Soltanovdan qisas almaq qərarına gəlib.

Cinayət...

Bu niyyətini həyata keçirmək üçün Taleh İlham Nəsirovun işlətdiyi, Sabirabad şəhərinin M.S.Ordubadi küçəsində yerləşən çayxananın həyətindəki bağın bayır tərəfində olan Rafiq Soltanovun yanına gəlib.

Bu zaman Rafiqin oradakı tualetin arxa tərəfində əlində bel dayandığını görüb. Yaxınlaşdıqda isə Rafiq bellə ona hücum edib. Bundan daha da hiddətlənən Taleh onu öldürmək qərarını qətiləşdirib...

Bu məqsədlə Taleh Hüseynov Rafiq Soltanovun əlindən beli alaraq sapı ilə onun baş, boyun və kürək nahiyələrinə vurub. R.Soltanov bu zərbələrin təsirindən ölüb.

Taleh Hüseynov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

... Və cəza

Birinci instansiya məhkəməsində işi araşdıran hakim heyəti Taleh Hüseynovun törətdiyi cinayəti tam sübuta yetirib. Məhkəmənin hökmü ilə Taleh Hüseynov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan T.Hüseynov apellyasiya şikayəti verib, əməlinin Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməsini istəyib.

Taleh Hüseynovun şikayəti araşdırılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib və hakim Amil Dosiyevin sədrliyi ilə keçən prosesdə araşdırılıb.

Məhkəmədə çıxış edən T.Hüseynov bildirib ki, özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilmir. O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, cəzasının daha yüngül cəza ilə əvəz olunmasını xahiş edib.

Dövlət ittihamçısı Elnar Hüseynov isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən Taleh Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını deyib. O bildirib ki, T.Hüseynovun törətdiyi cinayət əməli birinci instansiya məhkəməsi tərəfindən tam sübuta yetirilib.

Dövlət ittihamçısının sözlərinə görə, birinci instansiya məhkəməsi cəza təyin olunarkən iş üzrə yüngülləşdirici halları nəzərə alıb və Taleh Hüseynova ədalətli cəza təyin olunub. Bu səbəbdən də o, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını, Taleh Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini istəyib.

Tərəfləri dinləyən hakimlər apellyasiya şikayətini təmin etməyiblər.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm