Somalidə həlak olan azərbaycanlı Göyçayda dəfn olunacaq
Bizi izləyin

Hadisə

Somalidə həlak olan azərbaycanlı Göyçayda dəfn olunacaq

Somalinin paytaxtı Mogadişuda hücumda dünyasını dəyişən azərbaycanlı, Kəmaliyə İsmayılovanın cənazəsi cümə günü günorta saatlarında Somalidən Türkiyəyə yola salınacaq təyyarə ilə gətiriləcək.

Publika.az xəbər verir ki, bu barədə mərhumun qohumu Şahin Yaqubov BBC-yə məlumat verib.

"Sabah Türkiyəyə gələndən sonra onu Azərbaycana gətirəcəklər. Onu elə burda, Göyçayda dəfn edəcəyik", - Şahin Yaqubov hazırda dəqiq vaxtla bağlı rəsmi məlumat gözlədiyini deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev həlak olan azərbaycanlının 33 yaşlı Kəmaliyə İsmayılova olduğunu təqdiqləyib. Cənazənin gətirlməsi ilə bağlı qurum hələ hər hansı rəsmi açıqlanma vermir.

Somali polis mənbələrinə görə, Mogadişuda bir məktəbin xidməti mikroavtobusuna hücum edilib. Nəticədə biri azərbaycanlı olmaqla, türk və Somali vətəndaşları həlak olub.

"Yayda qayıdacaqdılar"

"Xəbəri eşidəndən sonra komaya düşən mərhumun həyat yoldaşı Əflatun İsmayılov artıq ayılıb. Amma vəziyyəti yaxşı olmadığına görə həkimlər onu sakitləşdirmək üçün iynə vurub yatızdırırlar", - Şahin Yaqubov yeznəsinin hələ uşaqları görmədiyini qeyd edib.

"Yayda onsuz da qayıdacaqdılar Türkiyəyə", - deyən Şahin hadisələrin onları qabaqlamasından təəssüfləndiyini deyib.

Hücum zamanı xəsarət alan mərhumun övladları, 11 yaşlı Nihad və 9 yaşlı Nicat İsmayılov qardaşlarının vəziyyəti isə keçirdikləri əməliyyatdan sonra qənaətbəxşdir, - ailənin digər qohumu Zöhrab İsmayılov deyib.

O deyib ki, əslən Göyçayın Ləkçıplaq kəndindən olan Əflatun İsmayılov təhsilini Türkiyədə alıb və 20 ildən çoxdur ki, orda yaşayırdı. Mingəçevirdən olan mərhum həyat yoldaşı Kəmaliyə ilə 2004-cü il ailə qurandan sonra onu da özü ilə birlikdə Türkiyəyə aparıb.

"Orda turizm şirkətində çalışırdı. Əsasən Rusiya, Ukraynadan gələn turistlərlə işləyirdi. Amma Türkiyə-Rusiya münasibətləri gərginləşəndən sonra işi azaldı deyə müqavilə ilə Somaliyə işləməyə getdi", - Şahin Yaqubov yeznəsinin ailə ilə birlikdə bir ilə yaxındır Somalidə yaşadığını deyib.

Onun sözlərinə görə, Mingəçevirdə pedaqogika üzrə təhsil alan Kəmaliyə Somalidə uşaqlarının təhsil aldığı türk liseyində dərs deməyə hazırlaşırmış.

"Göyçayda dəfn olunacaq"

"Kəmaliyənin anası, bacısı da Mingəçevirdən gəliblər burdadır. Xəbəri biləndə vəziyyətləri çox pis oldu", - Şahin mərhumun Göyçayda dəfn olunacağını qeyd edib.

Şahinin dediyinə görə, uşaqların müalicəsinin Türkiyədə davam etdiriləcəyi ehtimal olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm