Şirvanda Türkiyə vətəndaşını yaralayıb pulunu aldılar
Bizi izləyin

Hadisə

Şirvanda Türkiyə vətəndaşını yaralayıb pulunu aldılar

Şirvanda Türkiyə vətəndaşı olan iş adamını yaralayaraq 70 min manat pulunu aparıblar.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə saat 23.30 radələrində baş verib.

“Galaksi” şirkətinin rəhbəri, Türkiyə vətəndaşı, 1959-cu il təvəllüdlü Sedrettin Akkurt idarə etdiyi “Toyota” markalı 90 UJ 559 dövlət nömrə nişanlı avtomobili idarə edərkən quldur basqınına məruz qalıb. Qarşısında velosipedçinin yıxıldığını görən S.Akkurt avtomobili saxlayaraq ona kömək etmək istəyib. Bu zaman arxadan onun başına küt alətlə bir neçə dəfə zərbə endirilib və o, huşunu itirərək yerə yıxılıb. Bundan sonra ona hücum edən şəxs və ya şəxslər avtomobili qaçırıblar. Bir müddət sonra avtomobil Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində yolun kənarında qəzaya uğramış vəziyyətdə tapılıb. Avtomobildə olan 70 min manat pul da yoxa çıxıb.

Sedrettin Akkurt ağır vəziyyətdə Şirvan xəstəxanasına gətirilib. Travmatologiya şöbəsinə kəllə-beyin travması diaqnozu ilə yerləşdirilən iş adamının başına çoxsaylı tikişlər qoyulub.

Hazırda Şirvan polis şöbəsinin əməkdaşları tərəfindən cinayəti törədənlərin tutulması istiqamətində əməliyyata-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm