Məsciddəki qətlin qisası - TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

Məsciddəki qətlin qisası - TƏFƏRRÜAT

Ötən ilin aprel ayında Gürcüstanın Marneuli rayonundakı məsciddə baş verən qətl işinin qisası Azərbacanın Qəbələ rayonunda alındı.

Publika.az xəbər verir ki, Gürcüstanın Qardabani rayonunun Muğanlo kənd sakini Musradin Kadirov həmkəndlisi Oruc Amirastanovu məsciddə qətlə yetirib. Hadisə 15 aprel 2014-cü il tarixdə baş verib. Cinayəti törədən Musraddin Azərbaycana gəlib və Qəbələ rayonunun Zalam kəndində, dayısı Səfər Salahovun evində gizlənib.

Rusiyadan qardaşının yas yerinə gələn Nadir Amirastanov qardaşının qatilini tapıb öldürmək qərarına gəlib. O? qohumu İadqar Bayramovun idarə etdiyi maşınla mayın 9-da Qəbələ rayonunun Zalam kəndinə gəlib. O, kənd yolunun kənarında təsadüfən Musradin Kadırovu görüb.

Nadir Amirastanovla Musrad arasında qardaşı Oruc Amirastanovun qətli ilə bağlı mübahisə düşüb. Nadir Musradin Kadırova ardıcıl bir neçə bıçaq zərbələri endirib. Çoxsaylı xəsarətlər alan yaralı hadisə şahidlərinin köməkliyi ilə Qəbələ rayon mərkəzi xəstəxanasına çatdırlılıb. Həkimlərinin tibbi yardım göstərməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

“Qardaşımın xəstəxanada öldüyünü eşitdim”

Nadir Amirastanov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Nadir Amirastanov elan olunmuş ittihamda özünü qismən təqsirli bilib. O bildirib ki, aprelin 15-dəç 16-na keçən gecə, saat 00:15-də bacısı Nazilə ona zəng vurub və qardaşı Orucun bıçaqlandığını söyləyib: “Xəbəri eşidən kimi Novosibirsk şəhərindən Gürcüstana gəldim. Yolda olarkən qardaşının xəstəxanada ölməsini eşitdim”.

“Qatilin Qəbələdə gizləndiyini fikirləşdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, kəndə gəldikdən sonra qardaşını dəfn edib. Dəfndə qardaşını həmkəndlisi Musradin Kadırovun öldürdüyünü və Azərbaycana qaçdığını eşidib: “Musradinin anası Azərbaycanın Qəbələ rayonundan olub. Buna görə də Musradinin Qəbələ rayonunda gizləndiyini fikirləşdim. Bu barədə Qəbələ rayon polis şöbəsinə Musradinin tutulması üçün məlumat vermək qərarına gəldim. Mayın 8-də taksi sürücüsü İadqar Bayramovla Azərbaycana gəldim, buna görə də ona 100 ABŞ dolları verdim”.

“Qardaşımın qatilini kolluqların arasında gördüm”

Nadir Amirastanov qeyd edib ki, Qəbələ rayonunda yolun kənarında dayanmış yaşlı bir kişidən Zalam kəndinin yerini soruşub: “Həmin yaşlı kişi də Zalam kəndinin istiqamətini mənə göstərdi. İlk növbədə Musradinin Zalam kəndində yaşadığını dəqiqləşdirmək, sonra Qəbələ rayon polis şöbəsinə məlumat vermək istədim. Bu məqsədlə İadqarın idarə etdiyi avtomobillə Zalam kəndinə getdik. Kəndə getsəm də, heç kimi görmədim. Polisə məlumat vermək üçün geri qayıtdanda təsadüfən qardaşımın qatilinin kolluqların arasında gördüm. Buna görə də maşından düşdüm və qardaşımın qətlə yetirməsini aydınlaşdırmaq üçün Musradinə tərəf getdim. Ona dedim ki, qardaşımı sən öldürmüsən? Musradin isə təhqiredici ifadələr işlədərək üzərimə yürüdü. Bu vaxt onunla dalaşmağa başladıq. Özümdə olan bıçaqla Musradinə zərbələr vurdum”.

“Könüllü təslim oldum”

O, ifadəsində qeyd edib ki, Musradini vurandan sonra Qəbələ-Ağdaş avtomagistralına çıxıblar və Qəbələ rayonunun Hacıallı kəndi ərazisində İadqardan ayrılıb: “Sonra cinayətin aləti olan bıçağı və Nokia markalı mobil telefonumu yolun qırağından keçən su arxına atdım. “Sərin Məkan” kimi bildiyim kafeyə üst-başı palçıqlı girdim və masalardan birində əyləşdim. Oradakı şəxslərdən Qırmızı körpüyə getmək üçün taksi lazım olduğunu soruşdum. Tanımadığım şəxslərdən biri taksi çağırdı və əvvəlcə taksi sürücüsündən məni Qırmızı körpüyə apara biləcəyini soruşdum. Lakin Balakən rayonu Gürcüstan sərhədinə daha yaxın olduğumu fikirləşdim və məni həmin rayona aparmasını dedim. Taksi sürücüsü məni Balakən rayonuna aparmaq üçün 150 manat istədi. Həmin məbləğlə razılaşdım. Taksi sürücüsü məni Balakən rayonuna apardı və ora çatanda taksi sürücüsünə 200 ABŞ dolları verdim. Həmin gün Balakən rayonunda qaldım. Gecə gizlənməyin düz olmadığını fikirləşdim və mayın 14-də Qəbələ rayon prokurorluğuna gələrək könüllü təslim oldum”.

“Məsciddə gizləndik”

Zərəçəkmiş Musradin Kadırovun sözlərinə görə, aprelin 15-də Gürcüstanın Qardabani rayonunun Muğanlo kəndində qonşusu Valeranın toyunda dava düşüb: “Dava edənlərdən iki nəfər qaçaraq kəndin məscidində gizləniblər. Həmin vaxt mən də məsciddə olmuşam. Həmkəndlim Oruc Amirastanov və onunla birlikdə 100-ə yaxın kənd sakini sərxoş vəziyyətdə məscidə gəldi. Onlar nalayiq söyüşlər söyməyə başladılar, məscidin qapısını sındırandan sonra içəri girdilər. Məsciddə baş vermiş münaqişə zəminində özüm də bilmədən Oruc Amirastanova 1 dəfə bıçaq zərbəsi vurdum. Bundan sonra məsciddən çıxdım və evə gedərək paltarlarımı dəyişdim. Tanımadığım bir taksi sürücüsü ilə “Qırmızı körpü”yə gəldim. Həmin günün gecəsi Azərbaycan sərhədini keçdim. Bu zaman üstümdə 800 ABŞ dolları məbləğində pul olub. Bakı şəhərində 15 gün tanımadığım müxtəlif otellərdə qalmışam. May ayının əvvəllərində Qəbələ rayonunun Zalam kəndində yaşayan dayım Səfərin evinə gizlənmək üçün gəldim. Nə dayım Səfərə, nə də heç kimə Gürcüstanda adam öldürməyim ilə bağlı bir söz deməmişəm. Onlar öz şəxsi işlərimin olduğunu və bir müddət onlarda qalacağımı dedim”.

“Qardaşını qəsdən öldürmədiyimi dedim”

Zərərçəkmiş qeyd edib ki, dayısı Səfərin evində gizlənməsinə səbəb qətlə yetirdiyi Orucun qohumlarının ondan qisas alacaqlarından qorxması olub: “Mayın 9-da, səhər saat 11 radələrində yuxudan oyanadan sonra çörək yedim. Günorta saatlarında dayım oğlu Əhmədiyyənin mobil telefonu ilə Zalam kəndində tanış olduğum Kərimə zəng etdim. Kərimə mal-qaranı otarmağı gedəndə məni də özü ilə aparmasını xahiş etdim. Təxminən saat 18 radələrində Kərimlə birlikdə Zalam kəndi ərazisində, yol kənarında dayanaraq mallara baxmışıq. 100 metr Qəbələ-Ağdaş avtomagistral yolu tərəfə gedəndən sonra bir neçə inək naxırdan qaçdı. Kərim inəklərin dalınca getdi. Bu zaman Gürcüstana aid qeydiyyat nömrəli Passat markalı bir avtomaşın saxladı. Avtomaşında Orucun qardaşı Nadir Amirastanovu və sürücü İadqarı gördüm. Nadir avtomaşından düşüb mənə yaxınlaşaraq qardaşını niyə öldürdüyümü soruşdu. Ona qardaşı Orucu qəsdən öldürmədiyimi dedim. Nadir Amirastanov bıçağı çıxardaraq mənə zərbələr vurdu. Özümü müdafiə etməyə çalışdım, lakin Nadirin bıçaq zərbələrindən özümü müdafiə edə bilmədim. Nadir bir neçə dəfə bıçaq zərbələri vurduqdan sonra məndən qan gəlməsini gördü və gəldiyi avtomaşınla hadisə yerindən qaçdı. Hadisəni təxminən 20-25 metr aralıda olan Kərim gördü. O, mənə köməklik etdi”.

Məhkəmənin hökmü ilə Nadir Amirastanov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm