Bayrağımızı yandırmaq istədilər – Kiprdə baş verənlərin TƏFƏRRÜATI
Bizi izləyin

İdman

Bayrağımızı yandırmaq istədilər – Kiprdə baş verənlərin TƏFƏRRÜATI

Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Qəbələ” səfərdə "Apollon"la qarşılaşıb. Oyunun sonlarına yaxın "Antonis Papadopulos" stadionunda gərgin anlar yaşanıb. 90+2-ci dəqiqədə rəqib futbolçu Voislav Stankoviçi cərimə meydançasında yıxdığı üçün kiprlilərin qapısına penalti təyin olunub.

Bundan sonra ara qarışıb və bəzi azarkeşlər meydançaya daxil olub.

Topun arxasına keçən Cavid Hüseynov isə hesabı bərabərləşdirib (1:1).

Bundan sonra iki komandanın futbolçuları arasında da insident yaşanıb. Hətta bir neçə azarkeş meydana daxil olaraq "Qəbələ"nin futbolçularına hücum çəkiblər. Hakim komandaları paltardəyişmə otağına göndərib. Ancaq bir qədər sonra hakim tərəfləri geri çağırıb və oyun davam etdirilib.

Baş verənlərlə bağlı “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlının fikirlərini öyrənməyə çalışdıq.

Publika.az-a danışan klub rəsmisi kiprli azarkeşlərin Azərbaycana olan nifrətinin 20 il keçsə də, bitmədiyini deyib:

“Ümumiyyətlə, azarkeşlər oyuna "yaxşı" hazırlaşmışdılar. Komandalarına möhtəşəm dəstəklə bərabər bizim texniki zonanın arxasından su qabı, alışqan, müxtəlif əşyalar atırdılar. İngiliscə, türkcə söyüşlərin sayı-hesabı yox idi. Qol vurandan sonra balaca uşaqlar kənara çıxan topları vermirdilər - bunlar hamısı əsəbiliyə gətirib çıxarırdı. Buna baxmayaraq, futbolçular özlərini itirmədi, start həyəcanı keçəndən sonra oyunumuz alındı, bir neçə qol vəziyyətimiz oldu. Oyunu rəqibdən pis keçirmədik. Meydandan kənarda baş verənləri isə indiyədək heç yerdə görməmişdim - hakimin hər qərarına etiraz, texniki zonadan futbolçularımızın üstünə yerimək cəhdləri, texniki işçilərinin bir neçə dəfə baş məşqçimizin üstünə getməsinə, hətta təhlükəsizlik xidmətinin əməkdaşları da mane ola bilmirdilər. İş o yerə çatmışdı ki, tribunada Ukrayna bayrağı ilə bizi dəstəkləməyə gələn 2 azarkeşi fasilədə məcbur olub bizim rəhbərliyin oturduğu VIP tribunaya göndərdik. İkinci hissənin ortalarında isə bayrağımızı yandırmağa cəhd etdilər, buna müdaxilə etdik, amma polis və təhlükəsizlik xidmətçiləri passivlik göstərdi, tribunaya qalxıb bayrağı onlardan almadılar. Buna görə də həm UEFA nümayəndəsinə, həm də klub rəhbərliyinə etiraz etdik. Hətta meydançadan isinmə hərəkəti edən futbolçular reaksiya verdilər - təbii ki, bunları Kipr televiziyası göstərmirdi. Penalti təyin olunandan sonra isə “Apollon”un ehtiyat skamyası hakimlərin, bizim üstümüzə qaçmağa başladılar. Sanki azarkeşlər də bundan ilhamlandılar. Amma hakim penaltini yerinə yetirməyə imkan verdi. Qoldan sonra daha da azğınlaşdılar. İlk dəfə görürdüm ki, yerli komanda rəqib komandanın ehtiyat skamyasına belə hücum edir. Ona görə də, hakim oyunu saxladı. Konkret komandalar arasında dava düşdü, tuneldə də davam etdi. Təhlükəsizlik xidmətinin köməyi ilə soyunma otağına keçə bildik. Təxminən 15 dəqiqə orda qaldıq. Bundan sonra ara sakitləşdi və oyunun qalan 3 dəqiqəsi oynandı. Stadiondan çıxmağımız ucun də çox güclü təhlükəsizlik tədbirləri görüldü, əks halda oradan sağ çıxmaq mümkün deyildi. Kiprli azarkeşlərin dəfələrlə belə hadisələrinin şahidi olduğumuz ucun deyim ki, gözlənilməz olmadi. Hələ 1995-ci ildə APOEL – “Neftci” oyunu olanda bayrağımızı yandırmaqlarını yada salın. Deməli kiprli azarkeşlərin bizə olan nifrəti 20 il keçsə də, hələ soyumayıb”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm