İdman mətbuatı: “Ən azı bir klubumuz qrupda olacaq” – SORĞU
Bizi izləyin

İdman

İdman mətbuatı: “Ən azı bir klubumuz qrupda olacaq” – SORĞU

Bu gün bizim üçün çox həyəcanlı bir gün olacaq. Axşamı səbrsizliklə gözləyəcəyik. Qulağımız Afinada, gözümüz Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Ellada torpağında “Qəbələ” “Panatinaikos” önündə imtahan verəcək. “Qarabağ” isə Bakıda “Yanq Boyz”un futbolçularına kimin ev sahibi olduğunu göstərəcək. Ümid edirik ki, həm qəbələlilər imtahandan üzüağ çıxacaq, həm də ağdamlılar...

Avropa Liqasında qrup mərhələsinə düşmək üçün bircə oyun qalıb. Son 3 ildə iki dəfə qrup həyəcanı yaşadığımız üçün indiki məqamda buna möcüzə kimi baxmırıq. İnanırıq, hamımız inanırıq ki, bu il Azərbaycan futbolu üçün daha bir yeni səhifə açılacaq. İlk dəfə avrokubokların qrup mərhələsində iki klubla təmsil olunmağı deyirəm. Mümkünsüz deyil. Amma asan da deyil. Bu gün hamını düşündürən əsas suallardan biri məhz belədir: 2015/16 mövsümündə Azərbaycanı Avropa Liqasının qrup mərhələsində neçə klub təmsil edə bilər (və ya edə biləcəkmi)? Bu sualı idman mətbuatının nümayəndələrinə ünvanladıq. Əvvəlcədən deyim ki, cavablardan nikbinlik hiss edəcəksiniz...

Elnur Məmmədli (İdman TV)

“Əslində hər iki klubumuzun Avroliqanın qrup mərhələsində oynamaq şansı var. Təbii ki, bu baxımdan "Qarabağ"ın imkanları daha yüksək qiymətləndirilir. Ağdam klubu səfərdə "Yanq Boyz"u məğlub etməklə işin 70 faizini həll edib. İnanıram ki, Qurban Qurbanovun komandası Bakıda da lazım olan nəticəni qazana biləcək. Bu, heç-heçə də ola bilər. Məncə, "Qarabağ" artıq avrokuboklarda yetərincə təcrübə toplayıb. Ona görə də səfərdə qazanılan 1:0 hesablı üstünlüyü qorumaq komandamız üçün çətin olmamalıdır.

"Qəbələ"yə gəlincə, bu komandanın pley-off mərhələsinə kimi irəliləyəcəyini heç kim gözləmirdi. Hətta komanda qarşısında yalnız 1-ci mərhələni keçmək vəzifəsi qoyulmuşdu. Roman Qriqorçuk bu işlərin öhdəsindən artıqlaması ilə gəldi. "Qəbələ" Bakıda "Panatinaikos"la qolsuz heç-heçə etdikdən sonra qrupa düşmək şansını xeyli azaldıb. Həm də nəzərə almaq lazımdır ki, Yunanıstan klubu "Yanq Boyz"a nisbətən daha təhlükəli rəqib hesab olunurdu. Yunanların avrokuboklardakı təcrübəsi, heyətdə olan futbolçuların ustalıq səviyyəsi bundan xəbər verir. Bir sözlə, "Qəbələ"nin qrupa düşməsi sensasiya olardı. Amma ümid edək ki, bu mövsüm bir çox sürprizlərə imza atan Qriqorçuk bu çətin işin öhdəsindən də gələ biləcək”.

Vüsal Mahmudov (Futbolinfo.az)

“Qarabağ” arxayınlaşmasa, yarıya qədər gördüyü işi bitirməlidir. “Qəbələ”yə də böyük inamım var. Ən azı bir klubumuz qrupda olacaq yəqin”.

Aydın Bağırov (Qol.az)

“Hazırki məqamda "Qarabağ" qrupa düşməyə daha şanslı görünür. Səfərdən sərfəli nəticəylə qayıdan ağdamlıların "Yanq Boyz" səddini keçəcəyinə 60-70 faiz inanıram. Eyni zamanda "Qəbələ"yə də ümid var. Hər halda, Bakıda "Panatinaikos"la 0:0 oynamaq pis nəticə deyil. Səfərdə vurulacaq 1 qol çox şeyi həll edə bilər. Ancaq "Qəbələ"nin işi bir qədər çətin olacaq. Çünki "Panatinaikos" evdə güclü azarkeş dəstəyi altında oynayacaq”.

Kənan Həsənov (“Futbol+” qəzeti)

“Avroliqanın qrup mərhələsinin qapısını açmağa cəmi bir addım qalıb. Pley-offun ilk oyunlarının nəticələrini göz önünə gətirsək, klublarımızın şansları haqda eyni sözləri söyləmək çətindir. Səfərdən sərfəli nəticə - qələbə ilə qayıdan “Qarabağ”ın şansı təbii ki, çoxdur. Hətta mən deyərdim ki, ağdamlıların bir ayağı artıq qrupdadır. Bakıda mümkün qədər ehtiyatlı oynamaq, arzulanan sonluğa çatmaq lazımdır. Şəxsən mən “Qarabağ”ın bu fürsəti qaçıracağına şübhə etmirəm. “Qəbələ”yə gəlincə, əslində 0:0 heç də pis nəticə deyil. Və səfərdə vurulacaq bir qol komandamızın işini xeyli yüngülləşdirəcək. “Qəbələ” bunu bacaracaqmı? Bax, əsas sual budur? Fikrimcə, çox çətin olacaq. Əlbəttə, şans var, amma “Qarabağ”la müqayisədə “Qəbələ” haqda əminliklə danışmaq olmur. Bununla belə, xoş sonluğa ümid edək. Hər iki klubumuz Avroliqanın qrupuna vəsiqə qazansa, sadəcə, möhtəşəm olar. Gözləyək və inanaq!”

Rəşad Ergün (Komanda.az)

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacağına çox inanıram. "Yanq Boyz"un səfərdə minimal hesabla məğlub edilməsindən əlavə, hesab edirəm ki, hazırda "Qarabağ" İsveçrə komandasından daha hazırlıqlı və güclüdür. "Qəbələ"nin "Panatinaikos" səddini keçməsinə isə açığı, möcüzə kimi baxıram. Yunanıstan təmsilçisinin təcrübəsi çox böyükdür və səviyyəsi yetərincə yüksəkdir. Bir sözlə, düşünürəm ki, Avropa Liqasının qrupunda yenə "Qarabağ"ı görəcəyik”.

Pərvin Kazımoğlu (Fanat.az)

"Avropa Liqasının qrup mərhələsində təmsil olunmaq şansımız var. "Qarabağ" ardıcıl ikinci dəfə qrupa düşə bilər. Bunun üçün çoх gözəl şans yaranıb. İlk oyunda qələbə qazanan komanda evdə bu üstünlükdən yararlana bilsə, istəyinə çatacaq. "Qəbələ"nin şansını isə o qədər də çoх görmürəm. Düzdür, evdəki 0:0 hesablı heç-heçə sərfəli nəticə hesab oluna bilər. Amma Afina kimi çətin səfərdə, çılğın azarkeş kütləsinin önündə lazım olan nəticəni qazanmaq asan olmayacaq. Fikrimcə, qrup mərhələsinə bir komandamız çıхa bilər".

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm