“Köhlən atlar” “Bankirlər”i “təpikləməlidir” - Təqibdən qurtarmaq üçün
Bizi izləyin

İdman

“Köhlən atlar” “Bankirlər”i “təpikləməlidir” - Təqibdən qurtarmaq üçün

Azərbaycan Premyer Liqasında 7-ci turun oyunlarına oktyabrın 2-də start veriləcək. Turun oyunları 3 gün ərzində keçiriləcək.

Publika.az 7-ci turun afişasını təqdim edir:

Autsayderlərin böyük əhəmiyyətli oyunu

İlk oyun günündə çempionatın aşkar autsayderləri münasibətlərini aydınlaşdıracaq. Bu qarşılaşmanın aşağı pillələrdəki mübarizə fonunda böyük əhəmiyyəti var. Hər iki komanda demək olar ki, eyni durumdadır. Hər ikisi pulsuz və qələbəsizdir. Hər ikisinin heç bir iddiası yoxdur. Hər ikisinin yalnız bir hədəfi var - ilk qələbəni qazanıb, “zirzəmi”dən qurtulmaq. Əminliklə söyləmək olar ki, bu qarşılaşmada məğlub olacaq komanda çempionatın sonuna qədər lənətlənəcək. Yəqin ki, o komandanın bir də sonuncu pilləni tərk edəcəyi mümkünsüz olacaq.

Statistika nə deyir?

“Rəvan” son 6 qarşılaşmada yalnız 1 qələbə qazanıb. 4 ildir evdə uduzmayan AZAL son 5 görüşdə xal qazanıb.

AZAL - Rəvan: 12 oyun, 4 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət, top fərqi - 16:17.

“Zirə” “Neftçi”ni biabır edəcək?

Oktyabrın 3-də də bir oyun keçiriləcək. “Zirə” - “Neftçi”ni qəbul edəcək. Çempionatın debütantı hələ də məğlubiyyət üzü görməyib. Üstəlik, komanda “Neftçi”dən 3 xal çox toplayıb. Bu qarşılaşmada məğlubiyyət “Zirə”nin nüfuzuna heç bir zərbə vurmayacaq. Baxmayaraq ki, oyun debütant üçün imtahan xarakterlidir. Ancaq “Neftçi” məğlub olsa, bu, “ağ-qaralar” üçün biabırçılıq sayılacaq. “Neftçi” bu oyunda qələbə qazana bilməsə, mövsüm üçün qarşısına qoyduğu hədəflərdən də imtina etməli olacaq. Təbii, belə hədəf olubsa...

Statistika nə deyir?

Bu komandalar indiyədək qarşılaşmayıblar.

“Qəbələ”yə nə mane ola bilər?

Turun qalan 3 oyunu oktyabrın 3-də keçiriləcək. Avroliqadakı təmsilçilərimizdən “Qəbələ” “Xəzər Lənkəran”ı qəbul edəcək. Cənub təmsilçisinin durumu hər kəsə bəllidir. Bu komanda mübarizə aparır, amma nəticə əldə edə bilmir. Zatən, belə durumda güc ancaq mübarizə aparmağa yetər. Güman ki, turdan-tura “Xəzər Lənkəran”ın mübarizə ruhu da itəcək. “Qəbələ”yə bu oyunda qalib gəlməyə yalnız bir amil mane ola bilər - Krasnodar səfərinin gətirdiyi yorğunluq.

Statistika nə deyir?

Son iki qarşılaşmada “Xəzər Lənkəran” xal qazanmayıb. “Qəbələ” son 5 ev oyununda meydanı qolsuz tərk etməyib.

Qəbələ - Xəzər Lənkəran: 26 oyun, 7 qələbə, 6 heç-heçə, 13 məğlubiyyət, top fərqi – 24:36.

“Qarabağ”ı tempdən nə sala bilər?

Avropa Liqasının digər iştirakçısı “Qarabağ” “İnter”in qonağı olacaq. Müflis olmuş “Bankirlər” silahı yerə qoymurlar. Komanda liderin - “Qarabağ”ın ən yaxın izləyicisidir. “Köhlən atlar” bir izləyicidən yaxa qurtarmaq üçün bu tur mütləq “Bankirlər”i “təpikləməlidir”. Yox, “Anderlext”lə oyunun “Qarabağ”a mane olacağını düşünmürük. “Köhlən atlar” Avroliqa eksperimentini 6-cı turda “Neftçi” ilə keçirilən oyunda sınadılar. İndi buna ehtiyac yoxdur. Amma “Qarabağ”a mane ola biləcək amil var. Bu da süni örtükdür. “Qarabağ”ı tempdən yalnız süni ortüklü meydança sala bilər.

Statistika nə deyir?

“Qarabağ” son 4 qarşılaşmada qalib gələ bilməyib. “İnter” öz meydanında keçirdiyi son 9 matçda yalnız 1 dəfə qələbə qazanıb.

İnter – Qarabağ: 43 oyun, 10 qələbə, 15 heç-heçə, 18 məğlubiyyət, top fərqi – 28:47.

Gəncədə o məğlubiyyətləri həzm edə bilərlər, ancaq...

Turun daha bir oyunu Gəncədə baş tutacaq. “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Gəncədə futbola böyük maraq var. Bu da komanda üçün əlavə gərginlik yaradır. “Kəpəz” son iki qarşılaşmada məğlub olub. Gəncəli azarkeşlər evdə “Qarabağ”a, səfərdə “İnter”ə məğlubiyyəti həzm edə bilərlər. Ancaq evdə “Sumqayıt”a məğlubiyyəti qətiyyən. Güman ki, bunu Şahin Diniyev də, yetirmələri də anlayırlar. “Sumqayıt” da Gəncəyə ilk qələbəsini qazanmaq istəyilə gələcək. Bu qarşılaşmada qalib gələn tərəf ortababların arasında, məğlub isə autsayderlərin yanında olacaq.

Statistika nə deyir?

“Kəpəz” indiyədək öz meydanında uduzmayıb. “Sumqayıt” son 5 qarşılaşmada yalnız 1 dəfə meydanı xalsız tərk edib.

Kəpəz – Sumqayıt: 8 oyun, 2 qələbə, 2 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 8:11.

Azərbaycan Premyer Liqası, 7-ci tur

2 oktyabr

19:00 AZAL - Rəvan

Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Nail Nağıyev.

AFFA nümayəndəsi: Sakin Məmmədzadə.

Hakim-inspektor: Şahin Cəfərov.

Bakı. "AZAL Arena"

3 oktyabr

19:00 Zirə - Neftçi

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev.

AFFA nümayəndəsi: Ramiz Mustafayev.

Hakim-inspektor: Məlik Həsənov.

Bakı. Zirə idman kompleksinin stadionu

4 oktyabr

16:00 Kəpəz - Sumqayıt

Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüqar Bayramov, Rəvan Həmzəzadə.

AFFA nümayəndəsi: Eldar Qasımov.

Hakim-inspektor: Xaqani Məmmədov.

Gəncə. Şəhər stadionu

19:00 İnter - Qarabağ

Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Munis Abdullayev, Xəlil Xəlilov.

AFFA nümayəndəsi: Şaiq Həmidov.

Hakim-inspektor: Kərim Ağayev.

Bakı. "İnter Arena"

21:00 Qəbələ - Xəzər Lənkəran

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Yaşar Abbasov, Ziya Nəsirov.

AFFA nümayəndəsi: Abbas Hüseynov.

Hakim-inspektor: Asim Xudiyev.

Qəbələ. Şəhər stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm