NİKBİN RƏY - Rusiya klubuna Bakıda qalib gəlmək olar
Bizi izləyin

İdman

NİKBİN RƏY - Rusiya klubuna Bakıda qalib gəlmək olar

Avroliqanın qrup mərhələsində digər təmsilçimiz “Qəbələ”də növbəti sınağına çıxıb. Roman Qriqorçukun komandası səfərdə Rusiyanın “Krasnodar” klubu ilə üz-üzə gəlib.

Ardıcıl 6 avrokubok matçında uduzmayan “Qəbələ”nin uğurlu seriyası qırılıb. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "Qırmızı-qaralar" ikinci hissənin əvvəlində hesabı bərabərləşdirib. Lakin matçın sonlarına doğru daha bir qol buraxan "Qəbələ" görüşdən layiq olmadığı məğlubiyyətlə ayrılıb (1:2). Bundan başqa, komandamızın iki qolu müxtəlif səbəblərdən qeydə alınmayıb.

Publika.az bu oyunla bağlı deyilən fikirləri diqqətinizə çatdırır:

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk

“Güclü rəqiblə yaxşı mübarizə apardıq. "Krasnodar"ı qələbə münasibətilə təbrik edirəm. Belə bir oyunda uduzmaq çox üzücüdür. Rəqib çox güclü olsa da, "Qəbələ"nin necə oynadığını görə bildik. Birinci hissədə istədiyimiz oyunu sərgiləyə bilmədik. Passiv çıxış etdik. İkinci hissədə isə hücuma atıldıq. Heç-heçə hesabını qoruya bilərdik. Amma hiss edirdik ki, qələbə də qazana bilərik. "Krasnodar" matçın sonlarında düzgün əvəzetmələr etməklə oyunda dönüş yaratdı. Sonradan oyuna qoşulan Fyodor Smolov şansından yaxşı yararlandı, öz səviyyəsini göstərdi”.

“Qəbələ”nin futbolçusu Arif Daşdəmirov

“Matçın əvvəllərində bir az həyəcan var idi. Rəqibə ardıcıl təhlükəli epizodlar yaratmağa imkan verdik. Fasilədən sonra hesabı bərabərləşdirdik və öz oyunumuzu nümayiş etdirdik. İnamlı mübarizə apardıq. Ancaq son dəqiqələrdə qol buraxdıq. Xaldan son anda məhrum olmaq çox üzücüdür. Açığı, “Krasnodar” bizi təəccübləndirmədi. Dodonun sayılmayan qolu haqda birmənalı fikir səsləndirilmədi. Biri dedi ki, həmin epizodda qayda pozuntusu olub, digəri “ofsayd” olduğunu söylədi. Bununla bağlı çox danışmağa ehtiyac yoxdu. Artıq olan olub, keçən keçib”.

“Qəbələ"nin futbolçusu Fakunda Pereyra

“Oyun ərzində şans hər iki komandaya tərəf dönürdü. Qalib gələ bilərdik. Amma Dodonun vurduğu ikinci qolun ofsayd sayılması mənə çatmadı. Belə bir matçdan xalsız ayrıldığımız üçün çox məyusuq. Düşünürəm ki, biz bu matçda zəif çıxış etmədik”.

Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayev

“Qəbələ” pis oynamadı. Bizim klub xüsusilə ikinci hissədə yaxşı təsir bağışladı. "Qəbələ" bir neçə dəfə qol vurmağa yaxın oldu. Amma bəxt komandadan üz döndərdi. Məsələn, Rəşad Sadiqovun tirdən dönən topu yaxşı alınmışdı. "Krasnodar" güclü komandadır. Amma "Qəbələ" onlara istədikləri kimi oynamağa imkan vermədi. Rusiya klubuna Bakıda qalib gəlmək olar”.

“Krasnodar”ın baş məşqçisi Oleq Kononov

“Qəbələ” çox yaxşı komandadır. Yaxşı oyun göstərdi. Sonda qol vurduq. Yenə vura bilərdik. “Qəbələ” irəli atılanda boş zonalar buraxırdı. İlk 20-30 dəqiqədə 2-3 qol vura bilərdik. Bərabər səviyyəli matç keçdi. Biz üç cəbhədə oynayırıq. Dəyişikliklər etməyə məcburuq. Smolovu ehtiyatda saxlamağımın yeganə səbəbi budur”.

"Krasnodar"ın futbolçusu Fyodor Smolov

"Oyundan öncə məşqçilərlə söhbət etdik və belə razılaşdıq ki, mən sonradan meydana çıxım. Qol vurmaq tapşırığı almışdım. Allaha şükürlər olsun ki, buna nail oldum. Rəqibdən belə oyun gözləyirdikmi? Hesab edirəm ki, Avroliqada asan rəqib yoxdur. Düzdür, oyunun əvvəli bizim üçün uğurlu alındı. Asan qələbə qazanacağımızı düşünürdüm. Amma matçın sonluğu çox gərgin keçdi. Yaxşı ki, qələbə qazanmağı bacardıq".

“Krasnodar”ın futbolçusu Odil Axmedov

“Hər üç gündən bir oyuna çıxırıq. Bu üzdən bir az yorğunluğumuz var. İkinci hissəyə bir az arxayın çıxdığımızdan əvvəl oyunumuz alınmadı. Əlbəttə ki, bizə xal qazanmaq vacib idi. Çünki son qarşılaşmalarda ya heç-heçə edir, ya uduzurduq. Bu dəfə qalib gəlmək istəyirdik. Elə ona görə də yekun nəticə önəmli idi”.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm