• USD 1,7000 0,00% EUR 1,8725 -0,17%
    • GBP 2,1844 -0,09% RUB 0,0265 -0,38%

Bakıda şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi - FOTO

  • İdman
  • 6 Oktyabr 2015 22:36
  • 704 Baxış
Bakıda şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi - FOTO

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun təntənəli bağlanış mərasimi keçirilib.

Dünya Kubokunun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədbirdə ilk olaraq gənclər və idman naziri Azad Rəhimov çıxış edib. Nazir bildirib ki, Dünya Kuboku yüksək təşkilatçılıqla yanaşı, güzəştsiz mübarizə ilə də yadda qalıb: "Biz çox sevinirik ki, qonaqlar Dünya Kubokunda yaradılan şəraitdən razı qaldı. 128 şahmatçının iştirak etdiyi turnirdə güzəştsiz mübarizənin şahidi olduq. Özəlliklə finalda möhtəşəm oyun izlədik. Hamıya məlumdur ki, şahmat Azərbaycanda çox sevilir, bu idman növünə böyük maraq var. Ölkəmizdə şahmatın inkişafının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. O vaxtlarda ölkə ərazisində 70-ə yaxın şahmat məktəbi inşa edilib. Hazırda dövlət başçısı İlham Əliyev bu siyasəti uğurla davam etdirir".

A.Rəhimov bildirib ki, gənclərin dünyanın aparıcı şahmatçılarının oyununu izləməsi onların gələcək inkişafında böyük rol oynayır: "Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun çıxışına böyük marağın olması bizi sevindirir. Oyun günlərindən birində 600-ə yaxın tamaşaçının şahmat oyunlarını izləməsi xüsusi vurğulanmalıdır. Dünya Kuboku və Şahmat Olimpiadası kimi mötəbər yarışları Bakıya həvalə etdikləri üçün FİDE rəhbərliyinə təşəkkürümü bildirirəm. İnanırıq ki, Şahmat Olimpiadası da Dünya Kuboku kimi yüksək səviyyədə təşkil ediləcək".

Sonra çıxış edən FİDE prezidenti Kirsan İlyumjinov Bakıdakı Dünya Kubokunun nəticələr baxımından tarixə düşdüyünü dedi: "Bəziləri şahmatda heç-heçələrin çox olduğunu yazır. Amma Bakıdakı Dünya Kubokunda məhsuldar partiyalar çox oldu. Finalda Sergey Karyakinlə Pyotr Svidler tarixi oyunun qəhrəmanlarına çevrildi. Belə final bəlkə 100 il sonra da təkrarlanmayacaq. Çox yüksək performans izlədik. Karyakinlə Svidlerin görüşünün çoxu məhsuldar oldu. Bu final tarixə düşəcək. Belə yüksək səviyyəli Dünya Kuboku təşkil etdiklərinə görə Azərbaycan Şahmat Federasiyasına, Gənclər və idman Nazirliyinə, Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinə təşəkkür edirəm".

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov gələn il Şahmat Olimpiadasının da yüksək təşkilatçılıqla fərqlənəcəyini bildirib. O, FİDE ilə əməkdaşlıq barədə məlumat verib.

Mükafatlandırma mərasimində FİDE prezidenti Dünya Kubokunu yarışın qalibi S.Karyakinə təqdim edib. İkinci yer üçün hazırlanan kubok P.Svidlerə verilib. Reqlamentə əsasən S.Karyakin, həmçinin 96 min dollara sahib çıxıb.

Tədbirin sonunda gələn il sentyabrda Bakıda keçiriləcək Şahmat Olimpiadasının loqosu təqdim olunub. Loqo haqqında məlumat verən Bakı Şahmat Olimpiadası və Dünya Kubokunun Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov mötəbər yarışda 175-ə yaxın ölkənin, 2000-ə yaxın şahmatçının iştirak edəcəyini bildirib. Onun sözlərinə görə, ümumilikdə Bakı 3000-ə yaxın qonaq qəbul edəcək. Şahmat Olimpiadasının loqosunda turnirin keçiriləcəyi Bakı Kristal Zalı əks olunub. M.Məmmədov 2016-cı ildə baş tutacaq Şahmat Olimpiadasının yüksək səviyyədə keçiriləcəyinə inandığını vurğulayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR