Hərbçilərimiz daha 2 medal qazandı
Bizi izləyin

İdman

Hərbçilərimiz daha 2 medal qazandı

Azərbaycan idmançıları Hərbçilərin VI Dünya İdman Oyunlarında daha iki medal qazanıb. Medallardan biri qızıl, biri isə gümüşdür.

Publika.az xəbər verir ki, qızıl medala yunan-Roma güləşçisi Rafiq Hüseynov (80 kq) sahib olub. İlk görüşdə Estoniyadan Hardo Tuts (8:2), ardınca Litvadan Julius Mateuzeviçus (4:0) xalçanı məğlub tərk edib. Yarımfinalda Ermənistan idmançısı Sargis Koçaryanla görüş də Hüseynovun qələbəsi (4:1) ilə nəticələnib. Finalda onun rəqibi Rusiya təmsilçisi Yevgeni Saleev olub. Azərbaycan pəhləvanı rəqibini ilk hissədə təmiz qələbə ilə məğlub edib. Bununla da Hüseynov İlk Avropa Oyunlarının finalında uduzduğu Saleyevdən əvəz çıxıb.

Taekvondoçu Ayğan Tağızadə isə Bakı 2015-də əldə etdiyi qalib titulunu son anda əldən verib. O, finaladək ardıcıl olaraq Lorde Bernard Harkourtu 14:6, Edqar Kontrerası 9:2 və Klaudio Trevisonu 7:5 hesabı ilə məğlub edib. Həlledici görüşdə türk əsilli Almaniya təmsilçisi Hamza Kərim Adnanla döyüşə çıxan A.Tağızadə 5:9 hesabı ilə məğlub olub.

Bununla da Hərbçilərin VI Dünya İdman Oyunlarında Azərbaycanın aktivindəki medalların sayı 10-a çatıb. Daha öncə sərbəst güləş yarışlarında Coşqun Əzimov (70 kq) gümüş, Ağahüseyn Mustafayev (65 kq) bürünc medal qazanıb. Cüdoçulardan Vüqar Şirinli (60 kq) gümüş, Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq) və Elmar Qasımov (100 kq), eləcə də tərkibi onlardan və Tural Safquliyevdən (90 kq) ibarət komanda bürünc medal qazanıb. Taekvondoçu Radik İsayev (+87 kq) də bürünc medalla kifayətlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm