İdman mediamız millimizdən nəticə yox, baxımlı futbol gözləyir - SORĞU
Bizi izləyin

İdman

İdman mediamız millimizdən nəticə yox, baxımlı futbol gözləyir - SORĞU

Sabah AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya stadionunda Azərbaycan və İtaliya milli komandaları qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Artıq qarşılaşmaya 35 min biletin satıldığı deyilir. Bu, italyanlarla 3-cü qarşılaşmamızdır. Maraqlıdır, görəsən idman mediası bu oyunla bağlı nə düşünür? İtaliya - Azərbaycan oyunundan hansı nəticəni gözləyirlər?

Publika.az bununla bağlı qələm əhlinin fikirlərini oxuculara təqdim edir:

Ceyhun Əzizli (Aut.az)

“İtaliya ilə oyunda Azərbaycan yığmasından nəticədən çox, baxımlı və əzmkar oyun gözləyirəm. Çünki Azərbaycan İtaliya yığmasına qalib gələcək gücdə deyil. Biz sadəcə, meydanda əzmkar mübarizə aparmaqla italyanlara başağrısı ola bilərik. Təbii, İtaliya Azərbaycan yığmasına barmaqarası yanaşsa, onları cəzalandırmaq şansımız da olacaq. Ancaq bu cəzanı onlara əzmkarlıq sayəsində verə bilərik. İtaliya müdafiə futbolunun ustası sayılır. Onlar çox qol vurmağı sevmirlər. Amma qol buraxmağı da xoşlamırlar. Bunun üçün rəqibə boşluq demək olar ki, vermirlər. Xüsusən də Azərbaycan kimi yığmalarla oyunlarda. Bu məqamı nəzərə alsaq, İtaliya ilə oyunda qol şansımızın çox az olacağını güman edirəm. Bəlkə də oyun ərzində bir, ya da iki belə məqam əldə edə bildik. Bax, o məqamlardan yararlana bilsək, İtaliyanı həyəcanlandıra bilərik”.

Kənan Məstəliyev (Rekord.az)

“Rəqib İtaliyadır. Yəqin ki, bu iki söz hər şeyi izah edir. Ev, ya səfər, rəsmi, ya qeyri-rəsmi olmasından asılı olmayaraq, bu komanda ilə oyun həmişə çətin olub, olacaq da. Biz yalnız mübarizə apara, döyüşə bilərik meydanda. Məncə, bu oyundan xalla ayrılmaq ehtimalımız çox azdır. Düzdür, futbolda hər şey ola bilər. Nikbin olsaq, bu matçın 0:0 bitəcəyini proqnozlaşdırmaq olar. Mən də elə bu fikirdə qalım. Milliyə uğurlar”.

Əli Sahib (Fanat.az)

“Rəqibin adı hər şeydən xəbər verir - dördqat dünya çempionu. Amma bu o demək deyil ki, biz əl-qolumuzu sallayıb meydana məğlub çıxmalıyıq. Düşünürəm ki, belə olmayacaq. Millimiz nə bacarırsa, onu da edəcək. Reallıq isə budur ki, İtaliya millisinin hədəfi qrup birinciliyidir. Bunun üçünsə mütləq qələbə lazımdır. Düzdür, indiki vəziyyətdə qrup lideridirlər, amma ən yaxın izləyiciləri Norveçdən 2 xal fərqləri var. "Skuadra Adzurra"nın hər-hansı xal itkisi qrup liderliyini təhlükə altına atmaq deməkdir. Oyun haqqında proqnozuma gəlincə, İtaliya millisi şübhəsiz favoritdir və qələbə qazanacaq. Amma millimizin proqnozumu alt-üst etməsinə azarkeşlik edəcəm. Biz bunu bacararıq!”

Amal Abuşov (Sport7.az)

“İtaliya hər zaman nəticəyə oynayan və onu qazanmağı bacaran komandadır. Onlar Bakıya səfərə qədər qrup liderliyini təmin etsəydilər, sürpriz nəticəyə ümidim daha çox olardı. İndiki halda qonaqların iki top fərqiylə qalib gələcəyini düşünürəm. Hücum potensialı güclü olmayan millimizin rəqib qapıya yol tapması çətin görünür. İstənilən halda, Azərbaycan millisi yeni stadionda azarkeşləri və dünyanı təəccübləndirmək üçün sona qədər vuruşmalıdır. Mən də bunu onlardan gözləyirəm və stadiona gedib millilərimizi dəstəkləyəcəm”.

Vüsal Mahmudov (Futbolinfo.az)

“Məncə hesab 0:0 olacaq. İtaliya millisi final mərhələsinə vəsiqəni böyük ölçüdə həll edib. Bu səbəbdən millimizlə oyunda çox güc sərf edəcəklərinə inanmıram. Amma uduzmaq da dünya nəhənginə hörmət gətirməz. Onların sadəcə, 90 dəqiqəni keçirmək üçün meydana çıxacağını düşünürəm. Prosineçkinin rəhbərliyi altında son oyunlarda uduzmayan millimiz də belə nəhəng komandaya qarşı ehtiyatlı oynamağa məcburdur. Qolsuz bərabərliyin hər iki komandanı qane edəcəyini düşünürəm. Bu, ilk dəfə futbol matçını qəbul edəcək “Olimpiya” stadionunun açılışı üçün də əla "hədiyyə" olardı”.

Sənan Abdullayev (Xəzər Tv)

“Düzü, bir var arzu, bir də var reallıq. Arzulayıram ki, komandamız İtaliyanı məğlub etsin. Amma reallıq budur ki, rəqib dünyada 3-4 ən güclü yığmadan biri İtaliyadır. Hə, son 4 oyundakı uğurlarımızı və baş məşqçimizin Berti Foqts olmadığını nəzərə aldıqda nəyəsə ümid etmək olur. Amma fikrimcə, 13 il öncəki kimi hesab 0:2 olacaq. Çünki bu qələbənin önəmi italyanlar üçün yetəri qədərdir. Heç-heçə belə baş ucalığı olar”.

Emin Abbasov (Sportal.az)

“İtaliya bizim millinin yer aldığı qrupda lider olsa da, nəzəri cəhətdən həm Norveç, həm də Xorvatiya millisi onları turnir cədvəlində qabaqlaya bilər. Unutmayaq ki, İtaliya qrupda son oyununu Norveçə qarşı keçirəcək. Ona görə də, İtaliya bizimlə oyunda xal itkisinə yol verməməyə çalışacaq. Digər tərəfdən, İtaliyanın keçirdiyi 8 oyunun nəticələrinə baxsaq görərik ki, bu komanda hələ heç bir rəqibinə 2 topdan çox vura bilməyib. 1:0, 2:1 və 2:0 hesablı qələbələri var bu millinin. İtaliya çox qol vurmaq bacarığıyla seçilən komanda deyil. Lakin onların heyətində Pelle kimi hücumçu var ki, İtaliyadakı oyunda bizə qarşı oynamayıb. Ondan ehtiyat etmək lazımdır, bu forvardı saxlamaq çətin olacaq. Hər halda, heç olmasa heç-heçəyə ümid edirəm. 0:0 və ya 1:1 ola bilər”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm