Tərlan Əhmədovun yubileyi uğursuz alındı
Bizi izləyin

İdman

Tərlan Əhmədovun yubileyi uğursuz alındı

Azərbaycan Premyer Liqasının 8-ci turunda iki məqam diqqət çəkdi. “İnter”lə heç-heçə edən “Sumqayıt”ın futbolçusu Pərdis Fərcad-Azad klub rekordunu təkrarlamaqla tarixə düşdü. Tərlan Əhmədov isə yubiley oyununa çıxdı.

Publika.az xəbər verir ki, “Sumqayıt” – “İnter” matçında meydan sahiblərinin yeganə qoluna imza atan 27 yaşlı hücumçu klubunun ölkə çempionatlarındakı ən yaxşı bombardiri adına şərik çıxıb. “Sumqayıt”ın heyətində Premyer Liqada 18-ci dəfə fərqlənən Pərdis bu göstəricidə Məhəmməd Qurbanova çatıb.

Sonuncu artıq “Gənclik şəhəri” təmsilçisində çıxış etmədiyindən Fərcad-Azad rekordu yeniləmək imkanına malikdir. Komandasındakı 66-cı oyunda buna nail olan Pərdisin orta məhsuldarlığı 0,273-ə bərabərdir. Cari mövsümdə 7 matçda ilk dəfə fərqlənən hücumçu qollarından 9-nu 2012/13 (23 oyun), 6-nı 2013/14 (24 oyun), 2-ni 2014/15 (12 oyun) mövsümlərində vurub.

“Sumqayıt”ın Premyer Liqada 3-cü bombardiri Orxan Əliyevin hesabında isə 14 top var.

8-ci turda “Xəzər Lənkəran”la oyun AZAL-ın baş məşqçisi Tərlan Əhmədov üçün əlamətdar olub. 44 yaşlı mütəxəssis komandasının 1:3 hesabı ilə uduzduğu qarşılaşmada paytaxt təmsilçisini 50-ci çempionat oyununa çıxarıb. Bunadək Premyer Liqada 49 görüşdə AZAL-a rəhbərlik edən Əhmədov 11 qələbə, 15 heç-heçəyə nail olubsa, 24-cü dəfə məğlubiyyətə üzülüb. Onun yetirmələri 44 qol vurub, 64-nü buraxıb. 2013/14 mövsümünün “Bakı” ilə ev oyununda (1:2) AZAL-ın baş məşqçisi postunda debüt edən çalışdırıcı bu vəzifədə 50-yə çatan 4-cü baş məşqçidir.

Belə ki, 11-ci mövsümdür Premyer Liqada çıxış edən AZAL-a bu oyunlarda 10 məşqçi rəhbərlik edib. Onlardan yalnız üçü - Əsgər Abdullayev (87), Vaqif Sadıqov (63) və Nazim Süleymanov (53) paytaxt təmsilçisinin “sükanı arxasında” Əhmədovdan əvvəl 50-ni keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm