Federasiya prezidenti: “İdmançılarımız 5-6 aya yaxındır maaş ala bilmir”
Bizi izləyin

İdman

Federasiya prezidenti: “İdmançılarımız 5-6 aya yaxındır maaş ala bilmir”

Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Avropa Oyunlarından sonra karateyə olan marağın artdığını düşünür.

Federasiya prezidenti Publika.az-a açıqlamasında ilk olaraq karatenin gücündən danışdı:

“İlk Avropa Oyunları bir daha karatenin gücünü, necə gözəl idman növü olduğunu sübut etdi. Karate yarışlarının baş tutduğu zal azarkeşlərlə ağzına kimi dolu idi. Bir sözlə, Bakı-2015-dən sonra karate idman növünə maraq daha da artdı. İndi karatenin gözəlliyindən danışırlar”.

Yaşar müəllim idmançıların Avropa Oyunlarından sonra keçirdikləri yarışlardan söhbət açdı:

“Bu yaxınlarda İstanbulda keçirilən karate üzrə 1 Premyer Liqada İrina Zaretska yarışın qalibi oldu. Həmin yarışda Ayxan Mamayev və Niyazi Əliyev də iştirak etmişdilər. Təəssüflə qeyd edim ki, adını çəkdiklərim mükafatçılar sırasına düşə bilmədilər. Səbəbi isə bəzi idmançılarımızın zədəli olmasıdır. Çünki hələ onlar formasını tam bərpa edə bilməyiblər”.

AKF-nin prezidenti son zamanlar federasiyada yaranan maaş problemi və bunun aradan qaldırılması üçün edilən cəhdlərə də toxundu:

“Düzdür, maddi problemlər yaşadıq. Hələ də yaşayırıq. İdmançılarımız 5-6 aya yaxındır ki, maaş ala bilmir. Ancaq bu müvəqqətidir. Bilirsiniz, dəyişiklik oldu, elə bu çətinlik də ondan yarandı. Amma federasiyadakı bu durum hazırda Gənclər və İdman Nazirliyinin diqqətindədir. Nazir Azad Rəhimov deyib ki, bu federasiya diqqətdən kənarda qala bilməz.

Bankdan bizə bildiriblər ki, federasiyanın yaranan borclarının hamısı ödəniləcək, uşaqların da maaşları mütləq veriləcək. Dediyim kimi, bu müvəqqətidir, bir az vaxt lazımdır”.

Y.Bəşirov daha sonra yeni müqavilə barədə məlumat verdi:

“Təbii ki, Beynəlxalq Bankla yeni müqavilə imzalayacağıq. Amma dəqiq vaxt barədə məlumat verə bilməyəcəm, hələ vaxt dəqiqləşməyib. Amma güman ki, yeni müqavilə 1 il müddətinə olacaq”.

Sonda federasiya rəhbəri qarşıda onları gözləyən yarışlardan da söhbət açdı:

“İndi biz İspaniyanın paytaxtı Madrid şəhərində keçiriləcək beynəlxalq turnirə hazırlaşırıq. Yarış oktyabrın 22-26-da keçiriləcək. Noyabr ayında isə İndoneziyada təşkil ediləcək yeniyetmə və gənclərimizi dünya çempionatı gözləyir. Çoxdandır ki, komandalarımız həmin yarışın hazırlığına başlayıblar. Buradan da vətənə medallarla qayıdacağımıza inanıram.

Əgər karate 2020-ci ildə Tokio olimpiadasının proqramına daxil edilərsə, əminliklə söyləyə bilərəm ki, karate üzrə Olimpiya çempionumuz da olacaq.

Tokiodakı olimpiya oyunlarında iştirak etməsini istədiyim idmançılardan biri də Rafael Ağayevdir. Düzdür, onun 2020-ci ildə 35 yaşı olacaq. Amma inanıram ki, o, formasını o vaxta qədər qoruyub qızıl medal qazana biləcək. Ümumilikdə idmançılarımıza güvənirik”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm