Hansı nəticəyə ümid edək? - SORĞU
Bizi izləyin

İdman

Hansı nəticəyə ümid edək? - SORĞU

Sabah həm “Qarabağ”ı, həm də “Qəbələ”ni Avropa Liqasında çətin sınaq gözləyir. 3-cü turda “Qəbələ” Dortmund “Borussiya”sını qəbul edəcək. Ağdam təmsilçisi isə “Lui II” stadionunda "Monako"nun qonağı olacaq. Hər iki klubumuzun şanslarını dəyərləndirməyə çalışdıq. Buna görə də həm “Qəbələ” - “Borussiya”, həm də "Monako" - "Qarabağ" oyunları barədə ictimai rəyi öyrəndik.

Publika.az mütəxəssislərə və futbolçulara “Qarabağ” və “Qəbələ”nin qarşıdakı oyunlarında hansı nəticəyə ümid edək?” sualıyla müraciət etdi.

Vaqif Sadıqov, AFFA məşqçilər komitəsinin sədri

“Qarabağ” milli çempionatda fərqli heyətlə çıxış edir. Ancaq "Qarabağ" əvvəlki oyunlarda sübut elədi ki, eyni səviyyədə 2 heyətə malikdir. “Qəbələ” mübariz, nizam-intizamlı bir kollektivdir. İnanıram ki, getdikcə “Qəbələ”nin oyununda da dəyişiklik olacaq, güclü bir Avropa klubuna çevriləcək. Bu gün "Qəbələ"də Avropa oyunları zamanı matçın taleyini həll edə bilən futbolçular azdır.

“Qəbələ”nin rəqibi çox güclü komandadır. Komandamız üçün çətin oyun olacaq”.

Əsgər Abdullayev, “Neftçi”nin müşahidə şurasının yeni üzvü

“Həm “Qarabağ”, həm də “Qəbələ” qrup mərhələsinə düşməklə özlərini sübut ediblər. Hər iki klubumuz üçün çətin oyun olacaq. Rəqiblərin heyətləri ulduz futbolçulardan təşkil olunub. Amma vəziyyəti düzgün qiymətləndirmək lazımdır. Hər iki klubumuza uğurlar arzulayıram. İnanıram ki, öz oyunlarını göstərib yaxşı oyun nümayiş etdirəcəklər. Bu oyunlarda ən azından uduzmamaqlarını çox istərdim. Belə olan halda təbii ki, həm qrupdakı mövqeləri yaxşılaşmış olar, həm də ölkəmizin UEFA reytinqindəki xal ehtiyatını zənginləşdirə bilərlər. Bu iki komanda ilə heç-heçələr çox yaxşı nəticə sayılacaq. Amma daha artığına ümid edəcəyik, daha yaxşı nəticə gözləyəcəyik”.

Elxan Abdullayev, millinin məşqçisi

“Öncədən onu qeyd edim ki, “Qəbələ”nin qrup mərhələsinə düşməsi özü böyük uğurdur. Bölgə təmsilçimiz bu günə qədər güclü rəqiblərlə qarşılaşıb və qalib gəliblər. “Qəbələ”nin qrupunda güclü komandalar yer alıb. Dortmund “Borussiya”sı favoritdir. Əgər “Qəbələ” özünəməxsus tərzdə çıxış etsə, oyun keyfiyyətini daha da artırsa, növbəti mərhələyə çıxmaq şansını gerçəkliyə çevirə bilər. İnanıram ki, komanda xal ehtiyatını artıracaq. “Qarabağ”a gəldikdə isə Ağdam təmsilçisi 6 ildir Avropa Liqasında çıxış edir, ötən mövsüm də qrup mərhələsinə düşmüşdü. Bu komandanın sabit heyəti var, futbolçuları uzun müddətdir bir yerdə oynayır. Onların da rəqibi güclüdür. Hər iki klubumuza uğurlar arzulayıram. Təkcə Reynaldo yox, ümumiyyətlə, hər bir futbolçunun zədələnməsi, heyətdən kənarda qalması komanda üçün problem yaradır. Reynaldo kimi oyunçunun belə bir görüşöncəsi birdən-birə sıradan çıxması heç də yaxşı olmadı”.

Qara Qarayev, “Qarabağ”ın yarımmüdafiəçisi

“Bizi çətin oyun gözlədiyini bilirik. İtaliya kimi güclü komandayla ağır oyundan sonra futbolçularımızda həqiqətən də yorğunluq var. Amma bütün gücümüzü qoyub səfərdən yaxşı nəticə ilə dönmək olar”.

Rəşad Sadiqov, "Qəbələ"nin yarımmüdafiəçisi:

“Qrupdan çıxmaq istəyiriksə, hər bir görüşdə mütləq xal qazanmalıyıq. "Borussiya" ilə oyun da istisna deyil. Bakıda bu komandadan xal ala bilərik. Öz oyunumuzu göstərməyə çalışacağıq. Ümid edirəm ki, planlaşdırdıqlarımızı həyata keçirə biləcəyik. “Borussiya”nın necə güclü komanda olduğunu bilirik. Amma biz bu komandadan qorxmuruq. Əlimizdən gələni edəcəyik.

Özümüzə inanırıq. Güclü baş məşqçimiz var”.

İlqar Qurbanov, “Qarabağ”ın futbolçusu

“Bizi çətin səfər oyunu gözləyir. Gözəl futbol göstərməyə və Azərbaycanı layiqli şəkildə təmsil etməyə çalışacağıq. Fransa çempionatında çıxış edən klubların hər birinə qarşı oynamaq çətindir. Çünki onlar fiziki cəhətdən çox güclüdürlər. Biz bütün qarşılaşmalara çıxanda əvvəlcə öz oyunumuzu sərgiləməyi düşünürük. Nəticəni isə meydanda fikirləşirik. Öz oyunumuzu göstərə bilsək, yaxşı nəticə qazanacağıq. Bakıya ya 1, ya da 3 xalla qayıtmağa çalışacağıq. Zədəlilərin olması normaldır. Çünki komandamız həm çempionatda, həm də Avroliqada yaxşı yer üçün mübarizə aparır. Milli komandalara da futbolçularımız gedir. "Qarabağ"da hər bir mövqedə bir-birini əvəz edə biləcək futbolçular var. Heyətimiz genişdir. İnanıram ki, bu itkilər bizə problem yaratmayacaq”.

Rəşad Sadıqov, “Qarabağ”ın kapitanı

“Matça yaxşı hazırlaşmışıq. Bilirik ki, bizi çətin oyun gözləyir. “Monako”ya qarşı komanda şəklində oynamağa çalışacağıq. Kollektiv halda yaxşı oyun nümayiş etdirməli, həm müdafiə olunmalı, həm də hücuma keçməliyik. Rəqibimiz çox ciddidir. Heyətində ulduz futbolçular çıxış edir. Onlara bir anlıq boşluq versək, bizi cəzalandıra bilərlər”.

Qurban Qurbanov, “Qarabağ”ın baş məşqçisi

“Həyatda mümkünsüz heç nə yoxdur. Axıra qədər mübarizə aparacağıq. Uğurlu nəticə əldə etmək üçün meydanda düzgün oynamalıyıq. Futbolçulara inanıram. Zədəlilərimiz olsa da, digər futbolçuların layiqli oyun göstərəcəklərinə əminəm. “Monako” ilə matçın mahiyyətini, məsuliyyətini futbolçularımız yaxşı hiss edir. Ümid edirəm ki, komanda Fransada öz oyununu göstərib, yaxşı nəticə əldə edə biləcək”.

Roman Qriqorçuk, "Qəbələ"nin baş məşqçisi

“Biz klub olaraq çox böyük iş görürük. Bütün bunların hamısı azarkeşlər üçündür. Qarşıda “Qəbələ”ni ağır oyun gözləyir. İstədiklərimizi həyata keçirtməyi bacarmalıyıq. Yəni “Borussiya” ilə oyunda əlimizdən gələnlərdən daha artığını etməliyik. Əlimizdən gələni edib yaxşı oyun sərgiləməyə çalışacağıq. Əsas odur ki, azarkeşlər razı qalsınlar”.

Qeyd edək ki, oktyabrın 22-də saat 20:00-da “Qəbələ” – “Borussiya” matçı start götürəcək. Həmin gün 22:00-da isə “Lui II” stadionunda "Monako" - "Qarabağ" oyunu başlayacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm