Nuru Əliyevin “maşın”ının tökülmüş motorunu yığmaq mümkündür?
Bizi izləyin

İdman

Nuru Əliyevin “maşın”ının tökülmüş motorunu yığmaq mümkündür?

Azərbaycan Premyer Liqasında 9-cu tura oktyabrın 23-də start veriləcək. Turun oyunları 3 gün ərzində keçiriləcək.

Publika.az 9-cu turun afişasını təqdim edir.

“Neftçi” bu “suyu” da içə bilməsə...

İlk oyun günündə cəmisi bir qarşılaşma baş tutacaq. “Neftçi” öz meydanında AZAL-ı qəbul edəcək. Belə zəif çempionatda, belə iddiasız komandaların əhatəsində “Neftçi” artıq 8 turdan sonra çempionluq şansını tamamilə itirib. Əminliklə söyləmək olar ki, “Ağ-qaralar” Azərbaycan çempionatları tarixində növbəti uğursuz mövsümlə yadda qalacaq. İndi komanda avrokuboklara vəsiqə verən yerə - üçüncü pilləyə də aşağıdan yuxarı baxır. “Neftçi” AZAL-la oyunda qalib gəlməklə, heç olmasa bu pillədən çox aralanmamağı hədəfləməlidir. AZAL-a qalib gəlmək isə su içmək kimi bir şeydir. “Neftçi” bu “suyu” da içə bilməsə, komandanın nəinki məşqçilər korpusu, hətta rəhbərliyi də tam tərkibdə istefaya getməlidir.

Statistika nə deyir?

AZAL son 4 ev oyununda yalnız 1 dəfə uduzub. “Neftçi” ardıcıl 4 matçda meydanı qolsuz tərk etməyib.

AZAL – Neftçi: 26 oyun, 5 qələbə, 8 heç-heçə, 13 məğlubiyyət, top fərqi – 21:43.

Gəncəli azarkeşlər yalnız və yalnız qələbə tələb edəcəklər

Oktyabrın 24-də daha iki qarşılaşma baş tutacaq. “Kəpəz” öz meydanında “Xəzər Lənkəran”ı qəbul edəcək. İndi bu komandaların durumunu müqayisə etmək yersizdir. “Ağ-yaşıllar” elə durumdadır ki, onlardan kimsə nəsə ummur. Azarkeşlər də komandanı bu vəziyyətə salanları lənətləməklə, reallığı qəbul edirlər. Amma “Kəpəz”in durumu bir qədər fərqlidir. Yox, Gəncə klubunun var-dövləti başından aşmır. Ancaq onların ən azı meydana buraxmağa futbolçuları var. Heç şübhə yoxdur ki, gəncəli azarkeşlər “Xəzər Lənkəran”la oyunda “Kəpəz”dən yalnız və yalnız qələbə tələb edəcəklər. Şahin Diniyevin komandası bu qarşılaşmada qalib gəlməklə, 3-cü yer uğrunda mübarizə aparan qrupda möhkəmlənməlidir.

Statistika nə deyir?

“Xəzər Lənkəran” əvvəlki 12 oyunun hamısında “Kəpəz”in qapısına qol vurub. Cənublular son 7 qarşılaşmada qol sevinci yaşayıb.

Kəpəz - Xəzər Lənkəran: 12 oyun, 1 qələbə, 1 heç-heçə, 10 məğlubiyyət, top fərqi – 8:20.

Bəhmən Həsənovda o bacarıq yoxdur ki...

Bu tur “İnter”in də işi asan olmalıdır. Axı rəqib qələbə üzünə həsrət qalan “Rəvan”dır. “Rəvan”dakı məşqçi dəyişikliyinin bu komandanın gücünə güc qatacağını güman etmirik. Bəhmən Həsənovda o bacarıq yoxdur ki, zibildən konfet düzəltsin. Güman ki, 5-6 turdan sonra onu da qovub, Vladislav Qədirovu komandaya baş məşqçi təyin edəcəklər. “Rəvan” rəhbərliyi həmişə belə idarəetmə sisteminə güvənib. Əslində buna sistem də demək günahdır. Elə ona görə də Nuru Əliyevin komandası həmişə həvəskar səviyyədə olub. Onun “maşın”ının tökülmüş motorunu yığmaq mümkün deyil. “İnter”in maliyyə durumu nə qədər bərbad olsa da, pis-yaxşı, “Bankirlər”də məşqçi işi, komanda oyunu var.

Statistika nə deyir?

Əvvəlki 8 qarşılaşmanın hamısında qol vuran “İnter” bütün oyunlarda qalib gəlib. Son 6 paytaxt derbisində isə “İnter” 2 və ya daha çox qola imza atıb.

İnter - Rəvan: 8 oyun, 8 qələbə, top fərqi 20-5.

“Sumqayıt”ı “Köhlən atlar”ın təpiyindən nə xilas edə bilər?

Azərbaycanı Avroliqada təmsil edən klublar son oyun günündə meydana çıxacaqlar. Monakodan qayıdan “Qarabağ” Sumqayıta səfər edəcək. Yol yorğunluğu “Köhlən atlar”ın oyununa təsir edə bilər? Bu, mümkün variantdır. Amma “Qarabağ” “Sumqayıt”ı ehtiyat qüvvə ilə də məğlub etməyə qadirdir. Yetər ki, ehtiyatda olanlar məsuliyyətli olsunlar və əsas heyətdə oynamağa hazır olduqlarını nümayiş etdirsinlər. Onda “Sumqayıt”ı “Köhlən atlar”ın təpiyindən heç nə xilas edə bilməz.

Statistika nə deyir?

“Qarabağ” son 3 qarşılaşmada qələbə qazanıb. “Sumqayıt”ın meydanındakı son 3 matçda qonaqlar 1 qələbə qazanıb.

Sumqayıt – Qarabağ: 12 oyun, 3 qələbə, 1 heç-heçə, 8 məğlubiyyət, top fərqi – 6:26.

“Zirə”li futbolçuları çildağa aparmağa ehtiyac olacaq?

“Qəbələ”nin işi isə daha asandır. Roman Qriqorçukun komandası ötən tur məhz “Köhlən atlar”ın ayaqları altında qalan “Zirə”ni qəbul edəcək. Debütantın nağılına “Qarabağ” son qoydu. “Zirə”nin bu məğlubiyyətdən sonra dərhal özünə gələcəyini düşünmürük. Komandada özünəinamı bərpa etmək çətin olacaq. Çünki rəqib Avropa Liqasının qrup mərhələsində oynayan bir komandadır. “Qarabağ”dan gördüyünü görən, əsl rəqibin necə olduğunu hiss edən “Zirə”lilərin canını qorxu almamış deyil. “Qəbələ” də debütantı əzsə, onda “Zirə”li futbolçuları mütləq çildağa aparmalı olacaqlar.

Bu komandalar indiyədək qarşılaşmayıblar.

Premyer Liqa. 9-cu tur

23 oktyabr

18:00 AZAL – Neftçi

Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elman Musayev, Nail Nağıyev

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Məlik Həsənov

“AZAL Arena”

24 oktyabr

15:00 Kəpəz – Xəzər Lənkəran

Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Vüqar Bayramov, Ramil Diniyev

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Fazil Mürşüdov

Gəncə şəhər stadionu

17:00 İnter – Rəvan

Hakimlər: Rəhim Həsənov, Kamran Bayramov, Vüsal Qənbərov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Şahin Cəfərov

“İnter Arena”

25 oktyabr

17:00 Qəbələ – Zirə

Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Munis Abdullayev, Ziya Nəsirov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Məhəmməd Məmmədov

Qəbələ şəhər stadionu

19:00 Sumqayıt – Qarabağ

Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Azər Əsgərov

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Xəlil Xəlilov

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Asim Xudiyev

“Kapital Bank Arena”

Natiq Muxtarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm