5 qat dünya çempionu: “Bu döyüş başqalarından daha fərqli olacaq”
Bizi izləyin

İdman

5 qat dünya çempionu: “Bu döyüş başqalarından daha fərqli olacaq”

Bu gün Serbiyanın paytaxtı Belqradda Kikboksinqin WAKO versiyası üzrə dünya çempionatı start götürüb. Yarış noyabrın 1-dək keçiriləcək. 2 ildən bir təşkil olunan bu mötəbər turnirdə Azərbaycan 25 idmançı ilə təmsil olunacaq.

Dünya çempionatında Azərbaycanı təmsil edən idmançılardan biri də kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidovdur. O, bu yarışa həm məşqçi, həm də idmançı kimi qatılacaq.

AKF-nin gənclər və yeniyetmələr üzrə milli komandanın baş məşqçisi, təcrübəli döyüşçü Publika.az-a müsahibəsində güvəndiyi idmançıların adlarını açıqladı. Həmçinin o bildirdi ki, tələbələri ilə birlikdə yarışdan nəticə ilə qayıtmaq istəyir.

- Ehram müəllim, dünya çempionatına həm idmançı, həm də məşqçi kimi qatılmısınız. Ümumi hazırlıq durumu necədir?

- Şükürlər olsun ki, hazırlıq durumumuz yaxşıdır. Demək olar ki, bu il – 2015-ci ildə dayanmamışıq - Məşqlər, yarışlar... Bizim heyətdə təcrübəli idmançılar çoxdur. Bunlar dünya və Avropa çempionlarımızdır. Çingiz Əhmədzadə, Anar Məmmədov, Ramiz Məmmədov, Eduard Məmmədov, Ramal Aslanov kimi titullu idmançılarımız var. Hazırlıq səviyyəmiz yüksəkdir. İnanıram ki, bu dünya çempionatında bizim kimi güclü, texnikalı idmançılarla qarşılaşmayacağıq. Öz təcrübəmizdən istifadə edib döyüşlərdə qələbə qazanacağıq.

- Bu yarışa həm idmançı hazırlamaq, həm də döyüşçü kimi hazırlaşmaq çətin deyildi?

- Əlbəttə, çox çətinlik yaradırdı. Mən bu dünya çempionatına əsas məşqçi kimi gedirəm, sonra idmançı... Bu il gənclərin Avropa çempionatında qələbə qazandığımız kimi, burada da nəticə verəcəyimizə ümid edirəm. Gənclər arasında Avropa çempionatında döyüşmüş idmançılarımız var ki, indi onlar kişilər arasında dünya çempionatına qatılıb. Mən də onlara nəzarət edirəm.

Bildiyiniz kimi, mənim müəllimim Çingiz Eyvazovdur. Biz ounla dəfələrlə dünya və Avropa çempionatlarında iştirak edib nəticələr vermişik. Amma baş məşqçi Elşən Əbdülrəhimovun da bizim üzərimizdə əziyyəti var. Bir sözlə, bu yarışa hazırlıq səviyyəmiz başqalarından daha fərqli, daha yüksəkdir.

İdmançılarımızın sayında da artım var, illər keçdikcə sayımız daha da çoxalır.

- Rəqibləriniz haqda nə düşünürsüz?

- Rəqiblərim haqqında kifayət qədər məlumatım var. Bunlar içərisində əlbəttə ki, mənə çətinlik yaradacaq rəqiblər də var. Amma inanıram ki, nə qədər güclü idmançılar olsa da, mən öz təcrübəmdən istifadə edəcəyəm. Özümə inanıram. İnanıram ki, inşallah tələbələrimlə bərabər özüm də vətənə medalla qayıdaram. Onu da bildirim ki, mən +94 çəkidə döyüşəcəm. Ən ağır çəkidə... İnşallah “Kiklayt” stilində vuruşacam.

- Bu dünya çempionatında bir məşqçi kimi xüsusi olaraq güvəndiyiniz tələbələr varmı?

- Çingiz Əhmədzadə bu il 51 kq-da Avropa çempionu olub. İndi “K-1” stilində döyüşəcək. Anar Məmmədov (51 kq) keçən il gənclər arasında dünya çempionu olub. Bu il də dünya çempionatında “loukik” stilində döyüşəcək.

Ramiz Məmmədov dünya və Avropa çempionudur. İnanıram ki, bu il də dünya çempionu titulunu qazanacaq. Bundan əlavə Ramal Aslanov, Zöhrab Əzimov, Emil Möhsümzadə kimi idmançılarımız var ki, onların nəticə verəcəyinə inanıram.

- Zədə problemi olan idmançılar var?

- Avropa çempionumuz Ruslan Musayevin (57 kq) ayağında bir az zədəsi var. 10 gün olar əmələ gəlib. İnşallah bu zədəni qoruya-qoruya dünya çempionatında döyüşəcəyik. Ruslan özü gənc olsa da, təcrübəli idmançıdır. Gənclər arasında Avropa çempionudur. Bu il kişilər arasında dünya çempionatında ilk dəfə döyüşəcək və onun da yaxşı nəticə verəcəyinə inanıram. Ümid edirəm zədəsi ona problem yaratmaz, çünki mən ondan qızıl medal gözləyirəm.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm