Gəncədə Diniyevə qarşı arxadan zərbə planlaşdırılır?
Bizi izləyin

İdman

Gəncədə Diniyevə qarşı arxadan zərbə planlaşdırılır?

Azərbaycan Premyer Liqasında ikinci dövrə sabah start götürəcək. 10-cu turun bütün oyunları eyni gündə - oktyabrın 28-də keçiriləcək.

Publika.az 10-cu turun afişasını təqdim edir.

Yüz Bəhmən Həsənov da gəlsə...

Ötən tur xal itirən Avroliqa iştirakçıları - "Qarabağ" və "Qəbələ" bu dəfə çətinliklə üzləşməməlidilər. Bəli, rəqiblər autsayderlər sırasında qərarlaşıb. Ancaq bu, əsas deyil. Əsas ötən tur alınan dərsdir. Məhz bu dərsi nəzərə alaraq, şərikli liderlərin növbəti dəfə xal itirəcəyini güman etmirik. "Qarabağ" çempionatda hələ də qələbə üzünə həsrət qalan "Rəvan"ı qəbul edəcək. "İnter"lə oyun göstərdi ki, Emin Quliyevin Bəhmən Həsənovla əvəzlənməsi "Rəvan"ı dirçəltmək gücündə deyil. "Rəvan"ın "xəstəliyi"nin kökü baş məşqçi probleminə bağlı deyil. Komandanı kasad düşüncəyə sahib həvəskarlar idarə edir. İdarəetmə sistemindəki nöqsanlar həllini tapmayana qədər yüz Bəhmən Həsənov da gəlsə, "Rəvan"a nicat yoxdur. "Qarabağ"ın isə bu oyunda xal itirməyə haqqı çatmır. İstər meydana əsas, istərsə də ehtiyat qüvvə buraxılsa belə. "Köhlən atlar"ın ehtiyat qüvvəsi "Rəvan"a da qalib gələ bilmirsə, demək o futbolçuların yeri səhv düşüb. "Qarabağ"da yeri səhv düşən var? Cavab üçün "Rəvan"la oyunu gözləyək.

Statistika nə deyir?

“Qarabağ” son 3 oyunda qələbə qazanıb. “Rəvan” əvvəlki 9 qarşılaşmada qalib gələ bilməyib. Paytaxt təmsilçisi 4 səfər oyununda cəmi 1 qol vurub.

Qarabağ - Rəvan: 9 oyun, 5 qələbə, 4 heç-heçə, top fərqi – 16:6.

AZAL-ın növbəti qəhrəmanlıq üçün şansı yoxdur?

Avropa Liqasının digər iştirakçısı "Qəbələ" bu tur AZAL-ı qəbul edəcək. "Təyyarəçilər" ötən tur "Neftçi"yə qalib gəlsələr də, bu tur nəyəsə ümid etməməlidirlər. Dedik axı, "Qəbələ" "Sumqayıt"la oyunda xal itirb. AZAL-ın növbəti dəfə qəhrəmanlıq etmək üçün heç bir şansı yoxdur. Həvəsdi, bəsdi. "Sumqayıt"la oyunda alınan dərs bir yana, güman ki, futbolçulara Roman Qriqorçuk da dərs verib. Üstəlik, Avroliqa qarşılaşmasına da hələ xeyli var. Demək, AZAL-la oyunda meydanda bütün qüvvəni qoymaq olar.

Statistika nə deyir?

“Qəbələ” ardıcıl 2 quru hesablı qələbə qazanıb. Son 7 oyunda meydan sahibi olan tərəf qalib gəlməyib. AZAL son 3 səfərdə məğlub olmayıb.

Qəbələ – AZAL: 23 oyun, 7 qələbə, 7 heç-heçə, 9 məğlubiyyət, top fərqi – 25:32.

Dərd orasındadır ki, "Neftçi"i rəhbərliyi də...

Gündən-günə vəziyyəti ağırlaşan "Neftçi" bu tur "İnter"i qəbul edəcək. "Ağ-qaralar"ın həm oyun, həm də psixoloji planda ciddi problemləri var. Aşkar hiss olunur ki, indiki heyətin əksər üzvləri "Neftçi"də oynamağın məsuliyyətini başa düşmür. Futbolçuları qınamaq olmaz. Onlar bu məsuliyyət hissini "Neftçi"nin rəhbərliyindən əxz etməlidir. Dərd orasındadı ki, "Neftçi"i rəhbərliyi də hansı kluba başçılıq etdiyinin məsuliyyətini hiss etmir. "İnter" isə çətin duruma rəğmən, hələ ki, adından söz etdirir. Zaur Svanadze futbolçularını kökləməyin yollarını yaxşı bilir. "Bankirlər" bu oyunda qalib gəlsələr, "Neftçi"nin nokauta düşməsi qaçılmaz olacaq. Çətin ki, "Ağ-qaralar" mövsümün sonuna qədər bu nokautdan ayıla bilsinlər.

Statistika nə deyir?

“İnter” ardıcıl 4 qələbə qazanıb. Son 3 qarşılaşmada qol vurmayan “Neftçi” 8 oyundur paytaxt derbisində qalib gələ bilmir.

Neftçi – İnter: 44 oyun, 19 qələbə, 13 heç-heçə, 12 məğlubiyyət, top fərqi – 61:45.

Sözümüzü qəribçiliyə salmayın, "Kəpəz"i izləyin!

Turun maraqlı qarşılaşmalarından biri Zirədə baş tutacaq. "Zirə" "Kəpəz"i qəbul edəcək. Hər iki komandanın 3-cü yer uğrunda mübarizə apardığı aydındır. "Zirə" "Qarabağ"a sarsıdıcı məğlubiyyətdən sonra özünə tez gəlməyi bacardı. Qəbələdən gətirilən bir xal da bunun göstəricisidir. "Kəpəz" isə qələbələri sıralayır. Ancaq bu o demək deyil ki, gəncəlilərin problemi yoxdur. Var, özü də xeyli. Elə "Xəzər Lənkəran"la oyundan sonra Şahin Diniyev xeyli problem sadalamışdı. Və məlum olmuşdu ki, hətta həvəskar komandalarda olan şərait də "Kəpəz"də yoxdur. Bu, artıq SOS siqnalıdır. "Kəpəz" sabun köpüyü kimi dağıla bilər. İki-üç məğlubiyyət bunu qaçılmaz edəcək. Güman ki, bu açıqlamadan sonra Diniyevə qarşı arxadan vurulacaq zərbə də planlaşdırılacaq. Sözümüzü qəribçiliyə salmayın, "Kəpəz"i izləyin!

Statistika nə deyir?

Komandalar arasında yeganə oyun cari mövsüm baş tutub. Həmin matçda hərəyə 1 qol vuran rəqiblər 1 xalla kifayətlənib. Rəqiblər ilk dəfə Bakıda üz-üzə gələcək.

Bərabər qüvvə, fərqli əhval-ruhiyyə

Turun daha bir qarşılaşması Lənkəranda keçiriləcək. "Xəzər Lənkəran" "Sumqayıt"ı qəbul edəcək. Komandaların durumu demək olar ki, bərabərdir. Amma bu oyuna fərqli əhval-ruhiyyədə çıxacaqlar. "Ağ-yaşıllar" Gəncə səfərindən əliboş qayıdıbsa, "Sumqayıt" "Qarabağ"a qalib gəlib. Güman ki, meydanda bərabər mübarizə gedəcək. "Xəzər Lənkəran" nə qədər ağır durumda olsa da, öz meydanında əzmkar mübarizə ilə yadda qalır. "Sumqayıt"ın əzmi isə o qədər də möhkəm deyil. Bircə zərbə və...

Statistika nə deyir?

“Sumqayıt” son 6 matçda meydanı qolsuz tərk etməyib. Son 3 qarşılaşmada meydan sahibi olan komanda uduzmayıb.

Xəzər Lənkəran – Sumqayıt: 15 oyun, 7 qələbə, 5 heç-heçə, 3 məğlubiyyət, top fərqi – 24:17.

Azərbaycan Premyer Liqası, 10-cu tur

28 oktyabr

19:00 Qarabağ – Rəvan

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Vüsal Əliyev

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

17:00 Xəzər Lənkəran – Sumqayıt

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Füzuli Nəcəfov

“Xəzər Lənkəran” mərkəzi stadionu

19:00 Neftçi – İnter

Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Rza Məmmədov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Əhmədağa Cabbarov

“Bakcell Arena”

17:00 Zirə – Kəpəz

Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Kamran Bayramov, Nail Nağıyev

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Gülağa Cabarov

Zirə İdman Kompleksinin stadionu

17:00 Qəbələ – AZAL

Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Vaqif Musayev, Xəlil Xəlilov

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Xaqani Məmmədov

Qəbələ şəhər stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm